İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordudan Tramp və müdafiə nazirinə qarşı BƏYANAT: ABŞ-da hərbi çevriliş?

ABŞ ordusunun ali rəhbərliyi prezident Donald Trampa açıq məktub ünvanlayaraq yüksək rütbəli zabit korpusunda aparılan genişmiqyaslı təmizləmələrdən narazılığını bildirib.

“The Washington Post”un dərc etdiyi məktubda vurğulanır:

“Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin, Dəniz Əməliyyatları rəisinin, Ordu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin hərbi hüquqşünaslarının əsassız şəkildə vəzifədən azad edilməsi bizi dərindən narahat edir. Prezident Donald Tramp və müdafiə naziri Pit Heqsetin bu addımları ordumuzun gücünə, sabitliyinə və bütövlüyünə təhlükə yaradır”.

Bəs, bu vəziyyət hərbi çevrilişə yol aça bilərmi?

ZEYNAL .png (200 KB)

Musavat.com xəbər verir ki, politoloq Zeynal Əmrəliyev məsələyə belə münasibət bildirib:

“ABŞ-da ordu dövlət sisteminin əsasını təşkil edir. İlk prezident Corc Vaşinqton dövlət aparatını formalaşdırarkən ordunu siyasətdən ayrı tutmağa xüsusi önəm verib. Ölkə müharibədən yeni çıxmasına baxmayaraq, dövlət idarəçiliyində mühüm vəzifələrə hərbi komandanlar gətirilsə də, ordu həmişə siyasətdən kənarda saxlanılıb. Bu prinsip 236 ildir dəyişməz olaraq qalır - ABŞ ordusu demokratiyanın əsas qoruyucusudur. Müdafiə naziri vasitəsilə orduda mülki nəzarətin tətbiqi də bu ölkədən qaynaqlanır. Ordu komandanlığı Pentaqondan gələn əmrləri şübhəsiz yerinə yetirir”.

Politoloq qeyd edib ki, hazırda narazılıq Tramp administrasiyasının fəaliyyəti ilə bağlıdır:

“Son bir ayda yüksək rütbəli generallar, admiral və hərbi hüquqşünaslar kütləvi şəkildə vəzifədən uzaqlaşdırılıb. Tramp ordunun ali rəhbərliyini ona sadiq şəxslərlə əvəz etmək istəyir. Respublikaçı prezidentin bu addımları ölkə daxilində ciddi narazılıq yaradıb. Əsas məqsəd iki il sonra keçiriləcək Konqres seçkilərində Demokratlar qalib gəlsə, mümkün impiçment təhlükəsinə qarşı ordu dəstəyini təmin etməkdir”.

Ekspertə görə, bu, olduqca təhlükəli tendensiyadır:

“ABŞ ordusunda hərbi rütbələrin verilməsi və vəzifə təyinatları xidmət keyfiyyəti və iş stajına əsaslanır. Yüksək vəzifəli zabitlərin kütləvi şəkildə uzaqlaşdırılıb yerinə aşağı rütbəlilərin gətirilməsi orduda illərlə formalaşmış nizam-intizamı poza bilər. Bu da ordunun daxili strukturunu sarsıdacaq”.

Növbəti addım nə ola bilər?

Politoloq hesab edir ki, hərbi zabitlərin Tramp və müdafiə nazirinə qarşı ultimatum verməsi vəziyyətin nə qədər ciddiləşdiyini göstərir:

“Artıq ordu daxilində narazılıq açıq şəkildə ifadə olunub. Növbəti mərhələdə nüfuzlu veteranların da prezidentə xəbərdarlıq etməsi gözlənilir. Əgər gərginlik artarsa, Ağ Evə qarşı daha sərt mövqe ortaya çıxa bilər. Lakin prosesin nəzarətdən çıxmasına imkan verilməyəcək, çünki ABŞ üçün ordu ilə siyasi hakimiyyət arasında balansın qorunması dövlətin təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır”.

Ekspertin fikrincə, ordunun nəzarətdən çıxması təkcə daxili sabitliyi deyil, həm də Trampın xarici siyasət kursunu sarsıdacaq.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR