İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Türk birliyinə “xod” edir - SƏBƏBİ nədir?

Şəhla Cəlilzadə: “Moskva, Vaşinqton, Brüssel kimi, Astana da sülh danışıqlarının güzərgahlarından biri ola bilər”

“Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev 15 apreldə Ermənistana səfər edərək Paşinyanla görüş keçirib. İlk baxışda görüş iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına həsr olunub. Bununla yanaşı, qeyd olunub ki, nəqliyyat dəhlizlərinin formalaşması ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ təşkil edəcək. Məsələyə daha dərin yanaşdıqda aydın olur ki, bir tərəfdən Qərb, digər tərəfdən Şərq Ermənistana “Orta Dəhliz”in mühüm parçasını təşkil edən Zəngəzur dəhlizinin açılması üçün təzyiq göstərir və onu “şirnikləndirirlər”. Belə ki, 5 apreldə baş tutan Brüssel görüşündən sonra keçirilən brifinqdə bəyan olunduğu kimi, ABŞ və Aİ təmsilçiləri də “Orta dəhliz”in, regional kommunikasiyaların açılmasının faydalarını Ermənistana çatdırırdılar. İndi isə bunda maraqlı olduğunu və dəhliz açılarsa, Ermənistanın da qazanclı çıxacağını bildirmək vəzifəsi Tokayevdədir”.

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə deyib.

sehla son.jpg (273 KB)

O vurğulayıb ki, Qazaxıstan və Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü olsalar da, Qazaxıstanın 2023-cü ildə Ermənistanla ticarət dövriyyəsi 53 milyon dollar idisə, Azərbaycanla ticarət dövriyyəsi 530 milyon dollar olub, yəni 10 dəfə çox:

“Bundan əlavə, Qazaxıstan Ermənistanla vahid hərbi-siyasi blokda yer alsa da, ölkəmizin haqq mübarizəsini hər zaman dəstəkləyib. Qazaxıstan enerji nəqlinin diversifikasiyasına yönəlik siyasət yürütməkdədir və qazax neftinin Xəzər üzərindən Qərbə nəqlinin artırılması gündəmdədir. Həmçinin Mərkəzi Asiya ilə Qərb (Avropa) arasında digər enerji daşıyıcılarına dair əməkdaşlığın da genişləndirilməsi, o cümlədən elektrik tranzitinin artırılması müzakirə olunur ki, bütün bunlar Ermənistanın dəhliz olaraq fəaliyyətə başlamasını labüd edir. Bunun üçün Ermənistanın faydalanacağı məqamlar diqqətə çatdırılmalıdır ki, keçirilən görüşün mahiyyəti əsas olaraq bu idi”.

Ekspert bildirib ki, bütün bunlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh gündəliyinə paralel olaraq inkişaf edəcəyinə görə, bu prosesdə maraqlı olan tərəflər özlərinin vasitəçilik imkanlarını da təklif edirlər:

“Bu baxımdan Tokayevin Paşinyanla görüşdə Astananı sülh platforması olaraq təqdim etməsi qeyri-adi qarşılanmamalıdır. Moskva, Vaşinqton, Brüssel kimi, Astana da sülh danışıqlarının güzərgahlarından biri ola bilər. Xüsusilə son dövrlərdə siyasi ritorikada tez-tez istinad olunan Alma-Ata bəyannaməsi (1991) Qazaxıstanda imzalanmışdı, odur ki, yeni regional nizamın müəyyənləşdirici sənədinin də region dövlətlərindən birində imzalanacağı gözləniləndir. Lakin burada uzlaşdırılması lazım olan iki mühüm amil var – sərhədlərin delimitasiyası (kəndlərin taleyi) və kommunikasiyalara nəzarət (eksterritoriallıq). Bu məsələlərdə razılıq əldə olunmazsa, sülh gündəmini təxribatlar və toqquşmalar əvəz edəcək ki, bu, qaçılmazdır. Maraqlıdır ki, görüşdə Tokayev Paşinyanın “Sülh yolayrıcı” təşəbbüsünü dəstəklədiyini bəyan etməklə, kommunikasiyalar üzərində nəzarət məsələsində Ermənistanın tezislərinə tərəf olduğunu bildirib, yəni “kommunikasiyalar hansı dövlətin ərazisindən keçəcəksə, o dövlət orada nəzarət haqqına sahib olmalıdır”. Beləliklə, artan qlobal təlatümlər fonunda Ermənistan-Azərbaycan normallaşması və regional kommunikasiyaların açılmasının həm Şərq, həm Qərb tərəfdən dəstəkləndiyini görürük”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR