İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdən sahibkarlara növbəti güzəşt

Deputatlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklikləri təsdiqlədilər

Dekabrın 26-sında Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Cari məsələlər zamanı çıxış edən deputat Əli Məsimli diqqəti kənd təsərrüfatındakı duruma yönəltdi: “Bu sahədə həllini gözləyən vacib problemlər sırasında su ehtiyatlarından səmərəli istifadə və suvarma məsələsi xüsusi yer tutur. 

Belə ki, cari təsərrüfat ilində Şəki rayonunda payızlıq əkinlər üzrə məhsuldarlıq əlverişsiz iqlim şəraiti səbəbindən son dərəcə aşağı səviyyədə olmuşdur. Rəsmi statistik yox real göstəricilərdən çıxış etsək, sahələrin çoxundan bu il 13-17 sentner buğda və arpa yığılıb. Arpa əkinləri üzrə vəziyyət daha kritik olmuşdur. Bildiyimiz kimi, Şəkidə əsasən, dəmyə əkinçiliyidir. Bu baxımından quraq illərdə məhsuldarlıq olduqca aşağı səviyyədə olur. Kəndli nəinki gəlir əldə edə bilmir, qoyduğu sərmayədən belə məhrum olur və müflis duruma düşür. Bu mənada quraqlıq əslində təbii fəlakət hesab edilməlidir. Son iki ildə ölkəmizdə aqrar sığortanın tətbiqinə başlanılıb. Lakin qeyd etməliyik ki, sığorta zərfinə quraqlıq hadisəsi düşməyib. Axı sel, dolu və sair hadisələrlə yanaşı, dəmyə əkinçiliyinin tətbiq olunduğu bölgələrimizdə quraqlıq hadisəsi daha böyük ziyan vurur və ilin quraq keçməsi bizim iradəmizlə əlaqəli deyil və ona qarşı mübarizə üsulları yoxdur. Halbuki yanğına qarşı təhlükəsizlik tədbirləri görülə bilər, doluya qarşı dolu dağıdan vasitələrdən yararlana bilərik və s. Eyni zamanda sonuncu sadaladığımız hadisələr kütləvi olmur, lokal-məhəlli xarakterli olur. Quraqlıq isə bütün bölgəni əhatə edir. Qeyd edilənlərdən çıxış edərək təklif edirik ki, ”Aqrar sığorta haqqında" qanuna dəyişiklik edərək quraqlıq hadisəsi sığorta zərfinə əlavə edilsin".

Deputat Bəhruz Məhərrəmov bildirdi ki, Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi Azərbaycanın beynəlxalq hüquqa sədaqətinin və ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin ifadəsidir. Qeyd etdi ki, əslində, Azərbaycanın ekoloji məsələlərdən danışmağa hər kəsdən çox haqqı var: “Çünki ilk növbədə ”Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmaq bizim milli prioritetimizdir. Digər tərəfdən,  30 il ekosidə məruz qalan Livan ölçüdə bir ərazidə işğala son qoyaraq böyük ekoloji fəlakətin qarşısının alınması elə BMT-nin Çərçivə Konvensiyasının, Kioto Protokolu və Paris Razılaşmasının qlobal miqyasda təntənəsi deməkdir. Təsadüfi deyil ki, məhz bu inkaredilməz amillər qarşısında hətta bizə qeyri-dost olan subyektlər belə əks arqument tapmadı və dünya birliyi böyük hörmət və etimad göstərib COP 29-un Azərbaycanda keçirilməsi barədə yekdil qərar verdi".

B.Məhərrəmov qeyd etdi ki, cənab İlham Əliyev COVİD 19-la mübarizədə olduğu kimi, iqlim dəyişikliyi üzrə qlobal səylərin birləşməsində də təşəbbüsləri ələ almaqda və ölkəmizi bu istiqamətdə əsas oyunçulardan birinə çevirməkdədir. Deputat qeyd etdi ki, bu gün Qərb neoimperializmi, Azərbaycan lideri qarşısında aciz qalıb Qafqazı digər bölgələr kimi qütblərin qarşıdurma bataqlığına çevirə bilmir: “Ən azı elə buna görə, bu bölgənin digər hər bir sakini, hər bir gürcü, hər bir erməni və Qafqazın hər bir etnosu cənab İlham Əliyevə minnətdar olmalıdır”.

Deputat Etibar Əliyev “Böyük Qayıdış”dan danışaraq bildirdi ki, 30 ildən sonra yenidən evimizə qayıdırıq: “21 dekabr 2023-cü ildə Xankəndi stadionunda Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışını bu sözlərlə başladı. ”Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz! İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bizə məkanımızı qaytaran Prezidentimizə əbədi olaraq minnətdar olmalıyıq. Dövlətimizin başçısı keçən il ad günündə 24 dekabrda Qərbi Azərbaycan İcmasının inzibati binasında tarixi bir nitq söylədi. Həmin nitqin sonuncu fikri praqmatik çağırışdır: “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah.”  Bəli, İlham Əliyevin “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”  fikri öz təsdiqini 7 fevral 2024-cü ildə də ən yüksək səviyyədə tapacaq. Bütün Qərb dünyası görəcək ki, seçki mədəniyyətinin, seçki coşqunluğunun iki ölkəsi var:  Türkiyə və Azərbaycan!"

Deputat Tural Gəncəliyev Fransadakı anti-Azərbaycan addımlara etirazını bildirdi. Qeyd etdi ki, Fransada Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin sökülməsi ilə bağlı xəbərlər var: “Bu, Fransanın Azərbaycan mədəniyyətinə qarşı atdığı addımlardan biridir. Vaxtı ilə Ermənistandan bizə qarşı istifadə edən Fransa ölkəmizin mədəniyyətinə qarşı addımlar atır. İndi Azərbaycana, onun mədəniyyətinə qarşı belə irtica addım Fransanın əsil üzünü göstərmiş olur”.

T.Gəncəliyev Ermənistanı yenidən silahlandıranların məqsədlərinə nail ola bilməyəcəklərini bildirdi: “Ermənistanı yenidən silahlandıranlar revanşist qüvvələri alovlandırmaq məqsədi güdürlər, amma buna nail ola bilməyəcəklər. Təəssüflər olsun ki, vaxtilə Ermənistandan manipulyasiya aləti kimi istifadə edən, sonradan xunta rejiminin əli ilə Qarabağda xaos yaratmaq istəyən Fransa indi də Azərbaycan mədəniyyətinə qarşı, Qarabağın, mədəniyyətimizin simvolu olan Xurşidbanu Natəvana qarşı belə hərəkətlərə yol verir”. Deputatın sözlərinə görə, ironiya ondan ibarətdir ki, dünyada mədəni və qeyri-mədəni irsin qorunmasına məhsul olan UNESCO-ya ev sahibliyini Fransa edir. Bu da çox təəssüfedici haldır. “Ümumiyyətlə, Fransanın irtica siyasətini ifşa edən rıçaqlarımızı işə salmalıyıq. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və dünyanın digər ölkələrinə dərs keçəcək sonuncu ölkədir”.

Deputat Hikmət Babaoğlu da Fransada Natəvanın heykəlinin sökülməsinə etirazını bildirdi: “Hazırda Fransanın Azərbaycan mədəniyyətinə qarşı addımlarını görürük. 44 günlük müharibədə Fransa bizim əleyhimizə bəyanatlar səsləndirəndə bizdən heç kim Hüqonun əsərlərini yandırmaq niyyətinə düşməyib. Bunun səbəbi bizim mədəni xalq olmağımızdır”.

 Deputat Sahib Alıyev isə dedi ki, Fransa deyəsən, yenidən öz qaranlıq və sözün hər anlamında üfunətli keçmişinə dönməklə yanaşı, Xan qızının qəbrini dağıdan hay vandallarıyla eyni dalğada olduğunu, böyük bacılığını bunda da göstərir: “Üfunətli keçmiş deyərkən mənim yadıma 11-ci əsrdə səlibçiliyin təzə baş qaldırdığı dövrlərdə Fransa kralı birinci Anrinin xanımı Anna Kiyevskayanın atası Yaroslav Mudrıya göndərdiyi məktub düşdü. O məktubda qeyd edilirid ki, Kralın üfunət iyi verən sarayında oxumağa nə bir kitab var, nə də musiqi alətlərində ifa edə biləcək adam. Kral özü isə savadı olmadığından imza əvəzinə sadəcə xaç şəkili çəkir. Düzdür, prezident Makron  yazıb-oxumağı bacarır, amma bir sıra hərəkətləri ilə Kral Anridən elə də çox fərqlənmədiyini ortaya qoyur. Onun əyləşdiyi Yelisey sarayı isə yenə üfunət iyi verir, oradakı kabinetlərdən ksenofobiya, islamafobiya qoxusu gəlir.  Küçələrində siçovullar dolaşan, seqraqasiya prinsipi əsasında kvartallara bölünən  Paris də bütövlükdə onun kimi iy-qoxu içindədir. Yeri gəlmişkən, mən sosial şəbəkədə arada gənclərimizin sevgi şəhəri adlandıraraq  həmən Parisdən fotolar paylaşdıqlarını görürəm. Ancaq istərdim bilsinlər ki, Avropada Parisə sevgi şəhəri deyəndə tamam başqa şeylər nəzərdə tutulurdu. Söhbət o Parisdən gedir ki, 1945-ci ildə oradakılar öz qadınlarının başlarını qırxmaqla namuslarını yuduqlarını, Hitler Almaniyasından qisas aldıqlarını deyirdilər. Və belə qadınların sayı yüz mini ötürdü”.  

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Arbitraj haqqında” Azərbaycan Respublikası qanununun layihəsini diqqətə çatdırdı. O, layihənin mətnində dəyişiklik edilmədən müzakirəyə təqdim olunduğunu dedi. Qanun arbitrajın həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyir, arbitraj sazişinə dair tələbləri, Azərbaycan Respublikasında arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Milli Məclisin sədri Sahibə Qafarova növbəti məsələnin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirdi və sənədin bir oxunuşda qəbul ediləcəyini qeyd etdi.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, 2015-ci ildən etibarən bu Qanunun 2-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində yoxlamaların keçirilməsinə məhdudiyyət tətbiq olunur. Qanun layihəsində yoxlamaların dayandırılması müddətinin daha bir il müddətinə - 2025-ci il yanvarın 1-dək uzadılması nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Milli Məclisin payız sessiyasının son iclası dekabrın 30-da keçiriləcək.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR