İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Putinə “məni bağışla” deməyə gedir? - erməni baş nazir Qərbdən narazıdır...

İrəvanın fikrincə, Qərbdəki tərəfdaşları Ermənistanın Rusiyadan uzaqlaşmaq üçün atdığı riskli addımları yetərincə qiymətləndirmir və buna görə də Moskva ilə münasibətlərdə “yumşaq güc” siyasətinə keçmək lazımdır - ekspertlərin izahı

Rəsmi İrəvan uzun müddətdir ki, nümayişkaranə şəkildə Rusiya platformalarında iştirakı boykot edir. Nə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri, nə Təhlükəsizlik Şurasının katibi, nə də parlament sədri Rusiya Federasiyasının sədrliyi və ya təşəbbüsü ilə keçirilən toplantıda iştirak edir. 

Hökumət başçısı Nikol Paşinyan isə Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburqda keçiriləcək iclasında, eləcə də MDB-nin qeyri-rəsmi sammitində iştirakını təsdiqləyib. Bəs nə baş verdi? İrəvan yenidən konsepsiyasını dəyişibmi? Bu suallara qismən cavabı “Hraparak”  nəşrində tapmaq olar. Nəşr yazır ki, ötən şənbə günü Ermənistanda hakim partiyanın rəhbərliyinin Gümrüdə keçirilən qapalı iclasında Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan Qərbdən şikayət edib. Onların fikrincə, Qərbdəki tərəfdaşları Ermənistanın Rusiyadan uzaqlaşmaq üçün atdığı riskli addımları yetərincə qiymətləndirmir və buna görə də Moskva ilə münasibətlərdə “yumşaq güc” siyasətinə keçmək lazımdır.

Bu baxımdan xatırlatmaq yerinə düşər ki, Rusiya təhdid və təzyiq elementlərindən istifadə etməklə yanaşı, Ermənistanla münasibətlərdə çoxdan “yumşaq güc”dən istifadəyə keçib. Bu mövzuda haqqin.az xəbər verir ki, ötən həftə Moskvada ilk Rusiya-Ermənistan “İctimai Dialoq Forumu” təşkil olunub, iştirakçıların əksəriyyəti Ermənistanın hələ də Rusiyanın “qardaş ölkə” və strateji müttəfiqi olduğunu vurğulayıblar. Həmin forumda xəbərdarlıq olunub ki, İrəvan Rusiya ilə əməkdaşlıqdan imtina edərsə, onu son dərəcə təhlükəli nəticələr gözləməkdədir. Bildirilir ki, İrəvan gələn il ABŞ-da keçiriləcək prezident seçkilərini və Avropa İttifaqının rəhbərliyində gözlənilən dəyişikliklərlə bağlı Moskva ilə münasibətlərdə seçdiyi taktikaya yenidən baxmalı olub. Ermənistanda qorxurlar ki, 2024-cü ildə Qərbin Cənubi Qafqaza diqqəti o qədər də intensiv olmayacaq və bu, Rusiyaya Ermənistanda zəifləmiş mövqelərini gücləndirmək üçün müvafiq tədbirlər görməyə imkan verəcək.

Təsadüfi deyil ki, dekabrın 25-i və 26-da Sankt-Peterburqda planlaşdırılan Avrasiya İqtisadi İttifaqının iclası və MDB-nin qeyri-rəsmi sammiti İrəvanda Paşinyanla Putin arasında canlı təmas üçün fürsət kimi dəyərləndirilir. Ermənistanın baş naziri Rusiya-Ermənistan münasibətlərindəki gərginliyin ən azı bir hissəsini aradan qaldırmağa çalışacaq. Paşinyan və komandasının üzvləri Qərbin passivliyindən məyus olduqlarını açıq şəkildə ifadə etməsələr də, anlayırlar ki, Ukraynaya dəstəyin zəifləməsi fonunda İrəvan nə təhlükəsizlik zəmanətlərinə, nə də Birləşmiş Ştatların ciddi dəstəyinə ümid edə bilər. Bu da Ermənistana Rusiyaya qarşı daha məsuliyyətli və təmkinli davranmaqdan başqa çarə qoymur.

Rusiyaya gəlincə, onun üçün Paşinyanın Sankt-Peterburq hadisələrində iştirakı Ermənistanın timsalında Qərbə sübut etmək üçün əla fürsətdir ki, Moskvanın orbitindən çıxmaq o qədər də asan deyil. Ermənistan hakimiyyətinin 2024-cü ildə Rusiya ilə münasibətlərdə gərginlik dərəcəsini azaltmaq istədiyi görünür, həm də Qərbin bu ilin sonuna qədər Ermənistan-Azərbaycan sülh müqaviləsi bağlamağa məcbur etmək cəhdlərinin nəticəsizliyi ilə bağlıdır. Artıq əminliklə demək olar ki, danışıqlarda hər hansı nəzərəçarpacaq irəliləyişin yaxın günlərdə mümkün olacağı ehtimalı azdır və Ermənistan-Azərbaycan sülh prosesinin 2024-cü ildə Qərbin vasitəçiliyi ilə davam etdirilməsi perspektivləri məhdudlaşdırıla bilər. Çünki artıq qeyd olunduğu kimi, yayda ABŞ-da prezidentlik yarışı başlayacaq və amerikalıların Cənubi Qafqaza vaxtları açıq-aydın olmayacaq.

Təbii ki, Rusiya regionda növbəti dəfə önə çıxmaq və müvafiq olaraq Ermənistanı İrəvanın inadla imtina etdiyi üçtərəfli danışıqların Moskva formatına qaytarmaq üçün istifadə edəcək. Yeri gəlmişkən, son günlər Rusiya bir daha təkrar etdi ki, Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq üçün yeganə mümkün çərçivə 2020-ci il noyabrın 10-da Rusiya Federasiyasının iştirakı ilə Moskvada qəbul edilmiş üçtərəfli bəyanatdır. Eyni zamanda Rusiya Azərbaycan və Ermənistan arasında həm xarici işlər nazirləri səviyyəsində, həm də iki dövlətin liderlərinin birbaşa iştirakı ilə danışıqlar aparmağa hazır olduğunu xatırladıb. 

“Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin dəvətindən yararlanaraq, dekabrın 25-26-da Sankt-Peterbura gələcəyini və Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcəyini güman edir”. Bunu dekabrın 20-də Rusiya XİN rəsmisi Mariya Zaxarova söyləyib. O bildirib ki, MDB dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşündə bütün maraq doğuran sualları qaldırmaq olar: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün aspektləri ilə bağlı mövqeyimiz həm prezident, həm də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən dəfələrlə və ətraflı şəkildə ifadə olunub. Ermənistanla münasibətlərin müttəfiq xarakterini rəhbər tutaraq, hər zaman məsələləri sakit, peşəkar və tərəfdaşlıq şəraitində müzakirə etməyə hazırıq”.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyan administrasiyası “odla su arasında” qalıb. Onun fikrincə, Nikolu iqtidara gətirən qüvvələr qarşısında öhdəliklər qoyub və həmin tapşırıqları yerinə yetirməlidir. Digər tərəfdən isə analitik hesab edir ki, regionda sərt siyasi reallıqlar var: “Bu reallıqlar ondan ibarətdir ki, Ermənistana ciddi təsir imkanı olan Rusiya mövcuddur. Rusiya Ermənistana hərbi güc tətbiq etmək potensialına malikdir. Eyni zamanda iqtisadi təzyiq rıçaqları var. Bütün bu amilləri Paşinyan hakimiyyəti nəzərə almaq məcburiyyətindədir”. A.Məsiyevə görə, Rusiyada milyonlarla erməni yaşayır və onlar üzərindən də Kremlin İrəvana təsir elementləri çoxdur: “Ona görə Paşinyan mürəkkəb vəziyyətlə qarşılaşıb. Hətta Qərbdə onun iqtidardan uzaqlaşdırılması ssenariləri var. Belə fikirlər səslənir ki, onun yerinə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan baş nazir gətirilə bilər. O baxımdan Paşinyan addımlarını balanslaşdırmağa məcburdur”.

Qərbin rəngli inqilablar ssenarisi tarixdə qaldı?

Oqtay Qasımov

Politoloq Oqtay Qasımovun qəzetimizə dediyinə görə, Paşinyan Ukrayna savaşının gedişatını izləməkdədir: “Qərbdən yardımların azalması müşahidə olunur, hətta tam dayanacağı kimi bədbin proqnozlar səslənir, hərçənd dəstəyin kəsiləcəyini gözləmirəm. Amma bununla belə, Paşinyan gedişatı nəzərə almaqdadır. Həmçinin gələn il ABŞ seçkilərində Trampın qələbə şansları yüksəkdir və onun Rusiya ilə münasibətləri yaxşıdır. Bu aspektdən baxanda da Paşinyanda narahatlıq var. Çünki 44 günlük müharibə zamanı ABŞ-da diqqət öz seçkilərinə ayrılmışdı. Üstəlik, Rusiya Ermənistanın ən böyük iqtisadi-ticari tərəfdaşı olaraq qalmaqdadır”. O.Qasımov xatırlatdı ki, habelə, Rusiyanın iki hərbi bazası Ermənistanda yerləşir, üçüncü bazanı da hərbçilərin sərhədə yerləşdirməsi kimi qiymətləndirmək olar: “Nəhayət, dəmir yolları Rusiyanın mülkiyyətindədir və ən əsası qışa doğru qaza tələbat artır deyə Paşinyan Rusiya ilə münasibətləri müəyyən mənada düzəltməyə çalışacaq. Məncə, Paşinyanın söylədikləri Rusiya ilə münasibətləri gərginləşdirmək yox, erməni cəmiyyətində özünə bəraət qazanmaq cəhdidir. Yəni məğlubiyyətdə tək günah bizdə deyildi...” 

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR