İnsanlara hürriyət, millətlərə istiqlal!

“Omikron”un bu ştammı sürətlə yayılır - korona “qripləşib” qurtarmadı?

Mərdan Əliyev: “Hansı variant olursa-olsun, bu, koronavirusdur və...”

Dünyada koronavirusun EG.5 omikron ştammı sürətlə yayılmağa başlayıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilir.

Qeyd olunub ki, EG.5 XBB.1.9.2-nin davamçısıdır və XBB.1.5 ilə eyni amin turşusu profilinə malikdir. EG.5 XBB.1.9.2 ilə müqayisədə sünbül zülalında əlavə f456l amin turşusu mutasiyasını daşıyır. Bu ştamm ilk dəfə 2023-cü ilin fevralın 17-də qeydə alınıb.

Qurumun saytında dərc olunan hesabatda həmçinin bildirilir ki, avqustun 7-nə kimi 51 ölkədən 7354 nəfərdə “EG.5" virusu aşkarlanıb. Bunların böyük hissəsi Çində (30,6%) qeydə alınıb. Rusiyada isə aprel-avqust aylarında koronavirusun yeni variantına artıq 17 yoluxma halı aşkar edilib.

EG 5 hansı xroniki xəstəlikləri olan insanlar üçün real təhlükə kəsb edir? Ümumiyyətlə, korona virusu “qripləşib” (adiləşib) qurtarmadımı?

HAQQIMIZDA – Hepatit.az

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a dedi ki, yeni ştamların ortaya çıxması təbiidir, gözləniləndir: “Yəni koronavirus üçün normal hesab olunur. EG.5 ştamı koronavirusun ”Omikron" ştammı ilə oxşardır. “Omikron” daha çox gündəmdə olan ştamm oldu və sürətli yoluxma qabiliyyətinə malik oldu və daha çox dominant oldu. Onun yoluxuculuq qabiliyyəti təqribən “Omikron” kimidir. Patogenliyinin çox olması hələ ki sübut olunmayıb.

Əslində yeni ştamdır, bir ay öncə meydana çıxıb. Bu ştammın tam olaraq patogenliyi, yoluxucu olması sübuta yetirilməyib. Amma təxminlə demək olar ki, “Omikron”a bənzər xüsusiyyətləri var. Düzdür, 51 ölkədə yayılıb, amma bir aydır ki, var. Müqayisə üçün desək, “Omikron”a yoluxma daha çox olmuşdu, bir ay müddətində. Hər halda yay fəslinin olması burada özünü göstərir".

İnfeksionist əlavə etdi ki, Azərbaycanda əvvəlki vəziyyətin olması gözlənilən deyil: “Bizdə kollektiv immunitet formalaşıb. Bu o deməkdir ki, hər kəsin xəstəliyə qarşı immuniteti var. Onun bir alt variantı da olsa, müəyyən ştamları çıxsa da, yenə də koronavirusdur. Bizim orqanizmimiz artıq bu virusu tanıyır. Buna görə ikinci, üçüncü yoluxmalar hansı variant olur-olsun, bu bizim üçün təhlükəli ola bilməz. Biz bunu bir dəfə keçirmişiksə, ikinci, üçüncü dəfə daha ağır keçirmək ehtimalımız yoxdur.

Yenidən yoluxma sayının çox olması gözlənilmir. Təbii ki, payız-qış mövsümündə alovlanmalar olacaq. Yoluxma sayı müşahidə ediləcək. Amma insanlar ev şəraitində qrip kimi müalicə olunub sağalacaqlar. Belə xəstəxanalara axın olmayacaq. O ki qaldı, yaşlı şəxslərə, onlar üçün risk həmişə var. Bu ştam olmasa da, “Omikron” variantının özündə də risk var. İmmun sistemi zəif olanlar, xroniki xəstəliyi olanlar, ağciyər xəstəliyi olanlar, qaraciyər sirrozu olanlar, ürək xəstəliklərindən əziyyət çəkənlər mütləq peyvənd olunmalıdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR