İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin BMT kürsüsündən mühüm mesajları

Dövlət başçısı Azərbaycanın üzləşdiyi ədalətsizliklərdən danışdı, regionda yeni reallıqları açıqladı - şərh

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Dövlət başçısı dünyaya ünvanladığı müraciətində Azərbaycanın 30 ilə yaxın davam edən işğal, təcavüz və ədalətsizliklə üz-üzə qaldığını, lakin bu gün tamamilə yeni reallıqların formalaşdığını bəyan edib.

Prezident çıxışında xatırladıb ki, illərlə BMT tribunasından Azərbaycanın haqq səsi işğal faktına, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinə və beynəlxalq ədalətsizliyə qarşı səsləndirilib. Azərbaycan torpaqlarının 20 faizi işğal altında qaldığı, bir milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrildiyi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmadığı bir reallıq uzun illər davam edib.

“Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi”, - deyə İlham Əliyev vurğuladı.

Dövlət başçısı ləğv olunmuş ATƏT-in Minsk qrupunun fəaliyyətini də kəskin tənqid edib. Onun sözlərinə görə, həmsədrlər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq münaqişəni həll etmək əvəzinə, status-kvonu qorumağa, münaqişəni “dondurulmuş” vəziyyətdə saxlamağa çalışıblar:

“Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi”.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib

Prezident vurğulayıb ki, Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də regional bağlantıları gücləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun elan olunmasıdır: “Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək ”Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur (TRIPP). Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır.

Eyni zamanda, Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi. Ümumilikdə avqust ayında ABŞ-a səfərim zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır".

Prezident çıxışında Azərbaycanın enerji siyasətini də diqqətə çatdırıb və bildirib ki, hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu sahədə dünyada boru kəmərləri vasitəsilə qaz təmin edən birinci ölkədir. Bu, Azərbaycanın Avropa və region üçün enerji təhlükəsizliyində strateji rolunu təsdiqləyir. Azərbaycanın Suriyaya qaz ixracına başlaması da dövlət başçısı tərəfindən xüsusi qeyd edilib. Bu addımın ölkənin elektrik çatışmazlığını əhəmiyyətli dərəcədə azaltdığı bildirilib.

Prezident İlham Əliyev Xəzər dənizində yaranmış ekoloji problemləri də diqqətə çatdırıb. Onun sözlərinə görə, dənizin sürətlə azalması təkcə iqlim dəyişikliyi ilə bağlı deyil, həm də digər amillərlə şərtlənir.

“2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır”.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı həm tarixi bir hesabat, həm də gələcəyə dair strateji mesaj idi. Dövlət başçısı bir daha göstərdi ki, Azərbaycan haqq savaşında qalib gəlib, yeni regional reallıqlar yaradıb və indi diqqəti davamlı sülh, beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi və ekoloji problemlərin həllinə yönəldib.

Tofiq Abbasov (politoloq) — Vikipediya

 Tofiq Abbasov 

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirib ki, Azərbaycan hazırda çox vacib proseslərdə iştirak edir. Onun sözlərinə görə, dövlətimiz ərazi bütövlüyünü öz gücünə bərpa edib və Ali Baş Komandan İlham Əliyev bütün kürsülərdə qalib ölkənin lideri kimi sözünü lazımi ünvanlara çatdırır: “Azərbaycanın əraziləri dünyanın gözü qarşısında işğal olunmuşdu və dünya birliyinə etdiyimiz çağırışlara səs verilmirdi. Beynəlxalq institutlar bunlara laqeyd qalırdılar. Azərbaycan öz gücü hesabına BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələbələrini yerinə yetirdi. Prezident də bu fakt elə çıxışında vurğuladı. Biz BMT-nin tam hüquqlu üzvi idik, amma səsimiz eşidilmirdi. İndi isə Prezident BMT-nin ən ali kürsüsündən illərlə nələrlə mübarizə apardığımızı dedi. Və göstərdi ki, dövlətlər yalnız öz gücləri və imkanları hesabına ədaləti bərpa edir. Azərbaycan bunu edə bildi və iqtisadiyyatını ayağa qaldırdı. İndi isə hər şey dəyişib. Ölkəmiz bütün sahələrdə aparıcı mövqedədir. Enerji təhlükəsizliyinə böyük dəyər verir. Elə bunun nəticəsidir ki, böyük maliyyə nəhəngləri İlham Əliyevlə görüşmək üçün təşəbbüslər göstərirlər.

Dövlət başçısı eyni anda bir neçə məsələyə toxundu. Onların hamısı aktual və günün reallığıdır. Xəzərin vəziyyətindən tutmuş, iqlim dəyişikliyi ilə bağlı vurğuladığı məqamlar dünyanın ən çox müzakirə etdiyi mövzulardır. Azərbaycan lideri o kürsüdə sözü olan dövlət başçısı kimi çıxış edirdi. Səsləndirdiyi bütün fikirlər faktlara və hadisələrə söykənirdi. Bütün dünya İlham Əliyevin səsləndirdiyi fikirləri xüsusi hörmətlə qəbul etdi və təsdiqlədi".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR