İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyanın xilas üçün sərhəd hiyləsi

Bakıda mühakimə olunan separatçı iddia edir ki, guya o, “sərhədini keçəndə” həmin bölgədə Azərbaycan postu olmayıb, amma... 

Ermənistan vətəndaşı Ruben Vardanyanın noyabrın 4-də keçirilən məhkəmə prosesi onun absurd tələbi ilə diqqət çəkib. Ruben Vardanyan növbəti vəsatətini təqdim edərək məhkəmə iclasına Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin dəvət olunmasını xahiş edib. Deyib ki, bu, ona qarşı irəli sürülən ittiham üzrə maddələrdən biri - Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə ilə bağlıdır. Vardanyanın müdafiəçisi Emil Babışov da təqsirləndirilən şəxsin mövqeyini və vəsatətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş edib.

Vəsatətə münasibət bildirən baş prokurorun böyük köməkçisi Vüsal Əliyev müdafiə tərəfinin vəsatətində kimin hansı səbəbdən dindirilməsini, həmin şəxsin şahid qismində hansı ifadəni verə biləcəyinin və bunun ifadənin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama nə kimi aidiyyətinin olmasını aydın göstərmədiyini, həmçinin Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının hazırkı iş üzrə qanunsuz sərhəd keçməyə dair ifadələrinə zərurət olmadığını deyib.

Bildirib ki, əgər təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini ittihamın əksinə olaraq qanuni şəkildə keçdiyini iddia edirsə və bunu sübut etmək istəyirsə, buna dair qanunlarda nəzərdə tutulmuş qaydalar var. Təqsirləndirilən şəxs Azərbaycanın ərazisinə qanuni şəkildə daxil olubsa, onun ümumvətəndaş pasportunda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin möhürü olmalıdır. Pasportunda həmin möhürü göstərməklə sübut edə bilər. 

Vüsal Əliyev vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib. Məhkəmə tərəfləri dinləyərək qərar qəbul edib. Qərara əsasən vəsatət baxılmamış saxlanılıb.

Ruben Vardanyanın gətirdiyi “arqumentləri” vaxtilə Avropa Məhkəməsinə daşıyan separatçılar da olub. Ruben Vardanyan və vəkilinin Azərbaycan sərhədini qanuni keçməsinə dair iddiası, əslində, beynəlxalq hüquqda artıq cavablandırılmış məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oxşar situasiyalarla bağlı çoxsaylı  qərar qəbul edib və bu qərarların məntiqi tam şəkildə Vardanyanın vəziyyətinə aiddir. Məsələn, “İlaşcu və digərləri Moldovaya və Rusiyaya qarşı” (2004) işində məhkəmə bəyan etmişdi ki, beynəlxalq səviyyədə tanınmayan “Dnestryanı Respublikası” adlı qurumun qəbul etdiyi qərarlar və həyata keçirdiyi “idarəçilik” aktları hüquqi qüvvəyə malik deyil. AİHM açıq şəkildə bildirdi ki, belə ərazilərdə fəaliyyət göstərən şəxslər tanınmış dövlətin,  yəni Moldovanın qanunlarına tabedirlər. Bu presedent göstərir ki, Ruben Vardanyanın da Laçın dəhlizi vasitəsilə qanuni keçid iddiası hüquqi baxımdan əsassızdır. Çünki Qarabağ ərazisi beynəlxalq səviyyədə Azərbaycanın suveren ərazisidir və oradan icazəsiz keçid, istər sülhməramlı müşahidəsi altında olsun, istərsə də yerli rəhbərliklə razılaşdırılmış, qanunsuz sayılır. “Catan və digərləri Moldovaya və Rusiyaya qarşı” (2012) işində də AİHM separatçı rejimin “öz qanunları”nı tətbiq etməsini tanımayıb və qeyd edib ki, beynəlxalq hüquqa görə həmin ərazinin statusu dəyişmir. Beləliklə, “faktiki idarəetmə” heç vaxt “qanuni idarəetmə” anlamına gəlmir. Vardanyan məhz belə bir arqument irəli sürür ki, guya o, “Azərbaycan sərhədini keçəndə” həmin bölgədə rəsmi Azərbaycan postu olmayıb. Ancaq AİHM-in qərarına görə, bu amil suverenliyin dəyişməsi anlamına gəlmir. Yəni sərhəd postu orada olsa da, olmasa da, ərazi Azərbaycanındır və ora icazəsiz daxil olan şəxs qanunu pozur. “Mozer Moldovaya və Rusiyaya qarşı” (2016) işi üzrə verilən qərarda da AHİM “Dnestryanı” adlı qurumun istənilən hüquqi aktını, sənədini və qərarını hüquqi baxımdan etibarsız sayıb. Məhkəmə vurğulayıb ki, belə rejimlər beynəlxalq tanınmadığı üçün onların “icazələri” və “sərhəd nəzarətləri” də heç bir hüquqi qüvvəyə malik deyil. Bu presedentə görə, Vardanyanın “sərhədi qanuni keçməsi” üçün ya Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin möhürü, ya da Azərbaycan tərəfinin rəsmi icazəsi olmalı idi. Bu sənədlər olmadıqda, istənilən keçid faktı, xüsusilə də gizli şəkildə və separatçı məqsədlərlə qanunsuz sayılır. AİHM-in presedent hüququ bir mənanı ortaya qoyur: separatçı və tanınmamış rejimlərin nəzarət etdiyi ərazilərdə “qanuni sərhəd keçidi” anlayışı yoxdur. Həmin ərazilərə daxil olan istənilən şəxs beynəlxalq səviyyədə tanınmış dövlətin,  bu halda Azərbaycanın qanunlarını pozub. Deməli, Ruben Vardanyanın sərhədi “qanuni keçdiyini” sübut etmək üçün istinad etdiyi arqumentlər hüquqi dəyər daşımır. Bu iddia onun özünün cinayət məsuliyyətini yüngülləşdirmir, sadəcə, məhkəmə prosesini uzatmaq və siyasi mübahisə atmosferi yaratmaq cəhdidir.

Bəs indiki halda Vardanyan Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin dəvət olunmasını niyə xahiş edib? Doğrudanmı sərhədi qanuni keçdiyini düşünür?

Fərhad Mehdiyevə qarşı dələduzluq edildi Yeni Sabah

 Fərhad Mehdiyev 

Beynəlxalq hüquq üzrə ekspert, politoloq Fərhad Mehdiyev “Yeni Müsavat”a deyib ki, Laçın rayonunun Ermənistanla sərhəd olan hissəsi Azərbaycanın beynəlxalq tanınan sərhədləri daxilindədir: “2020-ci ilin noyabrından etibarən Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq tərəfdaşlarına nota göndərmişdi. Qanunsuz keçid halları, o cümlədən Ruben Vardanyan kimi şəxslərin Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olması ölkəmizin suveren hüquqlarının pozulması kimi qiymətləndirilib. Əgər Vardanyan iddia edirsə ki, sərhədi qanuni şəkildə keçib, o zaman bu "qanuni keçid"in hansı dövlət orqanının icazəsi ilə baş verdiyini, pasportuna hansı möhürün vurulduğunu sübut etməlidir. Halbuki nə onun, nə də digər separatçı fiqurların belə sənədləri təqdim etməsi mümkün deyil. Çünki həmin dövrdə Azərbaycan ərazisində qanuni keçid məntəqələri fəaliyyət göstərmirdi, yalnız Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan zonadan istifadə edilirdi. Bu isə beynəlxalq hüquq baxımından Azərbaycanın razılığı olmadan həyata keçirilən hərəkət deməkdir. Vardanyanın məhkəmədə Dövlət Sərhəd Xidmətinin nümayəndəsini çağırmaqdla məqsədi prosesi uzatmaq, sərhədin statusu barədə süni mübahisə yaratmaqdır. O, özünü siyasi məhbus, yaxud qanunsuz saxlanılan şəxs kimi təqdim etməyə çalışır. Halbuki ortada faktlar var, Ruben Vardanyan Azərbaycanın suveren ərazisinə gizli yolla, heç bir rəsmi icazə almadan daxil olub, sonra isə orada separatçı fəaliyyətlə məşğul olub".

Fərhad Mehdiyevin sözlərinə görə, istər beynəlxalq hüquq, istərsə də Azərbaycan qanunvericiliyi baxımından bu, açıq şəkildə dövlət sərhədini qanunsuz keçməkdir və cinayət sayılır: “Azərbaycanın mövqeyi bu məsələdə tam legitimdir. Dövlətin sərhədləri beynəlxalq səviyyədə tanınmışdır və hər kəs, istər vətəndaş, istər əcnəbi olsun həmin sərhədi yalnız müəyyən edilmiş qaydalarla keçə bilər. Həmin ərazilərdə o dövrdə sərhəd postlarının olmaması, yaxud texniki nəzarətin Rusiya sülhməramlılarının əli ilə aparılması bu faktı dəyişmir. Çünki suverenlik prinsipi dəyişməzdir. Deməli, Vardanyan həmin ərazilərə daxil olmaqla, hüquqi baxımdan Azərbaycanın sərhəd qanunvericiliyini pozub”. Ekspertin fikrincə, Ruben Vardanyanın bu cür vəsatətləri daha çox beynəlxalq ictimai rəyi manipulyasiya etmək, məhkəmənin qərəzli olduğu təəssüratını yaratmaq məqsədi daşıyır: “Əslində isə onun hər bir addımı hüquqi baxımdan əvvəlcədən uduzulmuş bir strategiyadır. Çünki qanunsuz sərhəd keçidini nə arqumentlə, nə də ritorika ilə leqallaşdırmaq mümkün deyil”.

E.MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR