İnsanlara hürriyət, millətlərə istiqlal!

“Özbəkistanla Qazaxıstanın arasını vurmağa çalışırlar” - Deputatdan sensasion AÇIQLAMA

“Baş verənlər Özbəkistanın daxili işidir. Düşünürəm ki, 35 milyona yaxın əhalisi, Orta Asiyada ən strateji əhəmiyyətə malik olan bir dövlət öz problemlərinin çözülməsində ciddi addımlar atmaq iqtidarındadır”.

Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev deyib.

O bildirib ki, 1-2 iyul tarixlərində bir qrup vətəndaş hakimiyyətin qanuni tələb və çağırışlarına tabe olmayaraq, Qaraqalpaqıstan Respublikasının paytaxtı Nukus şəhərində planlaşdırılmamış yürüş və iğtişaşlar törədib: “Əsas səbəb kimi də Özbəkistanda davam edən konstitusiya islahatlarının yanlış şərh edilməsi olub. Nümayişçilər Özbəkistan Respublikası Konstitusiyasının Qaraqalpaqıstan Respublikasının statusu ilə bağlı hazırkı 70, 71, 72, 74, 75-ci maddələrinə təklif edilən dəyişikliklərə qarşı çıxıblar. İğtişaşlar zamanı silah və xüsusi texnika ələ keçirməyə cəhdlər edilib, hüquq-mühafizə orqanlarının əməkdaşlarından girovlar götürülüb, dövlət, ictimai və şəxsi əmlaka ziyan vurulub. Bütün bunlar sübut olunmuş ssenari üzrə təşkil edilib. İlkin nəticə kimi qeyd etmək olar ki, bir sıra xarici və daxili qüvvələr Özbəkistanda aparılan islahatları bəyənmir”.

1637392086577809541_1000x669.jpg (294 KB)

Deputat bir mühüm məqamı da xüsusilə qeyd edib: “Cəhdlər Özbəkistan rəhbərinin təşəbbüsü ilə başlanmış regional əməkdaşlıq prosesinə mane olmaq üçün təkcə Özbəkistanda deyil, bütün Mərkəzi Asiyada vəziyyətin stabillikdən çıxarılmasına hesablanmışdı. Çünki istər Qazaxıstanda başlanan islahatlar, istərsə də Özbəkistanda aparılan son danışıqlar bir sıra dövlətlərdə və daxildə ciddi narahatlıqlar yaradır. Qaraqalpaqıstandakı vəziyyətlə bağlı ölkə rəhbərliyinin mövqeyi birmənalıdır: respublikada ardıcıl islahatlar kursu davam etdiriləcək. “Dəsti-xətt”dən görünür ki, ssenari bir neçə dövlətdə eyni olub. Belə ki, başqa şəhərlərdən Nukusa insanların gəlməsi, əvvəlcədən hazırlanmış yerlərə axınlar və s. Bundan başqa, sosial şəbəkələrdə əvvəlcədən Qaraqalpaqıstan sakinləri arasında panika yaymaq və s. bu rəngli inqilabların məşhur texnikasının başqa bir nümunəsidir. Rəngli inqilablarda başqa bir hiylə də istifadə olunur, belə ki, sosial şəbəkələrdə geniş təbliğat işi də göründü. Əsasən Teleqram kanallarına ölkədən kənardan naməlum şəxslərin dərhal böyük axını və xarici jurnalistlərə “şokedici” saxta fotoların göndərilməsi ciddi bir qarşıdurma dalğası yaratmağa hesablanmışdı”.

Arzu Nağıyevin sözlərinə görə, istər Qərbin, istərsə də digər dövlətlərin analitikləri hesab edirlər ki, burada Qaraqalpaqıstan heç də təsadüfi seçilməyib və böyük güclərin qarşıdurması üçün artıq Asiya regionuna keçid başlayıb: “Bura çox ciddi bir regiondur, həm dini, həm də etnik baxımdan. Bunu Rusiya da, Qərb də bilir ki, Əfqanıstanın yaxında olması, radikal dini qrupların Orta Asiyada daha çox nüfuza malik olması müxtəlif ssenarilərdə istifadə oluna bilər. Xarici qüvvələr Qaraqalpaq hadisələri fonunda Özbəkistanla Qazaxıstanın arasını ciddi şəkildə vurmağa çalışırlar. Onlar belə düşünürdülər ki, qazaxlar özlərinə yaxın olan qaraqalpaqlardan narahat olacaqlar və Özbəkistanı bu yolla zəiflədəcəklər. Bu isə Astana və Daşkənd arasında potensial çəkişmə prinsipini həyata keçirməklə regionda öz təsirlərini artırmaq istəyən xarici oyunçular üçün faydalı olacaqdı”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR