İnsanlara hürriyət, millətlərə istiqlal!

Oyun bitdi, Laçın yolundakı post həmişəlikdir! - revanşist-separatçılara 23 apreldə “24 aprel” kimi zərbə

Sərhəddəki 1 nömrəli nəzarət məntəqəmizdən yayınmağın iki variantı var: hər ikisi Bakının xeyrinədir; erməni politoloqdan etiraf: “Qlobal oyunçulara Ermənistan yox, Azərbaycan lazımdır...”

Aprelin 23-də Azərbaycan Ordusu Ermənistandan ölkəmizə yeganə giriş qapısını, nəhayət, nəzarətə götürdü: 1 nömrəli postumuz quruldu. Bununla da rəsmi Bakı heç kimlə, heç bir qüvvə ilə öz suverenliyini bölüşməyəcəyini açıq şəkildə dünyaya nümayiş etdirdi. Hərə öz payını götürdü, özəlliklə də Ermənistanın onların yerli və xarici havadarları, radikal-revanşistlər, ərazimizdə at oynadan separatçılar.

Sonuncuların “kitabı” faktiki bağlanmış sayıla bilər. Bu mənada ötən bazar baş verən hadisə bütövlükdə regiona daha aydın perspektiv vəd eləməklə bərabər, kapitulyant ölkə üçün növbəti fürsət pəncərəsi açır - Bakı ilə sülh müqaviləsini, sərhədlərin delimitasiyasını sürətləndirmək, on illərdir davam etdirdiyi düşmənçiliyə son qoymaq üçün.

Hər halda, qarşı tərəf Azərbaycanın siyasi iradəsinə bir daha əmin oldu. Təəssüflər olsun ki, İrəvan rəsmiləri bundansa, yenə havanı “silkələmək”lə məşğuldurlar...

*****

Rusiyalı ekspert: Laçın yolunda post qurmaq Azərbaycan üçün zəruri və  məcburi idi

Bir çox xarici siyasi müşahidəçilər də Azərbaycanın son addımının zərurətdən doğduğunu etiraf eləməklə yanaşı, mahiyyət etibarilə özündə Güney Qafqazın sabit inkişafı baxımından konstruktivizm daşıdığı qənaətindədirlər.           

Məsələn, rusiyalı analitik Andrey Petrova görə, Azərbaycanın Laçın yoluna daxil olan nəqliyyata tam nəzarət etməsi bütün Cənubi Qafqazın təhlükəsizliyini kəskin şəkildə artıracaq: “Bu mənada 23 aprel 2023-cü il Cənubi Qafqazın tarixinə Ermənistanın Qarabağdakı revanşist planlarına son qoyulduğu gün kimi düşəcək”.

Bu barədə o, öz təhlili məqaləsində yazıb (Axar.az).

“İrəvan hakimiyyətinin Qarabağdakı separatçı layihədən əl çəkmək niyyətində olmadığı ilk günlərdə məlum idi. Onlar müxtəlif yollarla Qarabağa silah və silahlı qruplaşmaları keçirirdilər. Bu yaraqlıları Azərbaycanın xüsusi xidmət orqanları nəzarətə götürürdü, İrəvan isə onları ”hərbi əsir" kimi qələmə verirdi. İki il ərzində əcnəbi siyasətçilər də Xankəndinə səfər etdilər, fransızlar bu baxımdan xüsusilə seçilirdilər, eləcə də erməni nümayəndələri, İrandan gələn muzdlular və s.", - deyə o qeyd edib.

Qərar verilib, yaxın günlərdə Laçın yolunda sərhəd və gömrük postları  qurulacaq

Analitikin sözlərinə görə, sui-istifadənin pik nöqtəsi qaçaq milyarder Vardanyanın gəlişi olub. “İki il ərzində Bakı Laçın yolundan sui-istifadə ilə bağlı bütün faktları qeydə alır və beynəlxalq müşahidəçilərə, vasitəçilərə nümayiş etdirirdi. Bəlkə də Vardanyan faktoru olmasaydı, vəziyyət bir müddət qeyri-müəyyən qala bilərdi. O, Azərbaycan sərhədini qanunsuz keçdikdən sonra müharibədən sonrakı proseslərin bütün "qırmızı xət"lərini sözün əsl mənasında tapdaladı və məlum oldu ki, Bakı artıq İrəvandan adekvat addımlar gözləmir", - müəllif vurğulayıb.

Lakin ekspertin qənaətincə, artıq keçid məntəqəsinin quraşdırılması vəziyyəti kökündən dəyişib: “Qarabağdakı qisas planı tarixin zibilliyinə atıldı. Separatçılar yaxın günlərdə döyüşə başlamağa cəhd edə bilərlər, lakin indiki qüvvələri ilə dərhal məğlub olacaqlar. Qarabağın sakini olmayan Ermənistan vətəndaşlarından heç biri Bakının icazəsi olmadan Laçın yoluna daxil ola bilməz. İranlı muzdlular, Qərb siyasətçiləri - Qarabağ sakini olmayan hər kəs Azərbaycanın razılığı olmadan yalnız Həkəri üzərindəki körpünün sonuna qədər gəlib, geri çəkiləcək”.

*****

Kapitulyant ölkədə də vəziyyətin kardinal şəkildə Azərbaycanın xeyrinə dəyişdiyini fərq eləməyə, Laçının girişində yoxlama-nəzarət postunun müvəqqəti deyil, əbədi qoyulduğunu anlamağa başlayıblar.

“Laçın dəhlizindəki Azərbaycan keçid məntəqəsi de-fakto 2022-ci ilin dekabrında (eko-aksiya başlayan gün - red.) yaranıb. Bu rolu da dəhlizi bağlayan Azərbaycan hökumətinin adamları oynayıb. İndi isə vəziyyət rəsmiləşib və coğrafi baxımdan Ermənistana yaxınlaşıb. Bu, Bakının istədiyi nəticələrə nail olmaq üçün təzyiq strategiyasıdır”.

Laçın yolunda yenə post qura bilmədik – Rusiya, yoxsa İrəvan əngəli…

“Yeni Müsavat”ın məlumatına görə, bunu erməni politoloq Aleksandr İskəndəryan yerli mediaya açıqlamasında bildirib.

İsgəndəryan hesab edir ki, Bakı həm də tələsir: “Çünki düşünür ki, Ukraynada, Türkiyədə, İranda və ya başqa yerlərdə vəziyyət dəyişə bilər. Azərbaycan istənilən fürsətdə rusları Dağlıq Qarabağdan çıxaracaq və bu, hüquqi deyil, siyasi məsələdir. Hazırda Bakı aydın seçim etmədən öz məqsədinə çatmaq üçün Rusiya, Qərb, Şərq və bütövlükdə hamı ilə işləyir, çünki bu, çətin məsələdir”.

Onun sözlərinə görə, bütün qlobal oyunçuların Azərbaycana Ermənistandan daha çox ehtiyacı var. “Azərbaycanın Rusiya üçün əhəmiyyəti indi xeyli artıb. Azərbaycan Rusiyanın Qərbə gedən xammal ixracının əhəmiyyətli hissəsini təşkil edir. Azərbaycan Rusiya üçün üstəlik, Türkiyə deməkdir. Hansının ki, Ermənistanla bağlı siyasəti seçkilərin istənilən nəticəsindən sonra da Azərbaycana bağlı olacaq. Qərb üçün Azərbaycan İranla Rusiya arasında yerləşən bir ölkə kimi qiymətlidir. Ona görə də Qərb Bakını məcbur etməyəcək”, - İsgəndəryan vurğulayıb və əlavə edib ki, bu fonda Azərbaycan erməni tərəfinə təzyiqlər göstərməyə davam edəcək, o cümlədən hərbi, diskussion və diplomatik xarakterli təzyiqlər.

Ancaq yaxşı olardı ki, erməni politoloq öz soydaşlarına çıxış yolunu da göstərəydi. Bu da odur ki, İrəvan sülh oyunlarına son qoyub ləngimədən Bakı ilə sülh sazişi imzalasın, Nikol Paşinyan “Qarabağ Azərbaycandır və nida işarəsi” desin və məsələ bitsin. 

Çünki Azərbaycan Laçın yolunun girişində postu bir-iki günlük yox, həmişəlik qurub! Ərazimizdə qalmış ermənilərin “tələ”yə düşməməsi üçün iki yolu var: ya Qarabağdakı ermənilər (cinayət törədənlər də daxil - onlara vətəndaşlıq verilib həbsxanalarımıza göndəriləcək) bayrağımız altında yaşamağı qəbul edəcəklər, ya da çıxıb gedəcəklər. Hər iki variant Bakının xeyrinədir. Ən əsası, demokratik, sivil yoldur...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR