İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub

Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 11-də Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub.

Mərasimdə çıxış edən Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva kitabxanada Azərbaycan guşəsinin açılmasını kollektiv və oxucular üçün əlamətdar hadisə kimi qiymətləndirib.

Kitabxananın fondunda Azərbaycana dair çoxsaylı nəşrlərin qorunduğunu deyən direktor daimi guşədə nümayiş olunan kitab, jurnal və digər çap məhsularının qardaş ölkənin tarix və mədəniyyətinin, ədəbiyyatının təbliğinə öz töhfəsini verəcəyini vurğulayıb.

U.Teşabayeva əlavə edib ki, Özbəkistan Milli Kitabxanasında Azərbaycana dair 5 mindən çox kitab mövcuddur və onların sayı ildən-ilə artacaq.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Özbəkistan Milli Kitabxanası ilə əlaqələrin ildən-ilə genişləndiyini deyib.

Qeyd olunub ki, Azərbaycan Milli Kitabxanasında Özbəkistan guşəsi 2019-cu ildə təşkil edilib. Ötən dövr ərzində Milli Kitabxanada Özbəkistanın tanınmış şair və yazıçılarının, mütəfəkkirlərinin yubileyləri ilə bağlı tədbirlər keçirilib, kitab təqdimatları olub.

Bildirilib ki, yeni yaradılan Azərbaycan guşəsində 300-ə yaxın adda nəşr yer alıb. Özbək oxucular burada Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafı, eləcə də 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizlə bağlı ətraflı məlumat almaq imkanı qazanacaqlar.

Çıxışlardan sonra tədbir iştirakçıları Azərbaycan guşəsində yer alan nəşrlərlə tanış olublar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR