Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Vaşinqton gələcəkdə Rusiyadan boşalacaq yerin hər hansı başqa bir qüvvə deyil, məhz ABŞ tərəfindən doldurulmasını istəyir”
Ermənistanın baş naziri Nikol Paşinyan iki aydan da az bir müddətdə İrəvanda ABŞ səfiri Kristina Kuin ilə ikinci dəfə bir araya gəlib. Rəsmi məlumata görə, görüş zamanı əməkdaşlıq məsələləri müzakirə edilib. Paşinyan ikitərəfli əlaqələrin inkişafının vacibliyini qeyd edib və Ermənistanda “demokratik islahatların” həyata keçirilməsində ABŞ-ın rolunu vurğulayıb.
O, həmçinin bəyan edib ki, İrəvan ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesi çərçivəsində səylərini və regionda sabitliyin bərqərar olması istiqamətində atdığı addımları yüksək qiymətləndirir. “Həmsöhbətlər habelə Cənubi Qafqazda gedən proseslər və regional kommunikasiyaların blokadadan çıxarılması imkanları ətrafında fikir mübadiləsi aparıblar”, - qeyd olunub.
Maraqlıdır ki, eyni gündə baş nazirin müavini Mqer Qriqoryan da amerikalı səfiri qəbul edib. “Görüş zamanı Ermənistan-Amerika əməkdaşlığının gündəliyi ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Tərəflər Amerika biznesinin Ermənistanda olmasının vacibliyini vurğulayıblar. Bu kontekstdə baş nazirin müavini Ermənistanda ən cəlbedici investisiya mühitinin təmin edilməsi üzrə görülən işləri təqdim edib. Həmsöhbətlər regionda baş verənlərlə bağlı da fikir mübadiləsi aparıblar”,- rəsmi açıqlamada bildirilir.
Görəsən, ABŞ səfiri ilə təmasların intensivləşməsi nə ilə bağlıdır - Rusiya amili ilə, sülh danışıqlarının Vaşinqton formatını bərpa etmək cəhdi ilə, Azərbaycana qarşı hansısa sərhəd təxribatı hazırlığı ilə, yoxsa...
Yada salaq ki, az öncə “Qraparak” erməni nəşri iddia etmişdi ki, Birləşmiş Ştatlar hökuməti N.Paşinyandan narazıdır və hətta Təhlükəsizlik Şurasının katibi, qatı antirusiyaçı Armen Qriqoryanı ona varis qismində görür. “Əgər Paşinyan Qərbin tələblərini yerinə yetirməsə, Azərbaycanla sülh sazişi imzalamaqdan imtina etsə və Rusiyaya qarşı aydın siyasət yürütməsə, o zaman onun yerinə Armen Qriqoryanın gəlməsi mümkündür. Hansı ki, öz planlarını tərəddüd etmədən və böyük məmnuniyyətlə reallaşdıracaq”, - nəşr yazmışdı və onu da əlavə etmişdi ki, əgər komandadaxili müzakirələrdə Paşinyan əvvəllər bu ssenarini ciddi qəbul etmirdisə, indi Qriqoryanın Qərblə “müstəqil oyunu”ndan narahat olmağa başlayıb.
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanı hakimiyyətə gətirən güclərin başında ABŞ-ın dayandığı heç kimə sirr deyil. Bu da təbiidir. Dünyada ikinci ən böyük səfirliyi məhz Ermənistanda olan ABŞ bütün imkanlarını səfərbər edərək anti-Rusiya mövqeyi ilə seçilən, istər jurnalistlik fəaliyyətində istərsə də ondan sonrakı siyasi fəaliyyəti zamanı davamlı şəkildə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasının vacibliyini qeyd edən birini hakimiyyətə gətirmkdə maraqlı idi və bunu da etdi. Paşinyana öz mövqelərini möhkəmləndirmək üçün müəyyən zaman intervalı tanındıqdan sonra indi ondan götürdüyü öhdəliklərin icrası tələb olunur: “Paşinyan da öz növbəsində addım-addım olsa da bu öhdəliklərin icrası istiqamətində müəyyən addımlar atır. KTMT-nin tədbirlərinin faktiki olaraq baykot edilməsi, Putini də hədəfə alan Roma Statutuna qoşulma ilə bağlı atılan addımlar, Rusiyanı hədəfə alan açıqlamalar, rəsmi Kremlin bütün etirazlarına baxmayaraq Avropa İttifaqının müşahidə missiyasının regiona yerləşdirilməsi, ABŞ-la hərbi təlimlər buna əyani misaldır.
Bütün bunları nəzərə aldıqda Paşinyanın qısa bir zaman ərzində ABŞ səfiri Kristina Kuin ilə bir araya gəlməsi təəccüblü görünməyə bilər. Təbii ki, bu görüşlərdə müzakirə olunan məsələlər rəsmi olaraq elan olunduğu kimi, heç də özündə hansısa demokratik islahatların həyata keçirilməsini ehtiva etmir. Əgər belə olsaydı, ABŞ ən azından bir dəfə Ermənistanda insan hüquqlarının vəziyyəti, siyasi məhbuslar, jurnalistlərin həbsi ilə bağlı məsələlərlə əlaqəli mövqe ortaya qoyar və rəsmi İrəvana bu və ya digər şəkildə etirazını bildirərdi".
Politoloqun sözlərinə görə, hər kəsə aydındır ki, ABŞ-a Ermənistanda hansısa demokratik islahatlar deyil, məhz özünün maraqlarının təmin olunması vacibdir. Bu maraqlar isə Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasını ehtiva edir: “ABŞ eyni şəkildə Ermənistanın Fransa və ümumiyyətlə, Avropa İttifaqı ilə münasibətlərinin də öz nəzarəti altında həyata keçirilməsini istəyir. Başqa sözlə desək, Vaşinqton gələcəkdə Rusiyadan boşalacaq yerin hər hansı başqa bir qüvvə deyil, məhz ABŞ tərəfindən doldurulmasını istəyir. Odur ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında da Vaşinqton formatına üstünlük verilməsində maraqlıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, bizlər yaxın gələcəkdə Ermənistanın ABŞ-ın maraqlarının təmin olunması istiqamətində daha qəti addımlar atacağına şahidlik edəcəyik".
Politoloq həmçinin qeyd etdi ki, ABŞ Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyini reallaşdıra bilməməsi üçün Paşinyan iqtidarı ilə əlaqələri intensivləşdirib.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ