Onlayn ictimai-siyasi qəzet
Məhsulun dəyişdirilməsi və qaytarılması ilə bağlı onlayn ticarətdə böyük problemlər yaşanır
Son illərdə ölkədə dəb düşən işlərdən biri də onlayn alış-verişdir. Hazırda bu biznes bütün dünyada çiçəklənməkdədir.
Real alış-verişdən fərqli olaraq virtual bazarlığın qiymət fərqi olsa da, təbii ki, mənfi tərəfləri də var. Məhsulların hiylə ilə təqdim edilməsi, məsələn, bir aksesuarı (telefon qabı, su qabı və s.) stulun üzərinə asıb, reklama çıxarırlar. Əksəriyyət bunun masa ilə komplekt olduğun zənn edir, xüsusi diqqət yetirməsə mahiyyəti tuta bilmir, sifariş verir. Sonda isə 15-20 manata Bakıda xırdavat mağazalarında 1-2 manata satılan aksesuar gəlir çıxır. Bəzən isə mal yolda itir, fərqli ölçü gəlir və s.
Vətəndaşlar onlayn alış-verişi necə edir? Yanılanlar, yoxsa qazananlar çoxdur?
Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, bütün dünyada klassik və onlayn ticarət ciddi rəqabətdədir: “Təsadüfi deyil ki, istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatın 2024-ci 15 mart çağırışında deyilir ki, dünya ölkələri onlayn ticarətin vəziyyətini müzakirə etsin.
Bu ciddi bir problemdir. Onlayn ticarət getdikcə üstünlük təşkil edir. Və onlayn alverçilər alıcı marağından sui-istifadə edir.
Məsələn, onlayn ticarət vasitəsi ilə alınan dərmanların 70 faizi saxta olur. Bizə bununla bağlı xeyli şikayətçi müraciət edir. Şəxs deyir ki, onlayn yolla məhsul alıb və tələbatına uyğun çıxmayıb. Buna görə də onu qaytarmaq istəyir. Qarşı tərəf isə telefonu qapadıb və onun zənglərinə cavab vermir. Yaxud da alıcı şikayətində bildirir ki, məhsul ona təhvil verilərkən kassa çeki almayıb və eyni zamanda sifariş tələbatına uyğun deyil. Kassa çeki olmadığına görə isə nə dəyişə, nə də qaytara bilir.
Digər şikayətçi isə onlayn yolla televizor alıb. O, paketi açanda görüb ki, televizorun ekranı sınıqdır. Və onu qarşı tərəfə heç cür sübut edə bilmirdi. Məhsulun dəyişdirilməsi və qaytarılması ilə bağlı onlayn ticarətdə böyük problemlər yaşanır. Təəssüflər olsun ki, beynəlxalq onlayn ticarətə yerli onlaynçılar da qoşulublar. Onlar da istehsalçıları aldadırlar və zənglərə cavab vermirlər. Və bütün bunlar istehlakçı hüququnu pozur. Çox təəssüf ki, onların hüquqları ilə bağlı qanun 1995-ci ildən sonra dəyişilməyib. Halbuki 14 gün ərzində məhsulun qaytarılması və dəyişdirilməsi təmin edilməlidir.
Bu sahədə dövlət orqanları da boşluğa yol verir. İqtisadiyyat Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu sahədə həddindən artıq acizlik göstərirlər. İstehlakçıları ancaq məhkəməyə yönəldirlər. Azərbaycanda oktyabr ayında onlayn ticarətçilərin böyük konfransı keçiriləcək. Həmin konfransda bu sahədə olan problemləri səsləndirəcəm".
Əkrəm Həsənov
Tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib ki, son zamanlar onlayn alış-verişlə bağlı şikayətlər artıb. Onun sözlərinə görə, məhsullar xaricdən sifariş edildiyinə görə Azərbaycanda hüquqi cəhətdən heç nə etmək mümkün deyil: “Buna görə də həmin şirkətləri Azərbaycanda məhkəməyə vermək olmur. Onlar Azərbaycanda olsaydı, belə vətəndaş üçün məhkəməyə müraciət etmək problemdir. Çünki məhkəməyə müraciət etmək onlayn alış-verişdən baha başa gəlir.
Onlayn sifariş zamanı vətəndaşlar diqqətli olmalıdır. Belə halla qarşılaşanda onu ictimailəşdirsinlər ki, digərləri də məlumatlı olsun. Və fırıldaq şirkətlərdən insanlar məhsul almasın. Eyni zamanda onlayn alış-verişi çox tanınmış saytlardan alsınlar. Hər saytdan sifariş verməsinlər. Hər onlayn ticarət edən etibarlı deyil".
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan onlayn ticarətə gec qoşulub. Dünyada bu, 10-15 ildir ki, aktiv şəkildə inkişaf edir: “Ona görə də onlayn ticarətlə bağlı ciddi qanunvericilik bazası hazırlanmalıdır. İstehlakçıların hüquqlarının qorunması ilə bağlı ciddi addımlara ehtiyac var. Nəticə etibarı ilə onlayn platformaların Azərbaycan təmsilçiləri istehlakçıların hüquqlarını pozduqlarına görə ard-arda cərimələnsələr, onlar heç vaxt istehlakçıları aldatmazlar. Hüquqi baza yenidən işlənməlidir”.
Şahanə RƏHİMLİ,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ