İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “soyqırımı” iddiasını dəfn edir - hiyləgər gediş, yoxsa...

Yusif Bağırzadə: “Toplum onun hakimiyyətinin Türkiyə ilə münasibətlərinə şübhəli yanaşır”

Türkiyənin Ermənistanla əlaqələrinin tam həcmdə bərpası üçün əsas şərtlər bəllidir. İrəvan öncə Bakı ilə anlaşmalı, yəni sülh müqaviləsi imzalamalı, həmçinin saxta “soyqırımı” və qonşu ölkələrə qarşı konstitusion ərazi iddialarından imtina etməlidir. Lakin Nikol Paşinyan hökuməti bu yöndə müəyyən cəhdlər etsə də, qulağa xoş gələn bəyanatlar versə də, hələ ki real iş gözə dəymir.

“Biz "erməni soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin nə üçün baş verdiyini başa düşməliyik".

Bunu Nikol Paşinyan keçən həftə İsveçrədə erməni diasporunun üzvləri ilə görüş zamanı deyib.

O, “erməni soyqırımı” iddiasının tarixinin və necə ortaya atılmasının araşdırılmalı olduğunu bildirib: “Biz bu məsələni necə və kimin köməyi ilə qəbul etdiyimizi bilməliyik. Necə olur ki, 1939-cu ildə bu mövzudan, ümumiyyətlə, heç yerdə bəhs edilmir, amma 1950-ci ildə anidən gündəmə gəlir? Aydınlaşdırılmalıdır”.

Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Türkiyənin NATO koalisiyasına qoşulduğu ərəfədə “erməni soyqırımı” iddiasının sovet zamanında qəsdən ortaya atıldığını və şişirdildiyini demişdi. Bu yaxınlarda isə o, “soyqırımı” qurbanlarının adbaad siyahısının çıxarılmasının vacibliyindən danışmaqla faktiki saxta iddianı şübhə altına almışdı.

Həmçinin ötən il Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni “soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının İrəvanın xarici siyasətində prioritet olmadığını söyləmişdi.

Xatırladaq ki, rəsmi Ankara 1915-ci ildə Osmanlıda baş verənlərin ədalətli araşdırılması üçün Ermənistana beynəlxalq mütəxəssislərin də təmsil olunduğu ortaq komissiya yaratmağı, Türkiyə və Ermənistan arxivlərini açmağı təklif edib. Onu da bəyan edib ki, komissiya hansı qərara gəlsə, Ankara onu qəbul etməyə hazırdır. Ancaq İrəvandan səs çıxmayıb. Bu dəfə, nəhayət, səs çıxacaqmı? Yoxsa Nikol Paşinyan yenə blef edir?     

Yusif Bağırzadə: Xalqımız kimin kim olduğunu yaxşı bilir- ÖZƏL

Yusif Bağırzadə       

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Nikol Paşinyanın zaman-zaman bu mövzuya toxunmasının arxasında təbii ki, konkret məqsədlər dayanır: “Paşinyan kifayət qədər yaxşı başa düşür ki, Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Paşinyan onu da yaxşı bilir ki, uzun bir dövr ərzində erməni ictimai şüurunda soyqırımı iddiaları ilə bağlı aparılan təbliğat Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mənfi təsir edir. Həm Türkiyə tərəfi ermənilərin soyqırım iddiaları yalanları qaldığı müddətdə Ermənistanla isti münasibətlərə yaxşı baxmır, həm də Ermənistanda toplum Paşinyan hakimiyyətinin Türkiyə ilə münasibətlərinə şübhəli yanaşır.

Türkiyə tərəfinin Türkiyə-Ermənistan danışıqlarında hər hansı ilkin şərt olmaması tələbinin də məhz elə saxta soyqırım iddiaları ilə bağlı olduğu məlumdur. Bu isə ermənilərdə Paşinyanın Ermənistan maraqlarını satması kimi qiymətləndirilir. Təbii ki, burada xüsusilə kilsənin və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəməyən qüvvələrin də təbliğatı mühüm rol oynayır.

Ona görə də Paşinyan daxili auditoriyanın bu təsirlərdən çıxması üçün, yəni başqa sözlə desək, özünə qarşı müxalif cəbhənin genişlənməsinin qarşısını almaq üçün zaman-zaman bu cür açıqlamalarla çıxış edir.

Amma bu heç də Paşinyanın səmimi olaraq Türkiyəyə qarşı soyqırımı iddialarından əl çəkməsi kimi qəbul olunmamalıdır. Sadəcə, Türkiyə ilə danışıqlarda mən əlimdən gələni edirəm demək üçün belə bir taktikadan istifadə edir.

“Soyqırımı” iddiaları ilə bağlı əsas hədəf beynəlxalq ictimai rəyi Türkiyəyə qarşı yönləndirməkdirsə, indi bu oyunu faktiki olaraq erməni diasporu öz üzərinə götürüb. Yəni belə demək mümkünsə, Ermənistan hakimiyyəti guya ki, saxta soyqırımı iddialarından əl çəkirmiş kimi görünmək istəsə də, əslində diaspor təşkilatları vasitəsilə bu prosesi davam etdirir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR