Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyanın “kənək qoz” olması gerçəyi Ermənistanda gündən-günə daha bariz şəkildə hər kəsə əyan olur. O, hakimiyyətinə qarşı destruktiv müxalifətçilik edənlərin nazıyla oynamır, keçmişindən, xidmətindən, statusundan asılı olmayaraq, zəif damarlarını, dabanlarını tapır və zərbə endirir.
Baş nazir Koçaryan və Sarkisyanı, eləcə də “Qarabağ klanı”nın odioz fiqurları yumağa döndərəndən sonra, indi də ona diş qıcayan erməni kilsəsini cilovlamağa girişib.
Bunun səbəbi sadədir. 44 günlük müharibədəki məğlubiyyətdən sonra Paşinyana qarşı üstüörtülü siyasi xətt yeridən “Astvas adamları” son aylarda açıq düşmənçiliyə keçiblər, onu devirmək istəyirlər. Hər kəsə bəllidir ki, üsyankar keşiş Baqrat Qalstanyan gücünü Eçmiədzin bayquşlarından alır.
Ona görə də Paşinyan Baqratla “güləşmək”dən vaz keçərək, zərbəni onun arxasındakı obyektə endirir.
İndi ölkənin milli rəmzlərdən biri olan kilsə vergiyə cəlb oluna və sərəncamındakı torpağın bir hissəsindən məhrum edilə bilər.
Arxiyepiskop Baqrat Qalstanyan da artıq zəiflədiyinin fərqindədir, o səbəbdən mitinqlərə və itaətsizlik aksiyalarına ara vermək qərarına gəlib. Hazırda o, görüşlər keçirməyə başlayıb və artıq qondarma “de-qe-er”in nümayəndələri ilə, repatriantlarla, iş adamlarıyla ilə görüşlər keçirib. Ağ libaslı qara keşiş bu niyyətdədir ki, gələcəkdə Ermənistanın bütün keçmiş prezidentləri ilə görüşsün.
Adamın özünün uğur qazana bilmədiyi azmış kimi, güvəndiyi kilsəni də işə salıb. Nikol Paşinyan artıq Erməni Apostol Kilsəsinə barmaq tuşlayaraq, onu “təsir agenti” adlandırıb və söz verib ki, yaxın iki-üç ay ərzində bununla məşğul olacaq. Paşinyan deyib ki, erməni ruhanilər Bizans dönəmində təsir agentləri olduqları kimi, indi də elədirlər. “Görünür, indiyədək onlar üçün heç nə dəyişməyib”, - deyə Paşinyan ruhanilərə damğa vurub.
Baş nazir açıq şəkildə bildirib ki, Qalstanyan və onun tərəfdarları Ermənistanı qonşuların qanuni hədəfinə çevirmək üçün konkret olaraq Azərbaycanla sərhədin delimitasiyasına qarşıdırlar. O, əlavə edib ki, bunun nəticəsində respublika müstəqil ola bilməyəcək.
Öz növbəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan kilsənin bizneslə məşğul olduğunu, lakin vergi ödəmədiyini bildirib, onlara xalqın emosiyaları və tarixi ilə oynamağı dayandırmağı məsləhət görüb. Simonyan kilsənin siyasətə qarışıb diasporadan pul yığdığını, şam, kola, şərab satdığını, restoran işlətdiyini və vergi ödəmədiyini vurğulayıb.
Bununla belə, ruhanilər bildirir ki, kilsə vergi ödəyir. 2023-cü ilin sonunda EAK dövlət xəzinəsinə 435 milyon dram (1,1 milyon dollardan çox) köçürüb və ölkənin ən böyük vergi ödəyiciləri siyahısında 758-ci yeri tutub.
Göründüyü kimi, dövriyyəsində milyonlar dolanan kilsənin yeri (758-ci) çox mütəvazidir. Ancaq Paşinyan hakimiyyəti bu işi belə qoymaq niyyətində deyil. Güman ki, keşişlərin vergi imtiyazları ləğv olunacaq.
Gerçəkdən də din dövlətdən ayrı olsa da, kilsə dövlət işlərinə açıq şəkildə qarışır, özünü dövlətin fövqündə görür, hökumətin onun qarşısında hesabat verməli olduğunu, xoşu gəlməyən hakimiyyəti dəyişməyi düşünür. Hansı xristian ölkəsində belə şey var? Heç birində. Onlarda kilsə çoxdan öz işi ilə, mənəviyyat, ilahiyyat işləri ilə məşğuldur. Yalnız Ermənistanda kilsə siyasi partiya kimi çıxış edir.
Təsadüfi deyil ki, Eçmiədzində idarə rəhbəri olan arxiyepiskop Arşak Xaçatryan və Şirak yeparxiyasının primatı, arxiyepiskop Mikael Acapaxyan hökumətə meydan oxumaqdan çəkinməyib. Acapaxyan deyib ki, biz daha güclülərini görmüşük, kilsə onları məğlub edib və fəaliyyətini davam etdirib.
Keşiş Asoqik Karapetyan isə EAK-ı “mütləq milli dəyər” adlandırıb və hakimiyyətə onu “nişan almamağı” təklif edib.
Erməni politoloq Mikael Zolyan hesab edir ki, indiki qarşıdurma 2018-ci ildə kilsə ilə dövlət arasında başlayan münaqişənin davamıdır. “Paşinyan hakimiyyətə gəldikdən sonra korrupsiyada ittiham olunan II Qareginin yerinə EAK-ın yeni rəhbərinin seçilməsini tələb edən ictimai hərəkat yaranıb. Katolikos və ətrafı bunun arxasında baş nazirin olduğunu düşünürlər. 2020-ci ildə Qarabağ uğrunda ikinci müharibədən sonra kilsə eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın təmsil olunduğu müxalifəti açıq şəkildə dəstəkləyib və indi onun nümayəndəsi Qalstanyan etirazçı liderə çevrilib”, - Zolyan deyib.
Onun fikrincə, EAK-ın nə qədər irəli getməyə hazır olduğunu söyləmək çətindir, çünki onun itirəcəyi şeylər var. “Kilsənin bir çox, o cümlədən qanuni olaraq rəsmiləşdirilməyən imtiyazları var. İndi Paşinyan kilsəyə başa salır ki, siyasətə qarışmağı dayandırmalıdır”, - Zolyan vurğulayıb.
Lakin qeyd olunur ki, kilsə Paşinyan və komandasının hakimiyyətdən uzaqlaşdırılmasına nail olmaq üçün daxili toqquşmalara və ya qan tökülməsinə hazır deyil. EAK-ın 301-ci ildə yarandığını və o vaxtdan bəri öz müstəqilliyini qoruduğunu qeyd edən ekspert Ayk Xalatyan bildirib ki, çox imperiyalar dağılıb, yox olub, amma erməni kilsəsi öz varlığını qoruyub saxlayıb.
Araz Altaylı, Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ