İnsanlara hürriyət, millətlərə istiqlal!

Orqanlarını bağışlayacaq məşhurlar - Yusubovun o qərarından sonra...

Azərbaycanda 910 nəfər orqan transplantasiyası üçün növbədədir - partiya sədri və deputatdan fərqli baxış

Yeni Klinikanın direktoru Barat Yusubov bütün orqanlarını bağışlayıb. O, həyatının ən önəmli qərarını verdiyini bildirib. “Bu gün bəlkə də həyatımın ən önəmli qərarını verdim - bütün orqanlarımı bağışladım. İnanılmaz sevincliyəm, çünki ölümümlə kimlərəsə həyat bəxş edəcəm”, - deyə Barat Yusubov qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası) üçün növbədədir.

Bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib. Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

Qurumdan verilən məlumata görə, 2025-ci ilin ilk 6 ayında ölkədə 174 transplantasiya əməliyyatı aparılıb. Bunlardan 47-si böyrək, 30-u qaraciyər, 16-sı sümük iliyi, 81-i isə buynuz qişa transplantasiyasıdır. 21 əməliyyat uşaqlarda, 153-ü böyüklərdə həyata keçirilib. Müraciət edənlərin sayında ciddi artım müşahidə olunur.

Meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

Bu il Azərbaycanda ilk dəfə meyit donorun orqanları transplantasiya edilib. Meyit donordan götürülmüş qaraciyər 23 yaşlı xanıma, gözün buynuz qişası isə iki resipiyentə köçürülüb. Bu əməliyyatlar yalnız ölkəmizdə deyil, ümumən Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatları hesab olunur.

Orqan bağışlama əməliyyatı yalnız beyin ölümü halında, sağlığında orqan bağışlamaq istəyən donorlar üçün isə bağışlayan şəxsin razılığı ilə icra olunur.

Bəs B.Yusubov kimi orqanlarını bağışlamaq istəyən tanınmışlar varmı? İslam dini insanın öz orqanlarını bağışlamasını necə qarşılayır?

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı 

AĞ Partiya başqanı Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, İslamda orqan bağışlanmasına müxtəlif yanaşmalar mövcuddur: “Bu sahədə mütəxəssislər daha dəqiq deyə bilər, amma ümumilikdə müsbət yanaşılır. Yəni qanunvericilikdə könüllülük prinsipi əsas götürülür. Bir insan orqanını bağışlayırsa, bu, tam könüllü şəkildə olmalıdır. Burada heç bir ticarət məqsədi olmamalıdır, orqan satışından söhbət gedə bilməz. Əgər orqanlar kiminsə həyatını xilas edirsə, bağışlamağa icazə verilir və bu, həm dini, həm də hüquqi baxımdan mümkün sayılır”.

O, Azərbaycanda bu sahədə ənənənin hələ tam formalaşmadığını vurğulayır: "Bizdə bu sahədə fikir ayrılıqları var. Bəzi insanlar orqan bağışlanmasına qarşı çıxır. Amma əsas yanaşma müsbətdir. Mənim şəxsi münasibətim də müsbətdir. Orqan bağışlanması əsasən beyinin ölümü halında baş verir. Dünyada bir çox insanlar öz ölümlərindən sonra orqanlarının başqa insanlara köçürülməsinə razılıq verirlər və bu, həmin insanlara yeni həyat bəxş edir".

Bununla belə, partiya funksioneri qeyd edir ki, Azərbaycanda hələlik belə hallar çox az müşahidə olunur: “Azərbaycanda bu ənənə tam oturuşmayıb. Statistik məlumatlar da bunu göstərir. Ən çox rast gəlinən hallar, məsələn, bir şəxsin sağlığında yaxın birinə böyrəyini hədiyyə etməsidir. Amma öləndən sonra orqanların dövlətə və ya səhiyyə sisteminə bağışlanması halları çox nadirdir. Hətta dini baxımdan da bəzi insanlar buna qarşı çıxır”.

Tural Abbaslı bir konkret nümunəyə də diqqət çəkir:  “Səhv etmirəmsə, mərhum millət vəkili Gənirə Paşayeva öz sağlığında orqanlarını bağışladığını qeyd etmişdi. Amma vəfatından sonra ailəsi buna razı olmadı və bu, reallaşmadı. Bu da onu göstərir ki, hələ cəmiyyətdə bu məsələyə tam aydın münasibət formalaşmayıb. Əgər bir insanın ölümü nəticəsində bir neçə insanın həyatı xilas olunursa, bu, təbii ki, normal və təqdirəlayiq haldır. Amma bütün bu proseslər mütləq qanunvericilik çərçivəsində, şəffaf və ciddi nəzarət altında həyata keçirilməlidir. Qətiyyən imkan verilməməlidir ki, bu məsələ qara bazara çevrilsin. İnsan orqanı alveri dünyada çox ciddi və təhlükəli məsələdir. Ona görə də orqan transplantasiyası sistemli şəkildə, hüquqi tənzimləmələrlə aparılmalıdır. Bu şərtlərlə, mən də bu yanaşmaya müsbət baxıram”.

Ceyhun Məmmədov: "Deputat üstün deyil, onlar da Qarabağa portalla  getməlidirlər" | Modern.az

Ceyhun Məmmədov

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun fikri də diqqət çəkir: “İslama görə, zərurət yarandıqda belə hallar qəbulediləndir. Əgər mərhumun ailə üzvləri icazə verərsə, meyit donorluğunda problem olmamalıdır. Düşünürəm, bu önəmli qərardır. İslam dini bu kimi məsələlərdə həmişə öz dəstəyini ifadə edir və ədalətli mövqeyini ortaya qoyur. İnsan sağlamlığı hər şeydən önəmlidir və dinimiz insan sağlamlığına xüsusi önəm verir. Dinimizin bu məsələyə müsbət münasibətini nəzərə alaraq, onu düzgün formada həyata keçirməyə çalışmalıyıq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR