İnsanlara hürriyət, millətlərə istiqlal!

Öz başına “corab hörən” Trüdo – Təntənə ilə gəldi, 10 il baş nazir oldu, gedişi urvatsız alındı

Kanadanın bütün dünyada təbəssümü, mütərəqqi baxışları və rəngli corabları ilə tanınan baş naziri Castin Trüdo Liberal partiyasının lideri və baş nazir vəzifəsindən istefa verib. 2015-ci ildən iqtidarda olan Castin cinsi azlıqların hüquqlarını müdafiə edib, marixuananı leqallaşdırıb və abortlara icazə verib. Son illər etdiyi siyasi səhvlər və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın sözləri onu 10 ildir əyləşdiyi kreslodan tərpədib.

Qardaşı Mişel Trüdonun qar uçqununda ölməsindən sonra ailə 2000-ci ildə xizəkçilərin təhlükəsizliyi üçün kampaniyaya başlayıb. O, 2000-ci ildə atası, Kanadanın keçmiş baş naziri Pyer Trüdonun dəfn mərasimində güclü nitq söylədikdən sonra geniş şəkildə tanınıb. 2006-cı il parlament seçkilərində liberalların məğlubiyyətindən sonra öz xidmətlərini atasının keçmiş katibi və Liberal partiyasının yenilənməsi komissiyasının rəhbəri Tom Aksuortiyə təklif edib.

40270ef0-3b14-486b-b9df-272f8e60f100.jpg (138 KB)

Trüdo bu komissiyanın tərkibində gənclərlə iş üzrə işçi qrupunun sədri təyin edilib. Beləliklə, 2008-ci ildə o, icmalar palatasının üzvü, 5 il sonra partiya üzvlərinin və tərəfdarlarının 80%-dən çoxunun səsini toplayaraq Kanada Liberal Partiyasının lideri seçilib.

2015-ci il seçkilərindən sonra kiçik Trüdo Kanadanın baş naziri olub, eyni zamanda Hökumətlərarası İşlər və Gənclərlə İş üzrə nazirliklərə rəhbərlik edib. Trüdonun kabineti Kanada tarixində balanslaşdırılmış ilk gender hökuməti olub. Humanitar sahədə seçki vədlərini yerinə yetirən Kanada 40 min suriyalı qaçqını qəbul edib, evtanaziyanı (kömək edilən intihar) qanuniləşdirib.

16b265c4-d40c-4958-945c-c1ab8fe0bce9.jpg (36 KB)

Kanadanın əsas liberalının imicinin saflığına dair şübhələr kiçik Trüdonun partiyasının parlamentə seçilməsindən bir il sonra yaranıb. Baş nazirin sosial bərabərlik və multikulturalizmlə bağlı siyasəti Kanadanın yerli xalqının və qaçqınlarının acınacaqlı vəziyyəti fonunda suallar doğurub. Onun kabineti regionlarda sosial rifahın aşağı səviyyədə olması nəticəsində törədilən cinayətlərə görə həbsxanaya düşən yerli kanadalıların taleyi ilə maraqlanmayıb.

Seçkidən əvvəl verdyi vədləri qismən yerinə yetirən siyasətçi bir çox qalmaqallarla yadda qalıb. 2017-ci ildə Castin Trüdonun Kanada xəzinəsindən 133 min dollara başa gələn Baham adalarında Milad tətili keçirməsi parlamentdə qızğın müzakirələrə səbəb olub. Trüdo adanın sahibinin onun dostu olduğunu və baş nazirin ailəsinin tətil yerinə şəxsi təyyarə ilə deyil, helikopterlə getdiyini izah edib. Lakin bunun doğru olmadığı üzə çıxıb.

e990a071-bbb1-4751-9838-06944811d4cb.jpg (98 KB)

2019-cu ilin fevralında keçmiş baş prokuror Codi Uilson-Rayboldun istefasından sonra məlum olub ki, o, “SNC-Lavalin” tikinti firmasına qarşı federal məhkəmə ilə əlaqədar baş nazirlik tərəfindən təzyiqlərə məruz qalıb. Trüdo daha sonra deyib ki, o, firmanın 9000 əməkdaşının işini itirəcəyindən narahat olduğu üçün baş prokurora firmanın təqibini dayandırması ilə bağlı müraciət edib.

Sonra siyasətçinin işləri ölkədəki maliyyə problemlərinin artması ilə daha da pisləşib. Castin Trüdonun kabinetinin büdcəni tarazlaşdırmaq vədi heç vaxt reallaşmayıb və Ottavanın kəsiri durmadan artıb. Trüdo ailəsinin 2018-ci ilin əvvəlində siyasi qalmaqala çevrilən Hindistan səfəri mətbuatda ciddi işıqlandırılıb. Məlum olub ki, baş nazirin səfəri zamanı qəbul etdiyi şəxslər arasında terrorçularla əlaqədə ittiham olunan siqh separatçı hərəkatının fəalı da olub.

Trüdo kabinetinin bütün dünyada qadınların abort hüquqlarının təşviqində göstərdiyi fəallıq Kanadanın mühafizəkar ənənələrə malik ölkələrlə münasibətlərini çətinləşdirib. Onlar “Qrup 77” adlanan təşkilatın böyük bir hissəsini təşkil edir.

d1ad1142-32e3-46aa-bdb2-2c1dae30d81f.jpg (244 KB)

2015-ci il seçkilərindən əvvəl Liberal partiyası qalib gələcəyi təqdirdə seçki islahatları təşkil edəcəyinə söz verib. 2017-ci ildə isə guya ictimai marağın olmaması səbəbindən seçki islahatının olmayacağı açıqlanıb. Partiyanın seçkiqabağı vədindən boyun qaçırması ictimai qınaq doğurub.

2021-ci ilin avqustunda, Liberal partiyasının rəy sorğularında rəqibləri üzərində böyük bir üstünlük əldə etdiyini görən Castin Trüdo dərhal növbədənkənar parlament seçkiləri elan edib. Bununla belə, vətəndaşlar Kanada səhiyyəsindəki böhranın ortasında erkən seçki ideyasına mənfi reaksiya veriblər və nəticədə dövlətə 600 milyon dollara başa gələn 36 günlük kampaniyadan sonra parlamentin tərkibi, demək olar ki, dəyişməz qalıb.

6c561ae1-f5ea-4a64-ac01-760b69b85cca.jpg (101 KB)

2022-ci ildə Ottava şəhərinin mərkəzində və Amerika Birləşmiş Ştatları ilə sərhəd keçidlərində yük maşınlarının etirazları fonunda Trüdo hökuməti 52 ildən sonra ilk dəfə fövqəladə vəziyyət elan edib. COVID-19 pandemiyası zamanı və ondan sonra dövlət xərcləri əhəmiyyətli dərəcədə artıb.

İcmalar palatasında 2024-cü ilin iyun və sentyabr aylarında keçirilən təkrar seçkilərdə liberallar əvvəllər uzun müddət rahatlıqla qazandıqları iki seçki dairəsini itiriblər. Noyabr ayında liberallar Yeni Demokrat Partiyasının dəstəyi ilə parlamentdə federal əlavə dəyər vergisinin yığılmasına iki aylıq fasilə verilməsi haqqında qərar qəbul ediblər.

1447bc8e-2b62-4855-bcc2-2fc7c391e19a.jpg (224 KB)

Lakin kanadalıların əksəriyyəti bu addımı sadəcə seçki hərəkəti kimi qəbul ediblər və bu, onların Trüdo kabinetinə qarşı mənfi baxışlarını gücləndirib. İlin sonuna qədər Kanadada ictimai rəy sorğularında Liberal partiyasına dəstək rekord həddə aşağı düşüb. Beləliklə, nəticələri dekabrın 30-da dərc edilən Anqus Reid İnstitutunun sorğusunda respondentlərin yalnız 16%-i liberallara səs verəcəyini bildirib. Bu da son 157 ildə ən aşağı dəstək göstəricisi olub.

85eebb33-390a-437a-8ec4-cd1f93c1fabf.jpg (18 KB)

Ötən ilin sonunda nazirlərin istefa dalğası Liberal partiyasında baş nazirin getməsini dəstəkləyənləri güclənirib. Nəticədə 2025-ci ilin əvvəlində 54 yaşlı Castin Trüdo istefa verdiyini açıqlayıb. Onun siyasi xələfi problemlərin uzun siyahısını miras alacaq: yüksək əmtəə qiymətləri, mənzil çatışmazlığı, liberallardan məyus görünən Kanada ictimaiyyəti və yüksək tariflər vəd edən yeni ABŞ prezidenti...

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR