İnsanlara hürriyət, millətlərə istiqlal!

“Özbəkistan ”Putin NATO"suna üzv olmadığı üçün cəzalandırılır" iddiası

Hadisələr dinc yolla həll olunmasa, bölgəyə Rusiyanın müdaxiləsi ola bilər

Qaraqalpaqda baş verən iğtişaşlar Özbəkistanın hansı qüvvələrin qəzəbinə gəlməsi mövzusunu diqqətə gətirib. Bəzi ekspertlər diqqəti Rusiyaya yönəldirlər. Yada salınır ki, Özbəkistan “Putin NATO”su adlandırılan KTMT üzvü deyil və Kremlin Daşkəndi təşkilata üzv etmək istəməsi hər kəsə bəllidir.

Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin qurumun son toplantısında Özbəkistanı yenidən rəsmi şəkildə KTMT-yə dəvət edib. İddia olunur ki, Özbəkistan isə hazırda Türkiyə və Azərbaycanla yaxınlaşmaqla Qərbə inteqrasiyada maraqlıdır. Özbəkistanın əvvəl Türkiyə, daha sonra Azərbaycanla hərbi əməkdaşlıq sazişi imzalamasını, görünür, Rusiya həzm edə bilmir.

Qeyd edək ki, Özbəkistan 15 may 1992-ci il tarixində əsası qoyulmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmuşdu. Bu ölkə əvvəllər də KTMT-də üzvlüyünü dayandırmışdı (1990-cı ildən 2000-ci ilin ortalarına qədər). 2006-cı ildə isə respublika rəhbərliyi KTMT-də üzvlüyünü bərpa etmək qərarına gəldi. 2006-cı ilin dekabrında Özbəkistanın o zamankı prezidenti İslam Kərimov bu barədə sərəncam verdi, 2008-ci ildə ölkə parlamenti sənədi ratifikasiya edib. Ölkənin KTMT-yə qayıdışı respublika rəhbərliyi ilə Qərb ölkələri arasında münasibətlərin pozulmasından sonra baş vermişdi. Özbəkistan formal olaraq KTMT-nin üzvü olsa da, təşkilatın fəaliyyətində heç bir fəallıq göstərmədi, onun xətti ilə həyata keçirilən hər hansı tədbirə qatılmaqdan, birgə hərbi təlimlərdə iştirakdan imtina etdi. Özbəkistan KTMT üzvü olarkən dövlət başçılarının və müdafiə nazirlərinin görüşlərində ya ümumiyyətlə, iştirak etmirdi, ya da burada qəbul edilmiş qərarları imzalamırdı. Ölkənin KTMT-də üzvlüyünü dayandırmasını Rusiyanın bu respublikanın ABŞ-la əlaqələrinin güclənməsi və öz ərazisində Amerika hərbi bazasının yerləşdirilməsi planı ilə əlaqələndirirdi. Özbəkistan indi faktiki Azərbaycan kimi bloklara qoşulmayan ölkədir və ikitərəfli əməkdaşlığa önəm verir. Qeyd edək ki, son illər bu ölkənin qardaş Türkiyə ilə də əlaqələrində ciddi irəliləyiş var. Prinsip etibarilə, Rusiya türk birliyinə qarşı deyil. Ancaq birliyin hərbi, siyasi və iqtisadi müstəvidə inkişaf edib güclənməsini də istəmir.

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Özbəkistanda son baş verənlərlə bağlı yazdığı statusda bir sıra maraqlı məqamlara toxunub: “Bzejinski məşhur ”Şaxmat taxtası" kitabında Rusiyaya postsovet məkanında əsas alternativ iki ölkəni göstərmişdi: Ukrayna və Özbəkistanı. Ukraynanı göstərməsi təbiidir. Sizdə sual yarana bilər ki, niyə Qazaxıstan yox, Özbəkistan? Qazaxıstan ərazi baxımından Özbəkistandan daha böyükdür. Üstəlik, Qazaxıstan, Rusiya və Ukrayna ilə bərabər, SSRİ-nin nüvə varisi idi (təəssüf ki, qazaxlarla ukraynalılar onlara düşən nüvə payından imtina etmişdilər). Bütün bunlara rəğmən Bzejinski Qazaxıstan deyil, Özbəkistanın adını çəkmişdi. Çünki Özbəkistan Türküstan coğrafiyasının ən köklü və tarixi olan ölkəsidir. Türküstanın dövlətçilik və tarixi baxımından 5 ən önəmli şəhəri Daşkənd, Səmərqənd, Buxara, Xiva və Kokand məhz Özbəkistanda yerləşir. Stalin, Türküstan SSRİ-ni böləndə bu bölgənin tarixi və əhali baxımından ən böyük xalqı olan özbək türklərinə qarşı ən ədalətsiz şəkildə yanaşdı. Özbəkistanın bilərəkdən Xəzər dənizinə çıxışı bağlandı. Əhali baxımından Türküstanın ən böyük xalqı olan özbək türklərinə, əhalisinə uyğun ərazilər verilmədi. Tarixi baxımından biz Azərbaycan türklərinə də Türküstanda ən yaxın xalq məhz özbək türk qardaşlarımızdır. Hətta qanlı diktator İslam Kərimovun vaxtında belə, Mərkəzi Asiya türk və müsəlman respublikaları içərisində işğalçı Ermənistana qarşı, Azərbaycanın yanında ən prinsipial mövqeni Özbəkistan tutub. İnanıram ki, qardaş Özbəkistan qısa müddətdə daxili etnik problemlərini həll edəcək və gələcək Turanın qurulmasında önəmli rol oynayacaq".

Qazax və qırğızlar Rusiyadan üz döndərir?

Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə qaraqalpaqların tarixən döyüşkən xalq olduqlarını söylədi: “Oğuz, qıpçaq və peçeneklərin qaynayıb-qarışmasından ortaya çıxan, Aral gölü sahilində yaşayan qarışıq türk xalqı olan qaraqalpaqlar tarixən döyüşkən xalq olaraq tanınıb. XVIII əsrdə Mərkəzi Asiya torpaqları Rusiya imperiyasına qatıldıqdan sonra ruslar imperiyanın ucqar sərhədlərinin mühafizəsini daima qaraqalpaqlara tapşırırdılar. Mərkəzi Asiyada tarixən mövcud olan dövlətlərin daxilində yaşayan qaraqalpaqların heç vaxt öz müstəqil dövlətləri olmayıb. Çar hakimiyyəti yıxıldıqdan sonra 1918-ci ildə Mərkəzi Asiyanın türk xalqları, o cümlədən qaraqalpaqlar RSFSR-ə tabe olan Türküstan Muxtar Sovet Respublikası tərkibində yer almış, burada 1924-cü ildə Qaraqalpaq Muxtar oblastı yaradılmış, 1925-ci ildə qaraqalpaqların yaşadığı ərazi Qazaxıstan SSR-ə, 1932-ci ildə statusu bir az daha artırılıb muxtar respublika edilərək Rusiya SSR-ə, 1936-cı ildə isə Qaraqalpaq MSSR Özbəkistan SSR-ə birləşdirilmişdir. Bir sözlə, rusların Mərkəzi Asiyada inşa etdiyi dövlətçilik strukturunda yer alan qaraqalpaq muxtariyyəti vahid türk birliyinin parçalanmasına xidmət etmişdir. SSRİ-nin süqut etdiyi 1990-1991-ci illərdə rus idarəçiliyinin gizli xidmət orqanı olan KQB-nin vahid icra xəttinin müşahidə olunduğu ittifaq respublikalarındakı separatçı hərəkatların baş qaldırdığı vaxtlarda Özbəkistanda qaraqalpaqlar ayrılmaq istəsələr də, bu mümkün olmamışdır.

O dövrdə Özbəkistan hakimiyyəti Rusiyaya loyallığını qoruduğu üçün ölkənin torpaq bütünlüyü də qorunub saxlanmışdı. 1993-cü ildə Özbəkistanın tərkibində muxtar idarəçiliyə malik Qaraqalpaq Respublikasının Konstitusiyası qəbul edilmiş və ”suveren" statusu elan olunaraq vahid respublikadan referendum yolu ilə ayrılmaq haqqı tanınmışdır. 2022-ci ildə etirazların yüksəlməsi Özbəkistanın öz milli konstitusiyasına dəyişiklik edərək Qaraqalpaq Respublikasının statusundan “suveren” ifadəsinin çıxarılması və Özbəkistandan ayrılması haqqının əlindən alınması istəyi ilə bağlıdır. Lakin Özbəkistanın bu narahatlığı təbiidir: muxtariyyətlər Rusiyanın qonşu dövlətlərə müdaxiləsi və sərbəst xarici siyasət həyata keçirmək istəyən istənilən post-Sovet respublikasını “cəzalandırması” aləti olaraq görülür. Odur ki, hazırda qaraqalpaqların yaşadığı ərazidəki təlatümlər məhz bu səpkidə qiymətləndirilməlidir. Xüsusilə, Özbəkistanın türk dünyası ilə yaxınlaşmaq istəyinin artdığı bir zamanda bu birliyi pozan amil olaraq qaraqalpaqların qızışdırılması heç də təsadüfi deyildir. Özbəkistan administrasiyası, o cümlədən qaraqalpaqlar baş verənləri sağlam düşüncə ilə təhlil edə bilsələr, Türk birliyinin qorunmasının önəmini dərk etsələr, prosesləri doğru analiz edərək ortaq məxrəcə gələ biləcəklər. Bir neçə gün öncə Özbəkistan Prezidenti Şövkat Mirziyoyev Qaraqalpaqstana səfər edərək kütləvi iğtişaşları yatırmaq üçün ölkə konstitusiyasında bölgənin muxtar statusunun dəyişdirilməyəcəyini elan etmişdir. Bir istisna ilə - Özbəkistanın ərazi bütövlüyü pozulmazdır. Ortaq məxrəcin əldə olunmayacağı təqdirdə, hadisələr genişlənə və bölgəyə Rusiyanın müdaxiləsini şərtləndirə bilər".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR