İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Putini həbs etmək istəyirsə, günahkarı Kamil Zeynallıdır?!

Bu, təkcə Kamil Zeynallı məsələsi deyil, bu, Azərbaycan məsələsidir! Azərbaycan vətəndaşının gecəyarısı heç bir əsas olmadan, Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxlayan, insanlarımıza qarşı müharibə cinayətləri törədən ölkənin müraciəti əsasında qandallanması dövlətimizə, xalqımıza qarşı düşmənçilik münasibətidir!

Diqqət edin, Kamil Zeynallı Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur. Özünün müraciətində Kamil bildirib ki, o, dəfələrlə Rusiyaya sərbəst şəkildə səfərlər edib, ancaq saxlanılanda barəsində 2020-ci ilin 29 sentyabrında cinayət işi başlandığını, Rusiyaya müraciət olunduğunu deyiblər. 44 günlük müharibənin üçüncü günü İrəvanda bu, nə axtarış, nə cinayət təqibi, bunun özü də nonsesdir. Azərbaycan ərazilərini işğal et, cavab vermək məqamı çatanda da işverənlik elə!

KAMİL SON.jpg (179 KB)

Yaxşı, əgər doğrudan da Ermənistanın Rusiyaya müraciəti olmuşdusa, son aylarda bir neçə dəfə Moskvaya səfərlər edən, hansısa restorandan, istirahət mərkəzindən videolar paylaşan idmançımıza qarşı niyə hər hansı problem yaradılmamışdı? Yaxud Kamil Zeynallı niyə Rusiyaya daxil olanda yox, ölkəni tərk edəndə saxlanıldı?

Bəlkə Rusiya müttəfiqlik haqqında müqavilənin ildönümünə “hədiyyə” etmək istəyirmiş? Bir az da açıqlayaq: bu hadisə 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya liderləri“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”ni imzalayıb. Müttəfiqlik Bəyannaməsinin ilk bəndində bildirilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Və Bəyannamənin ikinci ildönümünə 1 gün qalmış Azərbaycan vətəndaşı Kamil Zeynallı Moskvada saxlanılır…

Bu müddətdə Azərbaycanın axtarışa verdiyi bir erməninin Rusiyada saxlanmasını görmədik. Əksinə, Rusiya məhz “müttəfiqlik”dən sonra Ruben Vardanyanı Xankəndiyə xüsusi tapşırıqla göndərmişdi… Olmaya Vardanyanın qollarının qandallanması xoşuna gəlməyib? Yeri gləmişkən, Kamilin qoluna vurulan qandal Vardanyanın qandalını xatırlatdı…

KREML SON.jpg (138 KB)

Sözsüz, Kremlin xoşuna gəlməyən çox mətləblər var. Son vaxtlar Bakıya ünvanlanan mesajlar cavabsız qalır! Rusiya rəsmiləri davamlı şəkildə ermənilərin Qarabağa qaytarılmasından danışmağa başlayıblar, 2020-ci ilin 10 noyabrından sonar olduğu kimi… Bakı dolayısı ilə “gedin, işinizlə məşğul olun”, reaksiyası verir. Çünki Azərbaycan dövlətinin prinsipial mövqeyi ortadadır: əgər ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirsə, yaradılmış portal müraciət edə bilərlər. Di gəl ki, sözügedən portal Ermənistanda bloklanıb, ermənilər müraciət etməsinlər deyə…Burada Rusiyanın barmağının olması da istisna deyil. Axı, 44 günlük müharibədən sonra Ermənistana qaçanları Qarabağın yuxarı hissəsinə rus hərbçiləri avtobuslara doldurub daşımışdı. Bu dəfə də oxşar ssenari şousu hazırlayıblar, şübhəsiz. Səbəb? Rusiyanın Qarabağdakı MÜVƏQQƏTİ hərbi kontingentinin ömrünə 1 il 9 ay qalıb! Rusiya çox həyəcanlıdır, Azərbaycan hesab edir ki, Qarabağda xarici ölkənin hərbi kontingentinə ehtiyac yoxdur. Kremlin istəyi budur ki, Azərbaycan qanunverici orqan səviyyəsində Rusiyanın hərbi kontingentinə status versin, 2025-ci ildən sonra da burada qalsınlar, Ermənistandakı rus bazasısayağı…

Hesab edirəm ki, Kamil Zeynallının saxlanılması Ermənistan üçün də şok xəbər oldu. Çünki xəbərin yayılmasından saatlar sonra erməni mediası “Ermənistanın Baş Prokurorluğu azərbaycanlı məşqçi Kamil Zeynallının Rusiyada ölkənin sorğusu əsasında saxlanılması barədə rəsmi məlumata sahib deyil”, - yazmışdı.

Yalnız bundan sonra Ermənistan Daxili İşlər Nazirliyi həmvətənimizin guya hansısa “cinayət”i barədə saxta məlumat yaydı. Bəli, Ermənistandan və ermənilərdən hər cür təxribat və cinayət gözləmək olar, bu, yeni məsələ deyil. Xatırlatmaqda fayda var: hələ ötən əsrin əvvəllərində, Azərbaycan torpaqlarında dövlət qurduqdan sonra başımıza gətirilənlər acı nümunədir. Azərbaycan Xalq Cümhuriyyəti rus ordusu tərəfindən işğal edildikdən sonra daşnaklar bütün dünyada hərəkətə keçdilər və Cümhuriyyət qurucularımızı aradan götürməyə başladılar: Türkiyədə, Tiflisdə, hətta Azərbaycanın özündə! Ötən əsrdə ASALA-nın türk diplomatlarına qarşı dünya boyunca törətdiyi qətliamlar, terror aktları da unudulmayıb. Erməni hər fürsətdə düşmən bildiyi türkə qarşı pislik etməyə çalışacaq, odur ki, daim ehtiyatlı olmaq lazımdır.

Amma Kamil Zeynallı olayında əsas maraqlı tərəf kimi daha çox Rusiya görünür. Diqqət edin, Kamil Zeynallı saxlanılan gecədən bir neçə saat əvvəl Ermənistan paytaxtında Qarabağ klanının, Rusiyameyilli qüvvələrin rəhbərliyi ilə ani-Paşinyan aksiyası keçirilirdi. Eyni gündə Qarabağ separatçısı Şahramanyan İrəvanda var-gəl edirdi, şou göstərirdi. Özü də Qarabağda başlanan “miatsum”un 36-cı ildönümü günündə! Özü də “KQB”-nin törətdiyi Sumqayıt hadisələrinin növbəti ildönümü ərəfəsində!

NİKOLLO.jpg (84 KB)

Digər “təsadüf”ləri də sadalayaq. Azərbaycan və Ermənistan liderlərinin Münxendə görüşü, bu görüş çərçivəsində XİN başçılarına müvafiq tapşırıqların verilməsi, Ermənistan və Azərbaycan XİN başçılarının görüşünün yeri və tarixi barədə müzakirələrin aparıldığı barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyanın açıqlaması, “tərəflər razılığa gəlir”, anonsu...

Kreml sülh prosesini əlindən buraxmaq istəmir, bu kartdan əbədi istifadə etmək istəyir. Odur ki, Qərbdən hansısa təşəbbüsə dərhal sərt reaksiya verir, tərəflərə ünvanlı müraciətlərində ondan başqa heç bir paytaxtın sülhə töhfə verməycəyini iddia edir. Münxen görüşü ərəfəsində Zəngilan istiqamətində sərhədçimizin vurulması faktı...Düzdür, Aİ missiyasının aktivləşdiyi zamana təsadüf etdi. Amma unutmamışız: 44 günlük müharibənin sonlarında məhz Rusiya bayraqları sancılmışdı şərti sərhədlərin bu istiqamətində. Açılan artəş liderlərin görüşünü pozmağa yönəlmişdi şübhəsiz, Rusiyaya bağlı “Yerkrapa” terror təşkilatı tərəfindən. “Atan kazaklardır”, ənənəsi davam etdirilir. 2016-nın Aprel döyüşləri də liderlərin Nyu-York görüşü ərəfəsində baş vermişdi...

İnanaq ki, Rusiya Azərbaycanla müttəfiqliyi pozmağa yönəlik addımdan çəkinəcək. Bunun alternativi yaxşı yerə aparmır. Özü də Azərbaycan vətəndaşı saxta qətl ittihamı ilə Xocalı soyqırımının ildönümü ərəfəsində saxlanılır! 366-cı motoatıcı alayın soyqırım törədən hərbçiləri, həmçinin “Xocalıya qədər azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi düşünürdülər”, deyən Serj Sərkisyan kimi canilərə qucaq açan ölkə belə namərdliyə imza atsa, qiyamətədək ulduzumuz barışmayacaq! Bəlkə düşünür ki, Vardanyanı geri almaq üçün alver predmetinə çevirə bilər bu işi, nə bilmək olar...Kamil dövlət bu sayaq davranmazdı. Xüsusən də Kamil Zeynallı ilə bağlı nəsə olmuş olsaydı belə, bu hadisələr Azərbaycan daxilində baş verdiyi üçün ora kiminsə burun soxması qəbulolunmaz sayılmalıdır! Axı, Putin özü də deyib: beynəlxalq hüquqa görə Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Hələ qarşıda Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinə görə Haaqa Məhkəməsində cavab verməsi var! Yeri gəlmişkən, Ermənistan Roma Statutu təsdiqləməklə Rusiya prezidenti Vladimir Putini İrəvanda həbs etmək üçün hüquqi bazanı təmin edib. Yaxşı, Paşinyan Putini həbs etmək istəyirsə, buna görə Kamilmi günahkardır?! Belə çıxır Putinin xilası Kamil Zeynallının həbsindən keçir? Yoxsa Rusiya Kamil Zeynallını qandallamaqla Ermənistanda özünə sevgi yaratmaq istəyir?

Hə... Bir də...

Kamil Zeynallının həbsindən bir neçə saat əvvəl məlumat yayılmışdı ki, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və Böyük Britaniya səfiri Fergus Old Stalin fevralın 19-da repressiyalarının qurbanı, dramaturq Hüseyn Cavidin heykəlinin önündə Aleksey Navalnının xatirəsinə yaranan körtəbii Memorialın önünə çiçək qoyublar...

Belə...

Amma Rusiya adına çox böyük ayıb oldu, çox... Belə müttəfiqlik olmaz! Bəlkə Putinin xəbəri olmayıb, Rusiyadakı erməni lobbisi Bakı-Moskva münasibətlərini pozmaqdan ötrü bu ssenarini hazırlayıblar. Gözləyək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR