İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla Tramp görüşündə Azərbaycan söhbəti - Yeni gəlişmə

Analitik: “Bu müzakirə Bakı ilə İrəvan arasında gələcək konturlar baxımdan önəmli idi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Trampla görüşüb. Görüş zamanı ticarət, investisiya, müdafiə sənayesi və hərbi anlaşmalar, həmçinin regional münaqişələr və sülh təşəbbüsləri diqqət mərkəzində olub.

Görüşdə “F-16” və “F-35” layihələri, müdafiə sənayesi sahəsində əməkdaşlıq və investisiya imkanları kimi mövzular da müzakirə olunub. Rusiya-Ukrayna münaqişəsi, Qəzza, Azərbaycan-Ermənistan,Türkiyə-Ermənistan münasibətləri və Suriya kimi mövzuların da müzakirə edildiyi istisna edilmir.

“Ağ Evdə Ərdoğanı qarşılamaq bizim üçün fəxrdir. “F-16” və “F-35” qırıcıları almaq istəyirlər. Ərdoğana böyük hörmət edirəm. Yaxşı əlaqələrimiz var. Prezident Ərdoğan böyük ordu qurdu. Regionda inanılmaz nüfuza malikdir. O, sərt, inadkar adamdır. Mən adətən inadkar insanları sevmirəm, amma onu həmişə bəyənmişəm. O, sərt insandır və ölkəsi üçün böyük işlər görür. Türkiyə yaxşı məhsullar istehsal edir. Türkiyədən çox şey satın alırıq, onlar da bizdən çox şey satın alırlar”, - deyə Tramp vurğulayıb.

“Cənab Trampın iki prezidentlik dövründə də ikitərəfli əlaqələrimizdə fərqli proses yaşayırıq. ”F-35" və “F-16" qırıcıları, ”Halkbank" məsələlərini müzakirə edəcəyik", - deyə Ərdoğan öz növbəsində qeyd edib.

ABŞ prezidenti Azərbaycan və Ermənistan arasında sülh prosesinə öz töhfələrini və Türkiyənin rolunu xatırladaraq, Ərdoğanın bölgədə inanılmaz təsirinin olduğunu xüsusi vurğulayıb. Onu da xüsusi vurğulayaq ki, liderlərin keçirdiyi mətbuat konfrasında verilən suallardan biri də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda baş tutan danışıqlar barədə olub.

Jurnalistlərdən biri Trampa sual ünvanlayıb:

“Cənab Prezident, bir neçə ay əvvəl Siz Prezident Əliyev və Baş nazir Paşinyanla görüşmüsünüz. Həmin görüşlə bağlı davam olaraq nələri qeyd etmək istərdiniz? Xüsusilə, Azərbaycan və Ermənistan arasındakı danışıqların hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?”

Ağ Ev rəhbəri bu suala qısaca “heç bir şey deyə bilmərəm” deyə cavab verib.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, bu görüş dünyanın diqqət mərkəzində idi: “Bizim üçün Ərdoğan Tramp görüşü Azərbaycan və Ermənistan arasındakı münasibətlərin gələcək konturları baxımdan önəmli idi. Heç şübhəsiz ki, qapalı danışıqlarda bu məsələ xüsusi müzakirə mövzusu olub. Çünki Zəngəzur dəhlizinin açılması ABŞ və Türkiyənin maraqlarının üst-üstə düşdüyü məsələlərdəndir.

Şübhəsiz ki, Ermənistanın gələcəyi və sabahkı taleyi Azərbaycan və Türkiyədən asılı olacaq. Çünki işğalçı ölkənin qərb qonşusu Türkiyə, şərq qonşusu isə Azərbaycandır. Bunu Tramp və onun komandası da yaxşı başa düşür. Şübhəsiz ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması, diplomatik münasibətlərin qurulması, Azərbaycanla sülh sazişinin tezləşdirilməsi üçün ABŞ-ın daha da fəallıq göstərməsi məsələləri müzakirə edilib".

Siyasi təhlilçi diqqətçəkən bir məqamı da önə çəkib: “Trampın Oval ofisdəki son görüşlərinə baxaq; ABŞ prezidenti əvvəlcədən razılaşdırılan, razılıq əldə edilən, sənəd imzalanma ehtimalı yüksək olan görüşləri məhz burada gerçəkləşdirir. Bu baxımdan, düşünmək olar ki, Tramp-Ərdoğan görüşündə bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sülh sazişi, Zəngəzur dəhlizi ilə bağlı bir sıra önəmli və şifahi razılaşmalar da əldə edilib.

Ağ Evdəki görüşün əsas gündəmi Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasından sonra tətbiq edilən F-35 sanksiyaları olub. Liderlər iki ölkə arasında müdafiə sənayesi ilə bağlı fikir ayrılıqlarını həll etməyə çalışıblar. ABŞ və Türkiyə üçün uğur sayıla biləcək nəticələrin əldə olunduğunu düşünmək olar. Düşünürəm ki, Tramp administrasiyası Türkiyəyə F-35 satışına qoyulan qadağanı aradan qaldırmağı nəzərdən keçirəcək".

Onun sözlərinə görə, hətta Tramp Ərdoğanla görüşdə bunu açıq şəkildə ifadə etdi: “Həmçinin Vaşinqton enerji və müdafiə sektorlarında Rusiya ilə sıx əlaqələr müstəvisində narahatlıqlarını da dilə gətirib. Əgər Tramp Ərdoğanın istəklərini yerinə yetirsə, Ankara Moskva ilə münasibətlərini də dondurmağa hazırdır. Çünki Ankara Qərblə münasibətsizlik sindromunu sığortalamaq üçün Moskva ilə əməkdaşlıq edir. Digər tərəfdən, Tramp Türkiyəyə F-35 satışında yaşıl işıq yandıra biləcəyini desə də, Ərdoğanı Rusiya neftini almağa davam etdiyinə görə tənqid edib. Bu, Vaşinqtonun Ankara ilə bağlı təhlükəsizlik narahatlıqlarının davam etdiyini göstərir. Dünyanın aparıcı beyin mərkəzləri də düşünür ki, Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı canlandırmaq istəyən Tramp Ərdoğana Rusiyadan enerji alışını məhdudlaşdırması üçün təzyiq edib. Bu addım NATO daxilində güc balansına da təsir edə bilər. Deməli, Tramp Ərdoğan görüşü Rusiya məsələsində o qədər də effektiv olmayıb. Bundan başqa, görüşdə Qəzza böhranı və Yaxın Şərqdə sülh axtarışları da ön plana çıxıb. Tramp Türkiyənin vasitəçilik rolunu vacib və dəyərli olaraq xarakterizə edib. Fikrimcə, ABŞ və Türkiyə bu məsələdə anlaşa bilməyiblər. Çünki Osmanlının varisi kimi çıxış edən Türkiyə Fələstinin yanındadır. Ankara bu məsələdə hər hansı bazarlığa gedə bilməz. Ən azından, indiki mərhələdə bu mümkün olmayacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR