İnsanlara hürriyət, millətlərə istiqlal!

Orqan köçürmə ilə bağlı yeni qərar - ölkədə bu qədər xəstə...

Professor: “Hansısa gizli məqamlar olacaqsa, kriminala yol açar, ona görə...”

Nazirlər Kabineti donor orqan transplantasiyasını həyata keçirmək hüququ olan ixtisaslaşmış tibb müəssisələrinin siyahısında dəyişiklikləri təsdiqləyib. Azərbaycan Konstitusiyasının 119-cu maddəsinin səkkizinci bəndini rəhbər tutaraq dəyişikliklər baş nazir Əli Əsədovun imzaladığı 337 və 338 nömrəli qərarlarda elan edilib.

Bu yeniliklər Azərbaycanın səhiyyə infrastrukturunun təkmilləşdirilməsi və vətəndaşların ixtisaslaşmış səhiyyə xidmətlərinə çıxışının təmin edilməsi üzrə davamlı səylərini əks etdirir. “Yeni Klinika”nın daxil olmasının ölkədə orqan transplantasiyası xidmətlərinin imkanlarını və səmərəliliyini artıracağı gözlənilir.

Bəs bu transplantasiyalar hansı səviyyədə həyata keçirilir, Azərbaycanda daha çox hansı orqanların köçürülməsi aparılır, qiymətlər nə qədər  uyğundur, ən əsası orqan növbəsində nə qədər xəstə var, statistika aparılırmı?

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda şəxsin ölümündən sonra orqanlarının transplantasiyası məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması təsdiqlənib. Belə ki, şəxs ölümündən sonra donor orqanların transplantasiyasını həyata keçirən tibb müəssisəsi tərəfindən transplantasiya məqsədilə bədənindən aşağıda göstərilən donor orqan(lar)ının götürülməsinə razılaşdığını və razılaşmadığını bildirməlidir: - ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəz, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələri. Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də göstərilməlidir. 

Adil Qeybulla istefa verdi - Veteninfo.Az

Adil Qeybulla

Mövzu ilə bağlı tanınmış həkim, professor Adil Qeybulla “Yeni Müzavat”a deyib ki, orqan nəqli səhiyyənin gəlişmiş, təkmilləşmədə olan bir sahəsidir. Düşünürəm ki, bu məsələlər bütün dünyada qurulduğu səviyyədə Azərbaycanda da təşəkkül tapmalıdır: "Əvvəla, orqan nəqlinin elmi və təşkilati səviyyədə bütün infrastrukturunun qurulması üçün birinci növbədə donor bankı olmalıdır. Yüzlərlə xəstəxana olsa belə, hansı səviyyədə olmasından asılı olmayaraq, əgər donor bankı olmayacaqsa və səhiyyə bir sistemə çevrilməyəcəksə, bu cür qərarlar kağız üzərində qalar. Məsələ bundan ibarətdir ki, donor bankı ilk növbədə beyin ölümü keçirmiş insanlardan orqanların götürülməsidir. Orqanın sağlam olması çox mühümdür. Donor qismində çıxış etməyə qətiyyən yaxın qan qohumları borclu deyillər. Bu da bizdə ata, ana, bacı, qardaş orqan verir, hansısa qohumluq əlaqələrindən, bir-birinə münasibətdən irəli gəlir. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Ananın, atanın nə günahı var ki, kiməsə, hətta övladına belə orqanını versin. Yəni dünyada yanaşma belədir. Orqan beyin ölümü keçirmiş praktiki sağlam şəxslərdən alınır. Bunlar da əsasən avtomobil qəzası keçirmiş, müxtəlif travma almış, nisbətən cavan yaşlı insanlardan götürülür. Gəlin görək, bizdə o insanlardan orqan götürməyə kim icazə verir. Bu məsələ öz psixoloji həllini tapmamış, cəmiyyətdə həzm edilməmiş, donor bankının yaradılmasının hüquqi əsasları təsbit edilməmiş bu məsələnin sistemli şəkildə həll edilməsinə imkan verməyəcək. Əlbəttə, Azərbaycanda kifayət qədər xəstəxana var ki, bunu yüksək səviyyədə həyata keçirə bilər və keçirir də. Adıçəkilən xəstəxanaların bu imkanları ilə də tanışam, orada mütəxəssislər var, şərait var. Ümumiyyətlə, bu məsələlərdə beynəlxalq qaydalar, protokollar mövcuddur. Birinci əsas şərtlərdən biri də məsələnin leqallığıdır, tam açıq olmasıdır. Burada hansısa gizli məqamlar olacaqsa, kriminala yol açır. Yəni götürülən orqanın mənbəyi, kimə köçürülməsi ictimaiyyət tərəfindən nəzarət altında olmalıdır. Bu artıq sistemli orqan köçürülməsidir. Kaş xəstəxanalar az olardı, amma bu iş sistemli olardı. Fikrimcə, ilk olaraq bu iş həll olmalıdır. Bu hansısa əmrlərlə həyata keçən məsələ deyil. Dövlət strukturlarını da buna görə günahlandırmaq düzgün deyil. Burada mentalitetə bağlı xeyli problemlər var ki, öz həllini tapmalıdır. İnsanların beyin ölümü keçirmiş şəxslərə münasibəti dəyişməlidir. Onlar başa düşməlidirlər ki, həyatını itirən bir şəxs başqa bir həyata başlanğıc verə bilər". 

Xatırladaq ki, Azərbaycan Respublikası qanunlarına görə, insan orqanları alqı-satqı obyekti deyil. Yad insanların bir-birilərinə orqan verməsi qanunla qadağan edilib, yalnız qohumlar öz orqanlarını bağışlaya bilər. 18 yaşdan yuxarı sağlam şəxs canlı donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq müraciət edə bilər. Azərbaycanda beyin ölümü keçirən insandan donor kimi istifadə ediləcək. Beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxslərdən orqan götürülərək canlı insana köçürülə bilər. 

Hazırkı qanunun 9-cu (Transplantasiya məqsədilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi) maddəsində edilən dəyişikliyə əsasən, şəxs sağlığında meyitinin, orqan və toxumalarının transplantasiya, tədris və elmi məqsədlərlə istifadə edilməsinə yazılı razılığını bildirərsə, ölümündən sonra onun meyiti, orqan və (və ya) toxumaları istifadə oluna bilər. Şəxs sağlığında bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarından hər hansı birinin (həyat yoldaşı, həddi buluğa çatmış övladı, valideyinlərindən biri, qardaş-bacılarından biri) və ya qanuni nümayəndəsinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının transplatasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir. Gözün buynuz qişası kimi meyit üzərində dəyişiklik etməyən toxumalar hər hansı bir icazə və vəsiyyət olmadan da alına bilər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR