Onlayn ictimai-siyasi qəzet
Polkovnik: “Ulu öndər ordu quruculuğu prosesində hərbi peşəkarlığı və azərbaycançılıq ideologiyasını əsas götürürdü”
Azərbaycan Ordusunun yaradılması tarixi 1918-ci il 26 iyundan başlayır. Xalq Cümhuriyyətinin ordusu qurulsa da, onun da ömrü elə Cümhuriyyətimizin ömrü kimi qısa oldu. Azərbaycanın bolşevik Rusiyasının “Qırmızı ordusu” tərəfindən işğal edilməsi Xalq Cümhuriyyətini süquta uğratdığı kimi onun ordusunun da ləğvi ilə nəticələndi.
SSRİ zamanında Azərbaycan müstəqil dövlət olmadığı üçün onun özünün ordusunu formalaşdırmağa da izn verilmədiyi məlumdur. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ilk bir-iki ildə özünün nizami ordusunu qurmaqda ciddi çətinliklər yaşadı. Müdafiə Nazirliyi yaradılsa da nizami ordu adına formalaşdırılan birləşmələr əslində daha çox ayrı-ayrı şəxslərin, siyasi qüvvələrin nəzarətində, əmrində olan özəl silahlı birlikləri xatırladırdı. Bu səbəbdən də vahid komandanlıq adı olan reallıqda isə olmayan bir təsisat kimi idi. Bu zərərli vəziyyət Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələnə qədər davam etdi. Məhz Heydər Əliyevin gəlişindən sonra vahid komandanlığa tabe həqiqi nizami ordu quruculuğuna başlandı.
Rövşən Məhərrəmov
Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov bu barədə “Yeni Müsavat”a bildirib ki, ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinə 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu: “Bu mənada fəxrlə deyə bilərik ki, Ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün gücü ilə qürurlandığımız qalib Azərbaycan Ordusudur. Ulu öndər Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də deyərdim hərbçi idi. Elə buna görə də Ulu öndərin hakimiyyətə gəlişindən sonra ordu quruculuğunun diqqətçəkən əsas tərəfi onun yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Heydər Əliyevin müstəqilliyimizin ilk vaxtlarında yaradılmış və daha çox ayrı-ayrı şəxslərin, bəzi siyasi təşkilatların konyuktur maraqlarına, bəzi hallarda dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxmaqla, onların fəaliyyətini qanundan kənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı”.
Polkovnik vurğuladı ki, Ulu öndər ordu quruculuğu prosesində hərbi peşəkarlığı və azərbaycançılıq ideologiyasını əsas götürürdü. Vahid komandanlığa tabe olan nizami ordu ayrı-ayrı şəxslərin istəklərinə deyil, azərbaycançılıq ideologiyasına əsaslandı: “Ulu öndər deyirdi ki, bu vətən hər birimizindir və hər birimiz məhz bu vətənin əsgəriyik, bu vətənə xidmət etməliyik. Başlanğıcını 1993-cü il noyabrın 2-dən - Ulu öndərin xalqa müraciətindən götürən və tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldı, 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər.
Heydər Əliyevin 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xitabən dediyi “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır” sözlərini unutmayan, Ulu öndərin bu xeyir-duasından ruhlanan zabitlərimiz, əsgərlərimiz, gizirlərimiz və çavuşlarımız o dövrdə sinələrini düşmən pulemyotunun qarşısına verməklə, əldə qumbara düşmən tankının altına atılmaqla əsl qəhrəmanlıq dastanları yaratdılar".
Polkovnik qeyd etdi ki, 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı: “Ordunun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başlatdığı işlər Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra uğurla davam etdirildi, Azərbaycan Ordusu dünyanın ən qüdrətli ordularından birinə çevrildi və bu ordu bütün torpaqlarımızı işğaldan azad edərək bütün ərazimizdə suverenliyimizi təmin etdi".
Hazırladı: Etibar Seyidağa
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ