İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan iqtidarı “haça-paça” durumda - nə Rusiyadan silah ala bilir, nə də NATO-dan

Kapitulyant Ermənistan öz ordusunu təzədən qurmaq üçün israrla yollar axtarır. Bu məqsədlə hərbi islahatlara start verib, hətta peşəkar ordu quruculuğunu xəyal edir. Təsadüfi deyil ki, Ermənistanın müdafiə naziri Suren Papikyan cəmi bir ay ərzində Amerikadan vurub Avropadan, Tehrandan vurub Nyu-Dehlidən çıxıb.

Bugünlərdə isə o, Moskvada oldu. Ermənistan və Rusiya müdafiə nazirlikləri 2023-cü il üçün hərbi əməkdaşlıq proqramı imzaladılar. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sənəd Ermənistan və Rusiya müdafiə nazirləri - Suren Papikyan və Sergey Şoyqu arasında keçirilən görüşdə imzalanıb. Görüş zamanı regional təhlükəsizlik, eləcə də hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı bir sıra aktual məsələlər müzakirə edilib. Təbii ki, Rusiyadan silah tədarükü məsələsi də diqqətdə olub.

Ancaq gülməlisi odur ki, Papikyan Moskvada olarkən Ermənistan Müdafiə Nazirliyinin baş katibi Hamlet Batikyan da Brüsseldə NATO-da ikitərəfli görüşlər keçirirdi. Bu məlumatı da Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Beləcə, kapitulyant ölkə Rusiya ilə Qərb (NATO) arasında “haça-paça” durumda qalıb. Hər ikisindən silah umsa da, heç birindən kömək gəlmir! Rusiya ona hansı müasir silahları verə bilər, əgər Ukraynaya görə özünün uzun müddətə onlara ehtiyacı varsa? Üstəlik, bahalı modern silahları Ermənistan hansı pulla alacaq?

NATO ölkələri isə Ermənistan KTMT üzvü ola-ola, Rusiyanın hərbi müttəfiqi kimi qala-qala ona silah-sursat verməyə hazırlaşmır. Bunu İrəvana açıq deyirlər. Hətta Fransa da bunu gizlətmir və “kiçik bacısı”ndan qərar gözləyir. Qalır İran və Hindistan.

Ermənistan öz ordusunu dirçəldə biləcəkmi? Biləcəksə, necə və hansı müddətə? Azərbaycanın bunu əngəlləmək üçün resursları necədir?

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının  dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC

Azər Badamov: “Bu, onları tamamilə məhvə aparacaq”

Deputat Azər Badamov Ermənistanın istəyinə nail ola bilməyəcəyini söylədi: “Paşinyan islahatlar aparmaqla darmadağın olunmuş ordusunun yenidən formalaşdırılmasına can atır. Yenidən ordusunun formalaşdırılması üçün isə müasir silahlara ehtiyac var. Bu silahları Ermənistana kim verəcək? Hesab edirəm ki, heç kim. Paşinyan və onun komandası Qərb, Rusiya və Hindistanla qapı-qapı gəzib öz hərbi tör-töküntüləri üçün silah almaq istəyir. Amma Ermənistana ruh verən ölkələr öz işlərini ancaq kənardan yağlı söz tədarükü ilə bitmiş hesab edirlər. Çünki silahlar pulla satılır və Ermənistanın da müasir silahları almağa pulu yoxdur.

Papikyanın Moskvaya səfəri və səfər çərçivəsində rusiyalı həmkarı ilə hərbi əməkdaşlıq haqqında sənədi imzalayaraq müasir silah almaq istəyi həm də gülməli çıxır. Ona görə ki, Moskvanın Ukraynada müharibəni davam etdirməsi üçün özünün müasir silahlara ehtiyacı var. Əgər Moskvanın özünün müasir silahları olsaydı, Ukraynanın qarşısında aciz qalaraq geri çəkilməzdi. Digər məsələ isə Rusiya ilə paralel olaraq digər bir nümayəndəsinin NATO və Fransadan hərbi yardımla bağlı danışıqlar aparmasıdır. Yəni qeyd etdiyim kimi, bu gün erməniləri yenidən müharibəyə ruhlandıranlar öz pullarının qədrini yaxşı bilirlər və havayı yerə Ermənistana heç nə vermək fikrində deyillər. NATO və Qərb hərbi yardım göstərdikləri ölkələrdən göstərdikləri yardımının yüz dəfə artığını geri alırlar.  Onlar yaxşı bilirlər ki, Ermənistandan ala biləcəkləri heç nə yoxdur və ona görə də bu ölkəyə hər hansı hərbi yardımın olacağını düşünmürəm.

Hesab edirəm ki, Paşinyan və onun komandasının Ermənistan ordusunu yenidən formalaşdırmaq arzusu boş xəyaldan başqa bir şey deyil. Ona görə də Paşinyan zamanı düzgün dəyərləndirib Azərbaycanla masa arxasında problemləri həll etməyə çalışsa, bu, Ermənistanı bir az inkişafa apara bilər. Əks halda, boş-boşuna nağıllara inanıb yenidən silaha əl atmağa cəhd edərlərsə, bu, onları tamamilə məhvə aparacaq".

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı: “Rusiya Ermənistana pulsuz silah verməyəcək”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Rusiyanın belə Ermənistana pulsuz silah verməyəcəyini qeyd etdi: “44 günlük Vətən müharibəsində Ermənistan ordusunu və böyük texnikasını darmadağın etmişik. Minlərlə canlı qüvvəsi məhv olub. On minlərlə əsgəri əlil, şikəst olub. Milyardlarla dollar həcmində hərbi texnikasını sıradan çıxartmışıq və ya qənimət kimi ələ keçirmişik. Bütün bunlar faktdır. Məhv olmuş erməni ordusu yenidən silahlanmaq siyasətinə əl atır. Nə qədər həyasız millətdirlər ki, baş verənlərdən ciddi nəticə çıxarmırlar. Son 30 ildə Rusiya, İran və digər ölkələr Ermənistanı pulsuz silahlandırdılar. Hətta Rusiya uzaqməsafəli, nüvə başlığı daşıya biləcək "İsgəndər-400" raketi ilə təmin etdi. Milyardlarla dollar dəyərində silah bağışlamışdı. Ancaq 44 günə Azərbaycan Ordusu Ermənistan ordusunu diz çökdürdü. Rusiya Ermənistana bu gün pulsuz silah verməyəcək. Özü iqtisadi böhran içində olan Rusiya ermənilərə ən müasir silahını verməz. Ermənistanın dövlət büdcəsinin həcmi həddindən artıq azdır, cəmi 4 milyard. Bu vəsaitlə necə silah ala bilər? Ancaq İran bu gün müəyyən silahları verir. İranda da müasir silahlar yoxdur. NATO hansı əsasla Ermənistana silah verər? Ermənistan NATO üzv deyil və bu da qeyri-mümkündür. Həmçinin Türkiyə NATO-nun ən önəmli üzvlərindən biridir. Türkiyə heç vaxt buna imkan verməz. Ermənilər bu gün silahlanma haqda yox, Azərbaycanla sülh haqda düşünməlidirlər. Yoxsa 44 günlük Vətən müharibəsindən də ağır nəticələrlə qarşılaşacaqlar. Erməni ziyalılar fikirləşməlidir ki, Azərbaycanla növbəti müharibə ermənilərin gələcək genofondunu tamamilə məhv edəcək".

hərbi ekspert Ramil Məmmədli Archives » BAYRAQDAR MEDİA

Ramil Məmmədli: “İrəvanı silah almaqla bağlı çox ciddi problemlər gözləyir”

Hərbi ekspert Ramil Məmmədli də bildirdi ki, Ermənistan hazırda hərbi vasitələrin alınması məsələsində çox ciddi çətinliklər yaşamaqdadır: “Ermənilərin hər zaman silah aldıqları əsas ölkə Rusiya olub. Lakin Rusiya Ukrayna ilə müharibəyə başlayandan bəzi məhsulların rəsmi, yaxud da qeyri-rəsmi şəkildə ixracına qadağa qoyub. Nəinki kənar ölkələrə, müttəfiqi olduğu ölkələrə belə bu qadağını tətbiq edib. Analoji addımı Belarus da atıb. KTMT-nin əsas güclü ölkələrindən biri olan Qazaxıstan da 2023-cü ilin sonlarına qədər hərbi təyinatlı vasitələrin xaricə satışını dayandırıb. Bu qurumun digər ölkələri isə əsas silah istehsal edən ölkələr deyillər. Ermənistan uzun müddət KTMT ölkələrindən hücum təyinatlı silahların, hərbi təyinatlı vasitələrin alınmasına nail ola bilməyəcək. Bu baxımdan Ermənistan alternativ ölkələr kimi İran və Hindistana üz tutmaq məcburiyyətindədir. Bu iki ölkənin silah sənayesində isə keçmiş SSRİ-nin bazası əsasında yaradılan məhsullar yer alır. Hətta deyərdim ki, Rusiyanın silah sənayesindən belə aşağı səviyyədə yaradılan məhsullardır.

Ermənistanın başqa variantı da qalmayıb, maliyyə qaynaqları da çox deyil. Bunun üçün də böyük layihələri həyata keçirə bilmir, o cümlədən silah alışını. Hindistanla 260 milyon həcmində müqavilə imzalayıb. Açığı, inanmıram ki, Hindistan bu maliyyəni almamış ermənilərə hər hansı silahları tədarük etsin. İran da həmçinin. Bu baxımdan bu prosesin uzun müddət çəkəcəyini söyləmək olar. Digər tərəfdən, Rusiya ilə də uzun müddət əvvəllər olduğu kimi səmimi müttəfiqlik prosesini həyata keçirə biləcəyi inandırıcı deyil. Çünki Ermənistan bir sıra NATO ölkələri ilə bəzi layihələr həyata keçirmək niyyətindədir ki, burada silah alışı da var. Bunun diplomatik problemlərlə üzləşmə ehtimalı var. Çünki Azərbaycan silah satan ölkələrə diplomatik yollarla təzyiqlər etməyə cəhdlər edəcək. Təbii ki, bunun da qarşısını birmənalı şəkildə almaq mümkün deyil. Amma iqtisadi və digər resurslarımızla müəyyən nailiyyət əldə edə bilərik. Bir məsələ də var ki, həmin layihələri Ermənistanda həmin ölkələr həyata keçirə bilər. Qərb Ermənistandan seçimini etməyi qəti şəkildə tələb edəcək".

Ekspert ordunun inkişafının ilk növbədə iqtisadi resurslarla bağlı olduğunu  söylədi: “Ermənistanın iqtisadi resursları yüksək səviyyədə deyil. Maliyyə imkanları da çox zəifdir. Azərbaycan tərəfi isə ordusunun inkişafı layihələrini həyata keçirir. Ermənistanın nələrsə ala bilməsi ordusunun güclənməsi, Azərbaycan Ordusundan güclü olması demək deyil.

Bir məsələni də deyim. Hər bir hərbi vasitəni müqavilə bağlanan kimi almaq mümkün deyil. Bu bəzən 3 il də davam edir. Ermənistanın bəzi Şərqi Avropa ölkələri ilə əlaqələri yaxşıdır. Serbiyanın adını çəkə bilərik. Ermənistan vaxtilə bu ölkədən müəyyən hərbi texnikalı vasitələr əldə edə bilib. Lakin Azərbaycanla Serbiya arasında münasibətlərin yaxşılaşması, serblərin rəhbərinin azərbaycanlı həmkarı ilə yaxşı əlaqələrə sahib olması Ermənistanla olan silah bazarının aradan qaldırılması ilə nəticələnib. Bundan sonra inanmıram ki, ermənilər Serbiyadan silah ala bilsinlər. Ermənistanı qarşıda silah alma ilə bağlı çox ciddi problemlər gözləyir. Bu problemlər təkcə ticari deyil, həm də siyasi məsələlərlə bağlıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR