İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan özünü “Rusiyanın adamı” sayır - niyə indi?

Erməni baş nazir israr edir ki, o da, hakimiyyəti də Rusiyanın yanındadır və Azərbaycan guya yanlış bilgilər verir - tanınmış mütəxəssislərdən fərqli izahlar

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda etdiyi xarici səfərdə israrla özünü “Rusiyanın adamı” kimi təqdim etməyə çalışıb. “Yeni Müsavat”ın məlumatına görə, onun son çıxışlarında siyasi kursunu dəyişdiyi, yoxsa manipulyasiya etdiyi aydın olmur. Paşinyan deyib ki, Azərbaycan Ermənistanın siyasi kursu haqda yanlış bilgilər verir: “Azərbaycan diplomatiyasının son aylardakı siyasəti bundan ibarətdir ki, onlar Avropa İttifaqında deyirlər ki, Ermənistan rusiyayönlü ölkədir. Ancaq Rusiyada isə bildirirlər ki, Ermənistan qərbyönümlü ölkədir. Bəzən də deyirlər ki, Ermənistana rəngli inqilab vasitəsilə yerləşdirilmiş hökumət Rusiyaya qarşı çıxış edir”.

Paşinyanın qənaətinə görə, Azərbaycanın bütün bunlarda məqsədi “aqressiv siyasətini həm Qərbə, həm də Rusiyaya qəbul etdirməkdir”. Erməni baş nazir israr edib ki, o da, hakimiyyəti də Rusiyanın yanındadır: “Ermənistan Rusiyanın strateji müttəfiqidir, KTMT, Avrasiya İqtisadi İttifaqının üzvüdür və Rusiya ilə çox isti və sıx əlaqələri var”. Avropa İttifaqına gəlincə, Paşinyan deyib ki, “demokratik islahatlar sahəsində Aİ Ermənistanın əsas partnyorudur”.

Beləliklə, aşkar görünür ki, xüsusilə İrəvanda müxalifətin aksiyaları başladıqdan sonra Paşinyan özünü Rusiyanın az qala əsas adamı kimi təqdim etməyə meyllənib. Əks halda, sual yaranardı, Paşinyan niyə indi bu mövqeyini bəyan edir? Səbəb həqiqətənmi Moskvanın ondan şübhələnməsidir?

Toğrul İsmayıl: "Ailəm, əzizlərim məni itirəcəklərindən çox qorxublar"

 Toğrul İsmayıl 

Ankara Universitetinin professoru Toğrul İsmayıl “Yeni Müsavat”a dedi ki, Paşinyanın bu çıxışı Ermənistanda baş verən etirazlarla əlaqəlidir. Onun sözlərinə görə, Paşinyan Qərbdən yetərincə dəstək ala bilmədiyi üçün Rusiya ilə məsələləri həll etməyə çalışır: “Bu açıqlamalar daha çox daxili auditoriyaya hesablanıb. Ona görə ictimai rəyə hesablanmış bəyanatları verərkən təbii ki, Azərbaycanı da günahlandırmağa çalışır. Hazırda Paşinyan daxildə problemləri bu cür həll etmək istəyindədir. Üstəlik, ona türkün yaxın adamı və Qərbin kadrı kimi ittihamlar var.  O da vəziyyətdən çıxış üçün Rusiyanın yanında olduqlarını söyləyən açıqlamalar verir və cəmiyyətə mesaj ötürür”.

T.İsmayılın fikrincə, əsas onun dedikləri deyil, beynəlxalq səviyyədə əldə edilən nəticələrə baxmaq lazımdır: “Sabah ritorikası dəyişə bilər və Paşinyanın anti-Rusiya çıxışlarını görə bilərik. Artıq siyasəti öyrənməyə başlayır. Əslində o, erməni milliyyətçisidir, amma ölkəsinin böhrandan çıxışını da qonşularla münasibətləri normallaşdırmaqda görür. Bu səbəbdən məcbur qalacaq ki, problemlər həllini tapsın. Hətta başqa qüvvə iqtidara gəlsə belə, onlar da məcburdur ki, məsələləri həll etsin. Sadəcə, bu gün sülh müqaviləsi ən çox Ermənistanın işinə yarayır. Çünki  Azərbaycan rahatdır, əraziləri azad edib, ermənilər olan yerlərdə də bizim nəzarətimiz təminə ediləcək, siyasi və iqtisadi güc cəhətdən tərəziyə qoyanda Ermənistandan qat-qat üstünük, o nöqteyi-nəzərdən İrəvan özü sülh müqaviləsində maraqlı olmalıdır”.

Azad MƏSİYEV

Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin bildirdiyinə görə, Paşinyan Amerikadan aldığı təlimat və götürdüyü öhdəliklər əsasında sülh müqaviləsindən yayınır: “Ona görə Paşinyanın bu cür çıxışları təxribat xarakterlidir. Görünür ki, Moskva səfərində də Paşinyana xəbərdarlıq edilib, götürülən öhdəlikləri yerinə yetirməli olduğu xatırladılıb və bundan sonra belə danışmağa başlayıb”. Siyasi şərhçinin fikrincə, Ermənistan sülh müqaviləsindən yayınsa, Azərbaycan öz gücü ilə İrəvanı buna məcbur edəcək.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Rusiyanın Ermənistana güclü təzyiqləri Paşinyanı belə danışmağa təhrik edir: “Paşinyan aydın məsələdir ki, ”Sorosun uşağı"dır, amma özü də yaxşı bilir ki, Cənubi Qafqaza nəzarət Rusiyadadır. Ona görə Paşinyan reverans edir". Q.Əlibəyli əmindir ki, Paşinyan ayrı platformada da başqa dövlətlər haqda bu cür çıxış edəcək: “Yəni o, problemdən çıxmağı bacarmır. Nəticədə bu və ya digər dövlətlər qarşısında özünü aşağı endirir, ünvanlarına tərif yağdırmaqla xoşlarına gəlməyə çalışır. Ümumilikdə bilirik ki, Paşinyan Rusiya hakimiyyətini sevmir, qərbpərəst siyasətçidir və Ermənistanı da bu dövlətin təsirlərindən çıxarmaq arzusundadır. Sadəcə, reallıqları dərk edir və belə tərzdə danışmağa başlayır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR