Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının rəsmi çevrələri, o cümlədən Dövlət Dumasında əyləşən bəzi deputatlar, habelə siyasi partiya rəhbərləri, Kremlin ideoloji dəftərxanasına (katibxanasına) çevrilmiş media resursları yenə iş başındadır. Bu isterikanın üzdəki adı: Yekaterinburq! Neorusizmin “dərin səs” funksiyasını yerinə yetirən təkəbbürlü söz adamları Yekaterinburqda baş verən qanlı olaylara Azərbaycanın münasibət bildirməsini “Rusiya Federasiyasının daxili işlərinə qarışmaq” kimi təqdim etməyə çalışır. Bəziləri isə daha da irəli gedərək, həlak olan, xəsarət alan və ya həbs olunan azərbaycanlıların Rusiya vətəndaşı olduğunu önə sürərək, Azərbaycanın hər hansı hüquqi və ya mənəvi reaksiya haqqını sorğulayır.
Bax, bu, sadəcə absurddur – həm də Rusiyanın öz yaratdığı ikili standart sistemində boğulmasıdır.
Bəs yaxşı, sual edək: siz “Qarabağ Azərbaycanın daxili işi deyil” (!?) deyən xarici işlər zehniyyətindən qəti şəkildə imtina etmisinizmi? Siz ruslar qalsın bir yana, “rusdillilər bizim soydaşımızdır, onların hüquqlarını dünyanın istənilən yerində qorumalıyıq” öhdəliyini soyunmusunuzmu? Yoxsa, özünüz şüşə evdə oturub da daş evlərə daşmı atırsız?
Dönüb özünüzə sual verin: 30 il boyunca Qarabağda yaşayan ermənilərə hansı statusla dəstək verirdiniz? Onlar Rusiya vətəndaşı idimi? Hansı beynəlxalq hüquq sizi bu prosesə müdaxilə etməyə vadar etmişdi? Və ya müdaxilə edərkən hansı hüquqi baza üzərində davranırdınız? Ermənistanla sərhəddi olmayan Rusiya, Qarabağda “sülhməramlı” adı ilə hansı zərurət əsasında hərbi kontingent saxlayırdı? Allah qoymasa, tələm-tələsik infrastruktur və öncə elan olunmuş bildirişdə olmayan yanqüvvə və başqa hıvır-zıvırları da gətirib tökmüşdüz Xankəndi-Xocalı aralığına. Niyə?
Unutmadıq. Bəli, unutmaq və bağışlamaq – Azərbaycan xalqına xas kimi görünə bilər, ancaq siz bizi unutmağa da, bağışlamağa da peşman etmisiniz.
Rusiya, təkcə keçmişin deyil, elə bugünün də cavab verilməli suallarını daşıyır. O dövlət ki, Ukraynaya qarşı apardığı işğalçı müharibəni “rusdilli vətəndaşların müdafiəsi” adı ilə əsaslandırır, o ölkə ki, hər yerdə “soydaş” kartından istifadə edərək, digər dövlətlərin suverenliyinə müdaxilə üçün bəhanə axtarır – indi necə olur ki, başqa ölkələr öz soydaşları döyüldükdə, öldürüldükdə, aşağılandıqda – susmalıdır?!
Yox, bu, belə getməyəcək artıq!
İkiüzlü hüquq yox, artıq həqiqi bərabər məsuliyyət olmalıdır!
Bütün bu baş verənlər – döyülən diaspor rəhbəri, həbs olunan iş adamları, hava limanından geri qaytarılan deputat, digər soydaşlarımıza qarşı aparılan təhqiramiz və təxribatçı təzyiqlər – bunlar sadəcə bir-birindən ayrı epizodlar deyil. Bu, Azərbaycan vətəndaşına, toplumumuza və bütövlükdə Türk-İslam kimliyinə qarşı yönəlmiş sistemli basqılar silsiləsidir.
Əgər siz – rus siyasətçiləri və ideoloqları – istədiyiniz vaxt “öz soydaşlarınız”ı harada istəsəniz “müdafiə” adı ilə müdaxilə edə bilirsinizsə, niyə Azərbaycan vətəndaşları – istər onların dövlət vətəndaşlığı, istərsə də mənsubiyyəti Rusiya üçün formal görünsün – öz soydaşlarının döyülməsinə, öldürülməsinə münasibət bildirməsin? Yaxşı, deyək, biz “0” münasibət göstərmiş olaq, bəs sizin özünüz-özünüzə nə deyirsiz? - Öz vətəndaşlarınızı döyüb-öldürməyinizin səbəbi nədir? - Bizə yox, özünüzə verdiyiniz cavab nədən ibarətdir? - “Əcəb edirik!”? - Budur, cavabınız?
“Onlar Rusiya vətəndaşıdır, siz susun!” – bax, bu bekara arqument beynəlxalq hüquqa da, mənəvi legitimliyə də, insani ədalətə də daban-dabana ziddir!
Azərbaycan öz sözünü deyir, diplomatik cavablarını verir, qətiyyətini də göstərir. Hətta Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər əlaüədar dövlətlər də öz sözünü deməkdə haqlıdır. Bu gün Yekaterinburqda döyülən azərbaycanlıdırsa, sabah Uralda özbək ola bilər, Vladivostokda qazax, Novosibirskdə qırğız, Moskvada türkmən və b. Türklərin və müsəlmanların hüquqsuzlaşdırılması, qorxu və itaət mexanizmləri ilə idarə olunması – postimperial Rusiya şovinizminin açıq üzüdür (üzsüzlüyüdür).
Kreml nimdaş şovinizm paltarını soyunmalı, onu yamamaqdan əl çəkməli, “bəzək-düzək”lə cilvələndirməyə çalışmamalıdır.
Azərbaycan Rusiyaya qarşı düşmənçilik yolu axtarmır. Amma haqqının, vətəndaşının, soydaşının ləyaqətini qorumaq borcunu da heç kimdən icazə alaraq yerinə yetirmir. Rusiya tərəfi, əgər doğrudan da, bölgədə barış və əməkdaşlıqda maraqlıdırsa – təkcə sözlə yox, gerçək hərəkətləri ilə bunu sübut etməlidir. Əks halda, məsuliyyətin harada başlayıb, harada bitdiyini tarix özü müəyyən edəcək…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ