Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada təxminən 30 min barel azalacaq və orta hesabla sutkada 0,7 milyon barel təşkil edəcək.
Musavat.com-un məlumatına görə, bu barədə OPEC-in proqnozunda deyilir.
Eyni zamanda qurumun məlumatına görə, “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək” qaz-kondensat layihələri hesabına müəyyən artım gözlənilir. Bundan əlavə, gələn il AÇG-nin yeddinci platformasının istifadəyə verilməsi ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqlarında hasilatın artacağı gözlənilir. Lakin qurumda qeyd olunduğu kimi, istehsalın bu planlaşdırılmış artımına baxmayaraq, ümumi həcmlərdə azalma müşahidə olunacaq.
OPEC 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatının sutkada 22 min barel artacağını və orta hesabla 0,7 milyon barel olacağını gözləyir.
Qeyd edək ki, Azərbaycanda son illərdə neft hasilatı sürətlə azalır. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ildə ölkədə 34 milyon ton proqnoza qarşı 32,6 milyon ton neft, 35 milyard kubmetr qaz hasil olunub.
Beləliklə, əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 5,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 7,3 faiz artıb. Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 34,6 milyon ton xam neft hasil edilib. SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ötən il üzrə açıqladığı hesabata görə, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,9 milyon ton neft hasil olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çoxdur.
2021-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda 23 milyon ton neft hasil edilib ki, bu da illik müqayisədə 2,54 faiz azdır.
Neft hasilatında azalma bu il də davam edir. Belə ki, rəsmi statistikaya əsasən 2023-cü ilin birinci yarısında Azərbaycanda 15, 2 milyon ton neft hasil olunub ki, bu da əvvəlki illə müqayisədə 7,7 faiz azdır. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilat 3,9 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin göstəricisinə bərabərdir. Yəni altı aydakı 7,7 faizlik azalma bilavasitə AÇG-dəki azalmadır.
Respublika üzrə neft hasilatının 9,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. Hesabat dövründə təxminən 12,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 11,3 milyon tonu konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşüb.
Bir il əvvəl - 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 16,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi. Bu zaman respublika üzrə neft hasilatının 10,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in 3,9 milyon tonu SOCAR-ın payına düşüb. Hesabat dövründə 13,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,6 milyon tona yaxın konsorsiumun, 780 min tonu isə SOCAR-ın payına düşüb.
Azərbaycan hökuməti də neft hasilatında azalma proqnozlaşdırır. Belə ki, 2023-cü ildə Azərbaycanda neft hasilatı 30,4 milyon ton, təbii qaz hasilatı 47,2 milyard kubmetr, ixracı isə 24,5 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Bu barədə açıqlama verən energetika naziri Pərviz Şahbazov deyib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun hələ işlənməmiş 400 milyon ton ehtiyatları 2050-ci ilədək Azərbaycanın davamlı inkişafını təmin edəcək. Nazirin sözlərinə görə, cari ildə “Azəri Mərkəzi-Şərqi” dəniz platformasından ilk hasilata başlanması gözlənilir.
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə əsasən, 2026-cı ildə ölkədə 30 milyon 274,3 min ton neft hasil olunacağı proqnozlaşdırılır, bu da 2023-cü ilin proqnoz göstəricisi (31 milyon 222,3 min ton) ilə müqayisədə 3 faiz azdır. Proqnoza görə, 2024 və 2025-ci illərdə Azərbaycanda müvafiq olaraq 30 milyon 649,7 min ton və 30 milyon 695,4 min ton neft hasil olunacaq.
Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 610 min barel təşkil edib. Energetika Nazirliyindən verilən məlumata görə, bunun 500 min barelini xam neft, 110 min barelini isə kondensat təşkil edib. OPEK-in hasilat proqnozu reallaşarsa, gələn ilədək ölkədə gündəlik neft və kondesat hasilatı 90 min barel artmalıdır. Bu artımın bir hissəsi “Abşeron” yatağından əldə edilən kondensatla təmin ediləcək. Qalan hissənin isə AÇG-də yeni tikilən “Azəri Mərkəzi Şərqi” (ACE) platforması sayəsində təmin olunması mümkündür.
Nəzərə almaq lazımdır ki, Azərbaycan üzrə hasilatdakı azalma bilavasitə AÇG-də təbii yaşlanma ilə bağlıdır. Yatağın ehtiyatları azalır deyə hasilat səviyyəsi də aşağı düşür. AÇG-nin işlənməsi layihəsinin operatoru olan BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda (AÇG) neft hasilatının stabilləşməsini hədəfliyir. Bu barədə BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel bildirib. Onun fikrincə, növbəti bir neçə il ərzində AÇG-də neft hasilatı kifayət qədər stabil səviyyədə olacaq, lakin müəyyən azalma da müşahidə oluna bilər.
Yeni platformanın tikintisi blokda hasilatın stabilləşməsi məqsədi daşıyır. Bu platformada ilk neftin çıxarılması gələn ilin əvvəlində gözlənilir. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
Platformanın tikintisi layihəsi çərçivəsində işlər 90 faiz tamamlanıb. Bu barədə “BP Azerbaijan”ın Twitter hesabında paylaşım edilib.
Neft hasilatı və ixracındakı azalma Azərbaycanın dövlət büdcəsinin gəlirlərində açıq hiss olunur. Belə ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, bu ilin birinci yarısında Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 5 milyard 640,0 milyon manat məbləğində transfertə qarşı 2 milyard 661,0 milyon manat məbləğində transfert daxil olub. Buna neft-qaz sektorundan digər daxilolmaların artması imkan verib.
Birinci yarımildə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinin vergi daxilolmaları 2 milyard 699,3 milyon manat və ya 41,6 faiz çox icra olunub.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 6 milyard 648,7 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 1 milyard 629,2 milyon manat və ya 19,7 faiz az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 2 milyard 979,0 milyon manat az vəsaitin daxil olması ilə əlaqədar), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 100,1 milyon manat və ya 1,5 faiz azdır.
2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 60,0 faizini və ya 3 milyard 987,7 milyon manatını vergi daxilolmaları, 40,0 faizi və ya 2 milyard 661,0 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edir. Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 66,0 faizini və ya 2 milyard 630,4 milyon manatını “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 24,9 faizi və ya 992,5 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,1 faizi və ya 364,8 milyon manatını “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə mənfəət vergisi təşkil edir. Bu isə o deməkdir ki, neft sektorundan vergi daxilolmaları qaz daxilolmalarından 7 dəfədən də az olub.
Maraqlıdır ki, qaz ixracından gəlirlərin neft gəlirlərini üstələməsi büdcə daxilolmalarında hiss olunsa da, Neft Fondunun gəlirlərində tam fərqli mənzərədir. Fonddan verilən açıqlamaya əsasən, AÇG yatağından altı ayda quruma 3 milyard 348 milyon ABŞ dolları, “Şahdəniz” yatağından 1 milyard 2 milyon ABŞ dolları daxil olub. “Şahdəniz” yatağından daxilolmanın 210,851 milyon ABŞ dolları kondensat satışından əldə edilib.
Azərbaycan neft hasilatı və ixracındakı azalmadan itirdiyi gəlirləri qaz və elektrik enerjisi ixracı ilə kompensasiya etmək niyyətindədir. Ötən ilin iyulunda Avropa Komissiyası ilə Azərbaycan hökuməti arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Sazişə əsasən Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını illik 20 milyard kubmetrə qədər artıracaq.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb. Bunun 11,4 milyard kubmetri Avropaya ixrac olunub. Bu isə 39 faiz artım deməkdir.
2023-cü ildə isə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
Avropa Komissiyası ilə imzalanan sazişdə həmçinin Azərbaycandan Avropaya elektrik enerjisinin ixracı da nəzərdə tutulur. Ötən müddət ərzində bu sahədə mühüm addımlar atılıb: 2022-ci ilin dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanıb. Saziş Qara dənizin dibi ilə illik ötürücülük gücü 4 GVt elektrik enerjisi olan kabelin çəkilməsini nəzərdə tutur. Kabelin çəkilişinə bu il başlanması gözlənilir. Bu layihə Azərbaycanın elektrik enerjisi ixracının illik 2-3 GVt-a qədər artmasına imkan verəcək.
Bu ilin birinci yarısında elektrik enerjisi ixracı 2,8 milyard kVt\saatdan yuxarı olub ki, bundan ölkə 314 milyon dollardan yuxarı gəlir əldə edib.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ