İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan o separatçını həbsə atacaq? – İrəvan üçün KRİTİK gün: Bakıya qarşı buna izn versə...

Qarabağdakı keçmiş xunta rejiminin sonuncu mifik “prezidenti” Samvel Şaxramanyan dindirilmək üçün Ermənistan İstintaq Komitəsinin Hərbi İdarəsinə çağırılıb. Dindirmə gələn həftəyə təyin olunub. Bildirilir ki, araşdırma “vəzifə səhlənkarlığı” cinayət işi çərçivəsində aparılır.

Bu barədə “Joqovurd” qəzeti yazıb.

Nəşr qeyd edir ki, təhqiqat siyasi xarakter daşıya bilər - xüsusən də 2026-cı ildə keçiriləcək parlament seçkiləri kontekstində. Mənbənin iddiasına görə, ola bilsin iqtidardakı müəyyən mərkəzlər artıq konkret fiqurların aradan götürülməsi və ya neytrallaşdırılması yönündə işləyir və o səbəbə Şaxramanyanın həbsi də istisna deyil...

Bu, hakimiyyətə müxalif olan medianın yazdığıdır. Lakin gələn ilki seçkilərdə S.Şahramanyanın hakimiyyət üçün ciddi rəqib ola biləcəyi, yumşaq desək, mübahisəlidir. Daha maraqlısı başqa məqamdır.

Məsələ ondadır ki, mayın 21-də bu separatçı ünsürün “dqr prezidenti” postunda “səlahiyyətləri” bitib. Hansı ki, bir neçə ay qabaq “artsaxın buraxılması hadqa” özünün məlum qərarını qanunsuz elan eləmiş, bununla da öz aləmində erməni separatizminə yeni “nəfəs” vermişdi.

Oyuncaq qurumun üzdəniraq “konstitusiyasına” görə isə yeni saxta “prezident” 10 gün ərzində yəni mayın 31-dək saxta “parlament” tərəfindən seçilməlidir. Yəni axırıncı gün bu gündür...

Erməni mediası az öncə yazmışdı ki, hələlik qondarma “parlament”dəki “fraksiyaların” heç biri “namizəd” irəli sürməyib. Təxminən on gün öncə isə “parlamentə” yeni qondarma sədr “seçilib”.

Bütün hallarda əgər Paşinyan hökuməti İrəvanda belə bir siyasi şounun baş tutmasına izn verərsə, bu, əlbəttə ki, Bakı ilə sülh danışıqlarına növbəti ziddi zərbə olacaq və ikitərəfli kövrək danışıqlarda əlavə gərginlik yaradacaq. Bir daha bəlli olacaq ki, Paşinyanın Azərbaycanla barışıq ritorikası quru sözdən savayı bir şey deyil. Niyə?

Çünki bir tərəfdən hər gün sülh sənədinin imzalanmasının vacibliyini bəyan edib, digər tərəfdən revanşist-separatçılara Azərbaycana meydan oxumağa şərait yaratmaq konstruktivlikdən xəbər verə bilməz. Bu siyasi riyakarlığın növbəti nümunəsi kimi tarixdə və yaddaşlarda qalacaq...

Yeri gəlmişkən, İrəvan rəsmiləri indiyədək ən yüksək səviyyədə, dəfələrlə bəyan ediblər ki, uydurma “artsax institutları”nın Ermənistanda mövcudluğu ölkənin milli təhlükəsizliyinə təhdididir və buna imkan verilməyəcək. Ancaq əməldə bunu sübut etməyin ən təsirli yollarından biri və birincisi ATƏT-in üzdəniraq Minsk Qrupunun de-yure ləğvinə razılıq verməkdir. Bununla da separatçı-radikalların revanşist ümidlərinə ciddi zərbə vurulmuş olardı. Ardınca da quldur-separatçıların İrəvandakı ofisinə qıfıl vurmaq.

Başqa sözlə, bunu sülh sənədi imzalanmasını gözləmədən etmək lazımdır ki, həm sülh müqaviləsinin imzalanacağı gün yaxınlaşsın, həm də köhnə konflikti təzədən qızışdırıb iki xalqı yenidən toqquşdurmaq istəyən daxili-xarici qüvvələrin məkrli planları suya düşsün.

Odur ki, bir sual öz aktuallığını və ciddiliyini hələ ki, saxlayır: Samvel Şahramanyanın istintaqa çağırılması və mümkün həbsi, ümumiyyətlə, separatçılara xəbərdarlıq məqsədi güdür, yoxsa? Bu gün-sabah biləcəyik...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR