İnsanlara hürriyət, millətlərə istiqlal!

Ombudsman qadınların pensiya yaşının azaldılmasını təklif etdi

“Elektroenergetika haqqında” qanun layihəsinə etirazlar

Martın 7-də Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində Xankəndi-Xəlfəli-Turşsu istiqamətində ermənilərin təxribat törətməsindən danışdı.  Sədr təəssüflə bildirdi ki, bu təxribat zamanı əsgərlərimiz şəhid olub, həmçinin yaralanıb. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyən S.Qafarova dedi ki, bu hadisə 2020-ci 10 noyabr üçtərəfli bəyanatdakı öhdəliklərin qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarıldı. Sənədi ombudsman Səbinə Əliyeva təqdim etdi. Ombudsman öz məruzəsində ötən il ərzində görülən işlərdən bəhs etdi, Ermənistanın təxribatçı hərəkətləri, həmçinin erməni cinayətlərinin beynəlxalq səviyyədə ifşası ilə bağlı fəaliyyətdən danışdı, həmçinin bir sıra təkliflər irəli sürdü. S.Əliyeva Azərbaycanda qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunda müvafiq dəyişikliklərin edilməsi barədə önəmli təklif səsləndirdi. “Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil. Bu baxımdan, qadınların pensiya yaşının azaldılmasına ehtiyac var” - ombudsman bildirdi. S.Əliyeva insan sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlərin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilməsini də təklif etdi.

S.Əliyevanın sözlərinə görə, dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir: “Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir. Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”.

Məruzənin müzakirəsi zamanı çıxış edən deputat Elman Nəsirov bildirdi ki, Azərbaycan Ombudsman İnstitutu Ermənistanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı ildə bir dəfə məruzə hazırlasa, bu, işimizin xeyrinə olar: “Nəzərə almaq lazımdır ki, ayrı-ayrı ölkələrdə belə təcrübə var”. O bildirdi ki, ermənipərəst dairələr Azərbaycana hər zaman məhz bu istiqamətdə zərbə endirir: “Ermənistandakı insan hüquq və azadlıqlarının hansı bərbad vəziyyətdə olması ilə bağlı Azərbaycan Ombudsman İnstitutunun hazırladığı hesabat və bunun beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması faydalı olar”.

Deputat Kamilə Əliyeva dedi ki, parkinson xəstələri əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı incidilir. Onun sözlərinə görə, bu gün hələ də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində problemlər qalır: “Vətəndaşlara verilən göndərişlərin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması kimi şablon cavablar verilir. Nəticədə əlillik dərəcəsinin qiymətləndirilməsindən imtina edilir. Bu da bir çox insanın hüquqlarının pozulmasına gətirib çıxarır. Maraqlıdır, bu sahədə Ombudsman Aparatı hansı konkret təkliflərlə çıxış edib? Parkinson xəstəsi olan şəxslərin əlillik dərəcəsinin qiymətləndirilməsi müvafiq orqan tərəfindən niyə vaxtında düzgün həyata keçirilmir və insanlar incidilir?! Yalnız ombudsmanın müdaxiləsindən sonra bu cür insanların problemləri həll olunmuş olur”.

Deputat Fazil Mustafa dedi ki, ombudsmanın məruzəsi qaneedicidir. Amma qeyd etdi ki, insan hüquqları ilə bağlı məsələ ombudsmanın hüquqlarını aşan məsələdir. Deputat dedi ki, bu gün Azərbaycanda qanuni Ombudsman Aparatı var, digəri Qarabağda qeyri-qanuni “ombdusman” var, üçüncüsü də Naxçıvanda. Bu gün Naxçıvandakı Ombudsman İnstitutu ləğv olunmalıdır. Orada yüzlərlə hüquqları pozulan insanlar var.

F.Mustafa bildirdi ki, konstitusiya ilə vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək hüququna malikdir, amma vətəndaşın qeydiyyatı ləğv edilir və o, bu hüquqdan məhrum olur. Deputat vətəndaşın ölkədən sərbəst çıxış və giriş hüququna malik olmasına toxundu. Ardınca da “haradan qayıtmaq azadlığı var? Sərhədi bağlamışıq. Tələbələr bilet pulu olmadığına görə ölkəyə qayıda bilmədilər və zəlzələdə dünyalarını dəyişdilər” - dedi. Sonra isə aviabiletlərin yüksək qiymətindən bəhs etdi: “Yaxşı, AZAL göydəndüşmə qurumdur, onun müəyyən etdiyi qiymətə təsir etmək mümkün deyil. Heç olmasa quru sərhədləri açaq, vətəndaş ölkəyə qayıda bilsin”. Deputat məhkəmə-hüquq sistemindəki problemlərdən də bəhs etdi: “Məhkəmələr qorxur, birdən filan məmurun əleyhinə qərar çıxartsam, problemlərlə üzləşərəm”.

 “Ombudsmanın illik məruzəsi ilə yaxından tanış olmuşam. Bu tanışlıq əminliklə deməyə əsas verir ki, ölkəmizdə hüquq və azadlıqların qorunması, vəzifəli şəxslər tərəfindən qanunlara ciddi əməl olunması ilə bağlı böyük və hərbi birimiz narahat edən çatışmazlıqlar var”. Bunu isə deputat Qüdrət Həsənquliyev söylədi. Bildirdi ki, bunun üçün ölkədə ciddi məhkəmə hüquq islahatlarının aparılmasına ehtiyac var: “Yəni ombudsmanın fəaiyyəti ilə bu nöqsanları aradan qaldırmaq mümkünsüzdür. Ombudsman Səbinə Əliyeva qeyd etdi ki, müəyyən qanunvericilik aktlarına dəyişikliklər etmək lazımdır. Açıq danışmaq lazımdır ki, Milli Məclis problemlərin həll olunduğu yer deyil. Burada əsasən problemlər səsləndirilir. Ona görə də daha yaxşı olardı ki, ombudsman mərkəzi icra hakimiyyəti orqanları ilə işləsin. Ombudsmanı əmin edirəm ki, biz onlardan gələn qanunları burada təsdiq edib, geri qaytaracağıq”. Deputat dedi ki, onu narahat edən əsas məsələ məhkəmə-hüquq islahatlarının dərinləşdirilməməsi ilə bağlıdır: “Baxmayaraq ki, cənab Prezident bununla bağlı xüsusi fərman imzaladı. Amma o islahatların mahiyyəti onunla yekunlaşdı ki, iqtisadi məhkəmənin adı dəyişdirildi, kommersiya məhkəməsi adlandı. Bununla da sanki məhkəmə-hüquq islahatları başa çatdı. Məhkəmə-hüquq islahatları kadr islahatları ilə başlanmalı idi”.

Müzakirələrdən sonra məruzə qəbul olundu.

İclasda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin ikinci oxunuşunda çıxış edən deputat Vahid Əhmədov layihəyə qarşı çıxdı. “Mənim aldığım məlumata görə, cənab Prezident bu qanunu bir neçə dəfə qaytarıb. Amma necə olubsa, yenə də bu qanun gəlib Milli Məclisə çıxıb” - deyə deputat bildirdi. V.Əhmədov bu səbəbdən qanun layihəsinin müzakirələrdən çıxarılmasını və yenidən işlənməsini təklif etdi.

Deputat Elman Nəsirov da layihə ilə bağlı müəyyən narahatlığını bölüşdü. Dedi ki, vaxtilə elektrik enerjisinin xarici şirkətə həvalə edilməsinin acı təcrübəsi var.

Deputat Razi Nurullayev isə bildirdi ki, layihədəki terminlərin sayı, sənədin üzərində xeyli zəhmət çəkildiyini deməyə əsas yaradır. Amma onun sözlərinə görə, qanunun bu şəkildə qəbulu ciddi problemlər yarada bilər: “Qanun layihəsinin hazırlanmasında göstərdiyi səylərə görə hörmətli  Sadiq müəllimə dərin təşəkkürümü bildirirəm. Qanun üzərində xeyli işləmək lazımdır. Yəni onu sadə istehlakçıların, yəni elektrik enerjisindən istifadə edən kasıbın maraqlarına uyğunlaşdırmağa çalışaq. Qanunun bu şəkildə qəbulu elektrik enerjisinin qiymətinin bir neçə dəfə artması ilə nəticələnəcək. Bu isə sosial narazılıq, əhalinin sosial vəziyyətinin ağırlaşması və bütün istehlak məhsullarının artımına səbəb olacaq. Yəni bazarda olan qiymətlər də 2-3 dəfə bahalaşmağa məcbur olacaq. Bunun ardınca qaz və su qiymətləri də artmağa doğru gedəcək, çünki, iqtisadiyyatın aparıcı qüvvəsi həm də elektroenergetika sahəsidir”.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.

Milli Məclisin iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi üçüncü oxunuşda qəbul edildi. Bildirildi ki, layihə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsini özündə ehtiva edir. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” Qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. Dəyişikliklə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilir. Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.

İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) DSMF-nin sərbəst vəsaitləri və investisiya gəlirlərinin Mərkəzi Bankda saxlanması barədə layihə də üçüncü oxunuşda qəbul olundu. Layihə ilə Azərbaycanda DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi qaydası müəyyən edilib. Bu, “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Miqrasiya haqqında qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Sabir Rüstəmxanlı dedi ki, layihədə ölkədə oturum verilməsi qaydası bir qayda olaraq iş adamları, yaxud maliyyə sahibi olanlar üçün nəzərdə tutulur. Deputat xatırlatdı ki, Güney Azərbaycandakı soydaşlarımız buraya təhsil almaq üçün gəlirlər, yaxud onlar digər fəaliyyətlə bağlı dəvət oluna bilərlər. Onlara da bu hüquq tanınmalıdır.

Spiker Sahibə Qafarova Milli Məclisin iclasının yekununda bayram təbriklərini çatdırdı. Bildirdi ki, bu gün Yel çərşənbəsidir: “Bu əziz gündə mən sizi səmimi qəlbdən təbrik edirəm. Sizə və ailələrinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Bizimlə birlikdə burada olan media nümayəndələrini də təbrik edirəm”.

Daha sonra xanımlara bayram təbriklərini çatdırdı: “Hörmətli həmkarlar, bildiyiniz kimi, martın 8-də biz Qadınlar Gününü qeyd edəcəyik.

Onu da qeyd edim ki, Azərbaycanda tarixin bütün dövrlərində qadınlar böyük hörmət və qayğı ilə əhatə olunmuşlar. Yaxşı bilirik ki, Ana həmişə müqəddəs varlıq sayılmışdır.

Azərbaycan qadınının boya-başa çatdırdığı qəhrəman övladlar 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşatmışlar".

S.Qafarova Milli Məclis adından Birinci vitse-spikerə təbrik məktubunun göndəriləcəyini söylədi: “Hörmətli həmkarlar, icazə verin, 8 Mart - Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu ünvanlayaq, ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayaq”.

Deputatlar alqışları ilə təşəbbüsü dəstəklədilər.

Yekunda spiker bildirdi: “Hörmətli həmkarlar, mən bayram münasibəti ilə Milli Məclisin qadın deputatlarını və əməkdaşlarını, buradan iclasımızı işıqlandıran jurnalist xanımları, bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edirəm. Onlara möhkəm cansağlığı, firavanlıq və ailə səadəti arzulayıram”.

Qeyd edək ki, iclasdan sonra spiker xanım deputatları, MM əməkdaşlarını və jurnalistləri şəxsən, gül dəstələri ilə təbrik etdi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR