İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan, nə oldu, bəs Sank-Peterburqa getməyəcəkdin?!

Sərlövhədəki məşhur ritorik sual bu məqamda çox yerinə düşür. Budur, Ermənistanın baş naziri Nikol Paşinyan MDB və Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün artıq hamıdan əvvəl Sankt-Peterburqa gedib. Beləcə, Rusiya ilə “müharibə-müharibə” oyunu geridə qaldı.

Əslində, tam gözlənilən sonluq idi. Doğrudur, bəzi “çox uzaqgörən” təhlilçilər Rusiyanın “şələ-şüləsini yığıb” Ermənistandan tezliklə çıxacağını, yaxud da Ermənistandakı Rusiya əleyhdarlarının tezliklə hücuma keçəcəklərini iddia edirdilər. Hətta Rusiya hərbi bazasının bu ölkədə mövcudluğunu belə ciddiyə almayanlar var idi. Belə heyrət doğuran fikirlər də səslənirdi ki, ermənilər Gümrü ətrafında səngər qazırlar, döyüşəcəklərmiş...

Siz saydığınızı sayın, Paşinyansa dekabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak edəcək. Özü də bu sammit Rusiya prezidenti Vladimir Putinin dəvəti və təşəbbüsü ilə keçirilir. Yəni Ermənistanın Roma Statutunu ratifikasiya etməsindən sonra barəsində rahat şəkildə həbs qətimkan tədbiri seçilə biləcək şəxsdən söhbət gedir. İndi çoxlarını maraqlandırır, Nikol Vladimir Vladimiroviçin gözlərinin içərisinə necə baxacaq? Sanki erməni siyasətçilərinə bələd deyillər. Hələ bir-iki əsr öncəni bir kənara qoyaq, son 30-35 il ərzində Ermənistan rəhbərliyinin hansı cildlərə girdiklərini, elə Paşinyanın danışıqlar prosesində hansı oyunlardan çıxdığını bizlər görməmişikmi? Nəinki nəzərlərini Putindən yayındırmağa çalışacaq, hətta Rusiya prezidentinin gözlərinin içinə girməyə cəhd göstərəcək.

Təxminlərimiz özünü doğrultdu. Bundan bir neçə ay əvvəl də yazmışdıq, demişdik ki, Ermənistana hazırda, xüsusilə də Rusiyanın sanksiya təhdidləri altında Ukraynada müharibə apardığı dönəmdə əlavə “donor” ölkə lazımdır. Axı, Moskvanın Ermənistana əvvəlki kimi 1 milyard dollarlıq silah-sursatı pulsuz-parasız hədiyyə etmək imkanı yoxdur, hətta İrəvandan bir neçə yüz milyon qapazladığı halda, vəd etdiyi silahları ona göndərə bilmir, çünki özünə lazımdır. Belə olduğu təqdirdə Ermənistan üzünü Qərbə sarı çevirdi ki, imkan dairəsində əl açıb dilənmək şansı qazansın. Fransa başda olmaqla bir sıra ölkələr “əllərini ciblərinə saldılar”, Ermənistan Rusiyaya “dönük çıxması”nın müqabilində bir neçə milyon irəli düşdü. İndi daha pulun ardı gəlmir. Paşinyan baxdı ki, ABŞ hətta Ukraynaya belə vəsait xərcləmək istəmir, digər Qərb paytaxtları da eləcə, belə olduğu halda dünyada heç bir yeri və rolu olmayan Ermənistan üçün xərc çəkməsi də real görünmür. Odur ki, yenidən üz çevirdi özünün əvvəlki “ağa”sına. Heç Ermənistanın Rusiyadan üz çevirməsi, uzaqlaşması da mümkün deyildi. Uzağı İrəvan bu uzaqlaşma siyasətini Kremllə razılaşdıraraq, müəyyən məsafədə, hər addımının hesabatını təqdim etmək şərtilə yürüdə bilərdi. Bir ölkənin ki, iqtisadiyyatı, sərhədləri, dəmir yolları, havası belə Rusiyanın əlində, tabeliyində ola, o necə müstəqil iradə sərgiləyib atılıb-düşə bilərdi?

Budur, yaxın vaxtlarda Ermənistanda yeni Rusiya konsulluğunun açılması planlaşdırılır. Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib ki, baş konsulluq Qafanda açılacaq və məsələ razılaşdırılıb. Ermənistan Qərbə inteqrasiya edirdisə, Rusiya ilə problemləri var idisə, Moskva niyə İran və Azərbaycanla həmsərhəd bölgədə konsulluq açırdı? Yumaq boyda ölkədə bu, Rusiyanın ikinci baş konsulluğu olacaq – hərbi bazanın yerləşdiyi Gümrüdən sonra...

Ötən həftə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov demişdi ki, Moskva İrəvanla Bakı arasında ən kəskin ziddiyyətlərin aradan qaldırılması və sülh müqaviləsinin bağlanması istiqamətində fəaliyyətini davam etdirir. Əgər İrəvanla doğrudan da ciddi problemlər var idisə, müzakirələr necə aparıla bilərdi? Demək, bu “gərginlik” də sadəcə “gözdən pərdə asmaq” üçün düşünülmüşdü. Ermənistan sanksiyalar altında olan Rusiya şirkətlərinin mallarının “əridilməsi”, “xırıd edilməsi”ndə də əvəzsiz rol oynayır. Bu, hardasa Rusiya vətəndaşlığından imtina edən rus milyarder Ruben Vardanyanın oyununu xatırladan süni gərginlik idi. Bunu biz biliriksə, deməli, Qərbdə də çox yaxşı bilirlər. Təkcə ABŞ-ın İrəvandakı səfirliyində çalışan 2 minlik kontingentin olması faktını xatırlamaq kifayət edər. Üstəlik Avropa İttifaqının gündən-günə sayı artırılan “mülki müşahidə missiyası”. Sadəcə “Soros uşağı”nın hakimiyyətinin ömrünü uzatmaq üçün bəzi reallıqları görməzdən gəlirlər. İstisna deyil ki, “KTMT-dən çıxan”, “Avropa İttifaqına və NATO-ya üzv olan” Ermənistanın hökumət başçısının MDB və Avrasiya İqtisadi İttifaqının sammitində iştirakına da hər hansı sərt reaksiya olmayacaq Qərb tərəfdən. Ermənistan istiqamətində Rusiyaya qarşı cəbhə açmaq planları da iflasa uğradı faktiki olaraq. Qərb heç bilmir Ukrayna müharibəsindən necə yaxasını xilas eləsin...

Budur, erməni politoloq Arman Qukasyanın sözlərinə görə, son vaxtlar Ermənistan-Rusiya münasibətləri ətrafında saxta informasiya axınları fəal şəkildə yayılır və belə bir fon yaradılır ki, guya Ermənistan cəmiyyətinin böyük əksəriyyəti Rusiyaya qarşı mənfi mövqedədir. Sitat: “Əslində vəziyyət açıq-aşkar şişirdilib və əhali arasında bizim ikitərəfli əlaqələrimizi dəstəkləyən çoxlu insanlar var”. Belə yanaşmalar çoxdur. Ermənistanın bir nömrəli ticarət və iqtisadi tərəfdaşı olan Rusiyadan ermənilər necə imtina edə bilərlər? Qarabağdan gedən ermənilərin böyük hissəsi məhz Rusiyaya getdi, “xoş gün ardınca”. Qukasyan da xatırladıb: təkcə ötən ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 77% artaraq 4,1 milyard dolları ötüb ki, bu da rekord göstərici sayılır. 2023-cü ilin yanvar-sentyabr aylarında isə ticarət dövriyyəsi 43,5% artaraq 4,4 milyard dollara çatıb. “Bu il Ermənistandan Rusiya Federasiyasına ixrac 2,645 milyard dollara çatıb (artım 85%), idxal 2,25 milyard dollardan çox olub (artım 15,4%). Bundan əlavə, Rusiya hazırda Ermənistan iqtisadiyyatına investisiya yatırır və bunu davam etdirməyi planlaşdırır. Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu vasitəsilə Ermənistanda 10 layihə üzrə investisiya portfeli 533 milyon dollar qiymətləndirilir, 300 milyon dollarlıq digər layihələr isə müzakirə olunur”. Və ekspertin etirafı: “Heç kim Ermənistana belə sərmayələr təklif etməyib”.

Bu, süni gərginlik yaradılanda da bildirirdik ki, Rusiyanın Ermənistanın canını almaqdan ötrü çoxsaylı təzyiq rıçaqları var, məsələn, qazın qiymətini elə qış ərəfəsində 165 dollardan 300 dollara qaldırsa, Ermənistan diz çökər. Amma etmir, çünki hələ vaxt yetişməyib. Ara-sıra Paşinyan qırmızı xətti keçəndə Rusiya Yuxarı Lars keçid məntəqəsində “təmir”ə başlayır, Ermənistan yük maşınlarını geri qaytarır, bu, bəs edir. Ermənistanla Rusiya arasında yeganə quru əlaqə rolunu oynayan Lars keçid məntəqəsi Ermənistanın qırtlağıdır, azca sıxan kimi gözləri kəlləsinə çıxır. Rusiyanın Ermənistan problem yoxdur ki, sadəcə Paşinyanın dərsini vermək istəyir. Artıq “ev tapşırığı”nı əğz elədi, növbəti dərsi öyrənib Peterburqa yollandı. Hə, indi qalır digər dərslərə, suallara cavab verməsi, gözləyək, görək imtahandan neçə alacaq? Sualların içərisində Zəngəzur dəhlizini açırsanmı, olacaqmı? Bu, bizimçün çox vacib məsələdir.  Çünki 2020-ci ilin 10 noyabr Bəyannaməsinin 9-cu bəndi icra olunmayıb. Xatırlatma: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Məlum olduğu kimi, Paşinyan Zəngəzur dəhlizi boyunca Ermənistana məxsus qüvvələrin yerləşdirmək istəyir. Cəsarət edib Putinin üzünə deyə biləcəkmi?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR