Onlayn ictimai-siyasi qəzet
Ermənistan rəhbərliyi sözün bütün mənalarında hər yola əl atır ki, təki status-kvo saxlansın. Bu vəziyyət haylar üçün ideal deyil, sadəcə, aldıqları təlimata uyğun olaraq onlar dözmək öhdəliyini üzərlərinə götürüblər. Fransa başda olmaqla Avropa İttifaqının missiyasının ömrü əbəs yerə daha iki illik uzadılmadı ki...
Avropa İttifaqının “mülki” adında, əslində hərbi-kəşfiyyat şəbəkəsinin binoklluları son vaxtlar gözə dəymir.
Maraqlı məsələdir. Hesab etmək olar ki, bunun bir səbəbi Rusiya ilə ABŞ arasında anlaşma mühitinin olduğu şəraitdə anti-Kreml masası quran Avropa İttifaqının Rusiya ilə gərgin münasibətləridir. Diqqət etdinizmi, Ermənistan parlamenti Avropa İttifaqına üzvlüklə bağlı müzakirələri dörd günlük iclasların gündəliyinə daxil etməyib. Təsadüfdürmü? Təbii ki, yox. Ermənistan ciddi şəkildə narahatdır. Axı, Rusiya davamlı şəkildə xəbərdarlıq edirdi ki, Qərb emissarlarını ölkə ərazisinə cəm eləmə, bu, gərginliyə səbəb olacaq! Kremldən çox dedilər, irəvandakılar az eşitdilər, düşündülər ki, iki stulda oturmaq nəticə verəcək. Düzdür, Ermənistan Ukraynadan fərqli olaraq Rusiya ilə həmsərhəd deyil. Amma Ermənistan Ukraynadan fərqli olaraq Rusiyanın “əl işi”, deyir, forpostu olaraq mövcudluğunu qoruyub-saxlayıb, buyruq quludur.
Üstəlik, Ermənistanda Rusiyanın hərbi bazası, minlərlə hərbçisi, şirkətləri, təsir imkanları var. Ermənistanın qərb silahlılarını, kəşfiyyatçılarını buraya daşıması təbii ki, Rusiya üçün diskomfort yaradır. Ona görə də davamlı xəbərdarlıqlar edilirdi, hətta “damarlarına erməni qanı axan” Lavrov tərəfindən. Budur, Ermənistan parlamenti ilin əvvəlindən sürətlə başladılan avrointeqrasiya prosesində de-fakto taym-aut götürüb.
Üstəlik, Blinkenlə tez-tələsik, Trampın andiçməsinə üç gün qalmış imzalanan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişindən də xəbər-ətər yoxdur.
Onsuz da Tramp gələndən Paşinyanın ürəyi “tup-tup” döyünür, çox həyəcanlıdır. İndi də narahatdır, birdən Tramp Ermənistan üçün “yem” yollayan USAİD kimi, Blinken-Mirzoyan xartiyasını da götürüb bir kənara tulladı, onda necə olacaq? Ona görə də az qala hər gün Azərbaycan və Türkiyəyə yönəlik mesajlar verir. Ötən həftə yenə də demişdi ki, sülh müqaviləsinin iki bəndi hələlik razılaşdırılmayıb. Eyni zamanda Bakıdan cavab aldığınmı da bildirmişdi. “Bu, artıq sülh müqaviləsinə 12-ci düzəlişdir. Sənəd Azərbaycanın bizim əvvəlki təkliflərimizə münasibətini əks etdirir. Hazırda cavab təşəbbüslərini formalaşdırmaq üçün onun təhlilini aparırıq” – Paşinyan bildirmişdi. Onun sözlərinə görə, tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib və Bakı hələ ki, İrəvanın kommunikasiyaların açılması təklifinə rəsmi cavab verməyib. Sitat: “Biz öz təkliflərimizi təqdim etmişik və Azərbaycandan müsbət cavab alacağımıza ümid edirik. Söhbət iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasından, o cümlədən Azərbaycanın qərb rayonlarından Ermənistanın suveren ərazisindən keçməklə Naxçıvana yüklərin tranzitindən gedir. Öz növbəsində Ermənistan Yerasx (Arazdəyən) -Meğri (Mehri) marşrutu üzrə dəmir yolu əlaqəsi imkanı əldə edəcək”, - Paşinyan əlavə edib.
Göründüyü kimi, Paşinyan yenə də Zəngəzur dəhlizini “əyməyə” çalışır.
Çünki ona belə sifariş gəlib, ev tapşırığı icra olunmalıdır. Əks halda, alternativi ortaya çıxarıla bilər. Saakaşvilinin ardınca Zelenskini də “xərcləyən” və hətta istefaya çağıran Qərb bir gün Paşinyana da “şələ-şüləni yığışdır, get”, deməzmi? Əlbəttə, deyər. Armen Qriqoryan əbəs yerə kölgəyə çəkilməyib. Paşinyan çox narahatdır. Elə bu narahatlığa görədir ki, jurnalistlər ondan Tramp-Zelenski “dueli”nə münasibət soruşanda daşdan səs çıxıb, Nikoldan yox. Paşinyan ağrımayan başına dəsmal bağlamaq istəmir. Kəsəsi, qorxur. Zelenskinin demokratlarla əməkdaşlığını qurdalayan, bəzi hallarda normal əməkdaşlıq faktlarını belə, onun əleyhinə geri çevirən Ağ Evin yeni sahibi Paşinyanı çağırıb, otur qarşımda, danış, görüm Paydenlə, Blinkenlə, digər demokratlarla hansı alverin olub? Özü də bu alver Rusiya əleyhinə həyata keçirilib və bu gün Kremllə normal münasibətləri olan Tramp üçün cəlbedici faktlara çevrilə bilər.
Kəsəsi, Paşinyan hakimiyyəti seytnotdadır, bilmir nə etsin. Nə Avropa İttifaqına üzvlüklə bağlı irəli addım ata bilir, nə də qurumun Ermənistandakı missiyasının ömrünü iki illik uzatdığı halda, onu geri geçirbəyə cəsarət edir. Ona görə də sözü oyununu davam etdirirlər xilas üçün. Budur, Nikol Paşinyan rəsmi İrəvanın Bakı və Ankara ilə əlaqələrin bərpası üçün addım atmağa hazır olduğunu bəyan edib. “Ermənistan-Azərbaycan sərhədində üç sərhəd-keçid məntəqəsinin açılması (layihə 2022-ci ildən dövriyyədədir) Azərbaycanın yük və minik avtomobillərinin Ermənistan ərazisinə daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyə getməsinə imkan verəcək”, - deyə o, bildirib. Baş nazir iddia edib ki, bu qərarlar Ermənistan Nazirlər Kabineti tərəfindən təkcə Azərbaycanın mövqeyinə və imtinasına görə qəbul edilməyib və bir-iki həftə ərzində qəbul edilə bilər. “Naxçıvana daxil olmaq üçün infrastruktura gəlincə, bunu da kifayət qədər tez etmək olar. Yük maşınları Kornidzor keçid məntəqəsi vasitəsilə Laçın-Kornidzor hissəsi ilə Ermənistan ərazisinə daxil ola, Ermənistan-Türkiyə sərhədinə qədər hərəkət edə və Marqara keçid məntəqəsindən Türkiyəyə daxil ola bilər”, Paşinyan deyib. Onun fikrincə, eyni şey əks istiqamətdə də doğrudur. “Bu cür tranzit yüklərin daşınması üçün lazım olan fiziki infrastruktur hazırda hazırdır, yalnız Bakı və Ankara razılaşarsa, de-yure qərar qəbul etmək qalır”, o əlavə edib.
Məqsəd bəllidir: söz oyunu həm də Zəngəzur dəhlizini arxa plana keçirməyə hesablanıb. “Sülh kəsişməsi” xəyalı da baş tutmadı. Ona görə də nə yolla olursa-olsun Ermənistanın içərisindən keçən bir yolun işə düşməsinə nail olmaq istəyirlər. Amma Azərbaycana bu yol lazımdırmı? Ermənistanın içərisindən keçmək təhlükəsizlik baxımından nə dərəcədə əlverişlidir? Bunu Azərbaycana mina xəritələrini verməkdən imtina edən ölkənin rəhbərliyi təklif edir. Get nağıllarını haylara danış, deyən gərək! Həm də Prezident İlham Əliyev sözünü deyib: “Ermənistanın “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur”.
Vaxtımızı 2 qəpiyə dəyməyən təkliflərlə alma, Nikol, Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqla! Onsuz da ya açılacaq, ya da açılacaq, dalan ölkənin baş naziri!
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ