İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Qarabağın keçmiş separatçılarına ciddi zərbə

Fikrət Yusifov: “O, Qarabağ klanının kökünü kəsmək, “operativ qərargah” adı altında bir mərkəzdə cəmləşməsinin qarşısını almaq istəyir"

Özünü buraxmış qondarma “Artsax”ın Ermənistandakı “operativ qərargahı” öz fəaliyyətini dayandırır.  Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. “Qərargah” bəyan edib ki, Qarabağdan köçüb gələn ermənilərin problemlərilə Ermənistan Hökumətinin Humanitar Mərkəzi məşğul olur.

Qarabağ erməniləri istənilən məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 saat fəaliyyət göstərən “114 qaynar xətti”nə zəng edə və ya Vahid Sosial Xidmətin ərazi (vilayət) mərkəzləri ilə əlaqə saxlaya bilərlər. “Buna görə də İrəvan şəhəri Abovyan küçəsi 9 ünvanında fəaliyyət göstərən ”operativ qərargahımız" öz işini dayandırır", - deyə “qurum” bildirib.  

Bəs, bu hadisə rəsmi İrəvanın hansı planından xəbər verir? Paşinyan bununla “Artsax” problemini ölkəsindən həm də bu şəkildə uzaqlaşdırmağı hədəfləyir? Ola bilərmi Nikol Paşinyan ona rəqib olan Qarabağ klanının, qarabağlıların bir mərkəzdə cəmləşməməsi üçün qərargahın bağlanmasını istəyib?

Fikrət Yusifov: “2015-ci ilin sonlarında hökumətin start verdiyi iqtisadi  islahatlar artıq öz nəticələrini verməyə başlayır” | Kaspi.az

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, sentyabr ayınının 19-da Azərbaycan Ordusunun Qarabağ torpaqlarımızda erməni hərbi-quldur dəstələrini tərksilah etmək üçün keçirtdiyi lokal antiterror tədbiri erməni toplumunu bütövlükdə qəflət yuxusundan ayıltdı. Nə Ermənistanda, nə xaricdə, nə də Qarabağda yaşayan ermənilər hadisələrin bu şəkildə inkişaf edəcəyini ağıllarından belə keçirdə bilməzdilər. Ancaq haqq gec də olsa həmişə öz yerini tapır.

Azərbaycan Ordusu bir sutka ərzində ermənilərin 35 illik miatsum xəyalını öldürdü və onu dəfn etdi: “Heç bir erməni ağlına belə gətirə bilməzdi ki, Qarabağda yaşayan erməni toplumu bir neçə gün ərzində bu torpaqları bir nəfər kimi tərk edəcək - torpaqlarımızda yaratdıqları qondarma quruma başçılıq etmiş üç yaramaz və onlara züy tutan digər iri ”fiqurlar" bir sutkalıq antiterror əməliyyatından sonra Bakıda Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında oturub sonrakı talelərini gözləyəcəklər. Lakin bütün bunlar baş verdi. Heç şübhə etmirəm ki, qarşıda bizi daha böyük hadisələr gözləyir. Xocalı qatili olan Sarkisyanlar, Koçaryanlar, Ohanyanlar, Balasanyanlar da tezliklə bu gün Bakıda dustaq statusu ilə təcridxanada saxlanılan qatil yoldaşlarının yanında oturacaqlar. Bu dediklərimizə sadəcə söz kimi baxmaq lazım deyil. Çünki hadisələrin inkişaf trayektoriyası buna doğru aparır.

Qarabağ torpaqlarımızda antiterror əməliyyatlarından sonra Ermənistana qaçmış separatçı rejimin son başçısının yaratdığı “Artsax”ın Ermənistandakı “operativ qərargahı”nın fəaliyyətinin dayandırması barəsindəki qərar da sıradan bir addım deyil. Bu qərar onu deməyə əsas verir ki, Paşinyan hökuməti Ermənistan ərazisində Qarabağla bağlı bütün söz-söhbətin kökünü birdəfəlik kəsmək niyyətindədir".

Sabiq nazirin sözlərinə görə, Nikol Paşinyan yaxşı başa düşür ki, Qarabağdan gəlmiş separatçılar onun hakimiyyətinə ciddi problemlər yarada biləcək bir qüvvədir. Digər tərəfdən İrəvanda bu separatçıların fəaliyyətini əsaslı şəkildə dəstəkləyə biləcək, böyük maliyyə imkanları və Moskvadan dəstəyi olan Köçəryan-Sərkisyan klanı mövcuddur. Elə buna görə də Paşinyan bu gün daxildən və xaricdən siyasi və maliyyə dəstəyi olan Qarabağ klanının kökünü kəsmək, bir “operativ qərargah” adı altında bir mərkəzdə cəmləşməsinin qarşısını almaq istəyir: “O yaxşı başa düşür ki, bu klanın kökü kəsilməzsə və bu klanın toparlanmasına imkan verilərsə Ermənistanın bir dövlət kimi varlığı həmişə təhlükə altında olacaqdır. Və deməliyik ki, bu məsələdə Paşinyanın mövqeyi  pozitivdir. O erməni xalqının ”artsax" xəstəliyi ilə zəhərlənmiş beyninin yuylub təmizlənməısini istəyir. İstəmir ki, ölkəsində  Köçəryan və Sərkisyan klanı nə vaxtsa onun qarşısında bir ciddi əngələ çevrilsin.

Bütün bu dediklərimiz belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlandıqdan sonra Paşinyan Azərbaycan hökumətinin tələbi ilə Azərbaycan vətəndaşı olmuş və  Azərbaycan torpaqlarında cinayət törətmiş Sərkisyanları, Köçəryanları, Ohanyanları, Balasanyanları və başqa cinayətkar yanların hamısını Azərbaycana təhvil verəcək. Rusiyanın da bu məsələdə loyal mövqe tutacağı gözləniləndir. Çünki Rusiya Paşinyan hakimiyyəti dönəmində tam anladı ki, Köçəryan-Sərkisyan cütlüyü artıq Ermənistanda siyasi ölü statusundan başqa heç nəyə sahib deyil. Bu səbəbdən Rusiya onların Azərbaycana təhvil verilməsinə qarşı çıxmayacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR