Onlayn ictimai-siyasi qəzet
Bakıda oğlunu işə düzəltmək istəyən şəxs aldadılıb. Bu cinayət işində sabiq təhsil şöbəsinin müdiri və özünü deputatın xalası oğlu kimi təqdim edən şəxslərin adı keçir.
Musavat.com xəbər verir ki, 64 yaşlı Faiq Q. dələduzluqda təqsirləndirilərək hakim qarşısına çıxarılıb.
Təqsirləndirilən şəxs Faiq Q. ifadəsində deyib ki, “Azadlıq” metrostansiyasının yaxınlığında təqaüdçülərin toplaşdığı kafedə Şamil adlı şəxsi tanıyıb. Sonradan Şamil Nurəliyevin Saatlı Rayon Təhsil Şöbəsinin müdiri işlədiyini öyrənib.
Onun sözlərinə görə Şamil Nurəliyevin tanışı olan Şəmsəli adlı şəxs oğlunu işə düzəltmək istəyib. Bu barədə Şamil Nurəliyev ona məlumat verib.
“Şamillə bir yerdə olanda Şəmsəli ona zəng elədi. Şəmsəli oğlu Ramazanı işə düzəltmək istədiyini dedi. Şamil də mənə söylədi. Bu işi həll edə biləcəyimi dedim. İşin 9 min manata düzələcəyini bildirdim. Əvvəlcə 5 min manat aldım. Sonra da min manat. Amma iş düzəlmədi” - deyə təqsirləndirilən şəxs bildirib.
Zərərçəkmiş Şəmsəli isə dindirilən zaman qeyd edib ki, onun aldadılmasında Şamilin də günahı var: “Məni Faiqlə Şamil tanış elədi. 5 mini verəndən sonra xərçəng xəstəsi olduğunu, min manat da müalicəsi üçün lazım olduğunu dedi. Həmin pulu da verdim. Faiq deyirdi ki, xalasının oğlu deputatdır. İşi onun əli ilə həll edəcəkdi. Amma iş düzəlmədi, pulumu da ala bilmədim. Pulun hamısını borc almışam. Şamil mənə deyirdi ki, Faiq pulu verməsə, özü verəcək”.
İşdə adı keçən Şamil Nurəliyev şahid kimi dindirilib. Ş.Nurəliyev vəzifəsində yol vediyi nöqsanlara görə işdən çıxarılıb.
Ş.Nurəliyev bildirib ki, bu işdə heç bir fəaliyyəti olmayıb: “Şəmsəli özü məndən xahiş etdi. Mən də Faiqlə əlaqələndirdim. Pulu verəndə orada olmamışam. 5 minatdan xəbərim var. Amma min manatın alınmasını bilmirəm”.
Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs pulunu tələb etdiyini deyib. Təqsirləndirilən Faiq Q. isə əməlindən peşman olduğunu, vaxt verilərsə, pulu ödəyəcəyini bildirib.
Məhkəmənin hökmü ilə Faiq Q. 2 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
İ.Muradov
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ