İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə təyyarəmizin vurulmasından danışıldı

“Dekabrın 25-də Rusiyanın hava məkanında təyyarəmizin vurulması nəticəsində həyatını itirənlər bu gün vətənə gətirilib torpağa tapşırılırlar. Onlara bir daha Allahdan rəhmət, doğmalarına səbr diləyirəm!”

Musavat.com-un parlament müxbiri xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisin iclasındakı çıxışında söyləyib.

Qeyd edib ki, baş verən bu hadisə bizim üçün təkcə faciə yox, ətrafımızda nələrin cərəyan etdiyini, böyük adlandırılan dövlətlərin özlərini necə apardıqlarını nəzərə alsaq, həm də bir sınaq idi:

“Bütün dünya görür ki, biz dövlət və millət olaraq bu sınaqdan da şərəflə çıxmaqdayıq. Prezidentimiz cənab İlham Əliyevin bu haqda xəbər alan kimi Sankt-Peterburqa səfərini dayandırıb geri dönməsi, araşdırma aparmaq üçün təcili olaraq dövlət komissiyası yaradılması, qəza enişi edilən Aktauya iki nazir və mütəxəssislərin yer aldığı heyətin göndərilməsi, tam dəqiqləşdirilmədən hər hansı rəsmi açıqlamanın verilməməsi, kimlərinsə iz azdırmaq cəhdləri kimi bəlli çevrələrin bu olaydan Azərbaycan-Rusiya əlaqələrini korlamağa çalışmalarının da qarşısının alınması, Azərbaycan dövlətinin nə dərəcədə dəqiq, soyuqqanlı və məsuliyyətli davrandığını ortaya qoydu”.

S.Alıyev daha sonra bunları bildirib:

“Qeyri-adekvatlığıyla diqqət çəkən bəzilərinin yardım təklifini rədd edən, təyyarənin vurulması faktının təsdiqlənməsini və buna da uyğun addımlar atılmasını istəyən dövlətimizin özünü böyük sayanlardan nə qədər ucada durması da, uçuş heyətinin yüksək peşəkarlığı və gözyaşardıcı fədakarlığı da daim yaddaşlarda qalacaq. Kaş ki, təyyarəmizi səhv salıb vuranlar da az da olsa, vurduqları təyyarədəki uçuş heyətinin üzvlərinə bənzəyərdilər. Bu günlərdə millətimizin, eyni zamanda başında lider yox, muzdlu bloqerin durduğu AXCP ilə Müsavatı çıxmaqla ölkədəki bütün partiyaların sərgilədikləri yüksək həmrəyliyi, mediamızın peşəkar davranışını ayrıca qeyd etməyə bilmirəm. İnsanpərvərliklərinə, qardaşcasına hərəkətlərinə görə qazax xalqına bu yüksək kürsüdən də minnətdarlığımı çatdırıram!”

Deputat onu da dedi ki, cənab İlham Əliyevin Sərəncamıyla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunduğu gün Rusiya Prezidentinin təyyarəmizin vurulmasıyla bağlı dövlət başçımıza üzrxahlıq zəngi etməsində bir rəmzilik var: “Bu, həmən Sərəncamdakı "Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir” cümləsinin heç də gəlişi gözəl sözlər olmadığını, reallığı tam əks etdirdiyini təsdiqləmirmi? Və bu həm də onun təsdiqi deyilmi ki, yeni dünya düzəninin formalaşması yönündə çox mühüm addımların atılacağı 2025-ci ildə Azərbaycan öz Konstitusiyasını və Suverenliyini hər şeydən yüksək tutmaqda qərarlıdır. Diqqətinizə görə təşəkkür edirəm!”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

31 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR