İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ölmüş” Minsk Qrupunun sülhə nə dəxli - İrəvana Bakıdan cavab

Azər Badamov: “Ermənistanın bu hərəkəti sülh müqaviləsini imzalamaq istəməməsindən irəli gəlir”

Faktiki olaraq ATƏT-in Minsk Qrupu fəaliyyətdə deyil, çünki buna heç bir ehtiyac, zərurət yoxdur. Bu mənasız qurum vaxtilə Qarabağ məsələsinin həllində vasitəçilik üçün yaradılmışdı, ancaq 30 ilə yaxın vaxtda heç bir uğuru, faydası olmadı. Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibə və 2023-cü ilin sentyabrında 1 günlük antiterror əməliyyatı ilə ərazi bütövlüyünü, suverenliyini tam təmin edib. Artıq Qarabağ məsələsi deyilən bir anlayış yoxdur. 

Ancaq maraqlıdır ki, Qərbdə bəzi dairələr Minsk Qrupunu xortlatmaq üçün çabalar göstərir. Bu absurd işə artıq Ermənistanı da qoşublar. 

Faktiki olaraq heç bir ehtiyac olmadığı halda, ABŞ-ın media orqanı olan “AzadlıqRadiosu”nun erməni bölümü Ermənistan XİN-ə Azərbaycanın Minsk Qrupunun buraxılmasını sülh müqaviləsinin imzalanması üçün ilkin şərt hesab edib-etməməsi, İrəvanın niyə Minsk Qrupunun buraxılmasına razı olmaması və yaxın gələcəkdə Ermənistanın fikrini dəyişəcəyi və Bakı ilə birlikdə onun buraxılması haqqında ATƏT-ə Birgə Bəyanat təqdim etməsinin mümkün olub-olmaması barədə sorğu göndərib.

Ermənistan XİN də belə cavab verib ki, ATƏT-in Minsk Qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər: “Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli nizamlanması və hər şeydən öncə sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər”.

Bir müddət öncə isə Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Armen Xaçatryan qrupun yalnız sülh müqaviləsi imzalandığı təqdirdə ləğv ediləcəyinə dair fikir söyləmişdi. 

Ermənistanın bu cür mövqeyi gülüncdür. Faktiki olaraq Minsk Qrupu ölüb, onun missiyası bitib və faktiki fəaliyyətsizdir. Ən əsası, bu mənasız qrupun sülh məsələsinə nə aidiyyəti var? Görünən budur ki, Ermənistanı xarici təsir dairələri indi də belə bir iddia ilə çıxış etməyə məcbur edirlər, məqsəd sülhdən yayınıb belə oyunlar oynamaqdır. 

Bakının bu məsələyə reaksiyası nədir?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov 

VI Çağırış Milli Məclisin deputatı Azər Badamov burada əsas niyyətin sülh müqaviləsinin imzalanmasını uzatmaq olduğunu söylədi: “Ermənistan sülh müqaviləsi imzalamaqdan yayınmaq istəyir. Ona görə bu müqavilənin imzalanması üçün mane olan iki əsas məsələnin həll olunmasına çalışmır. Əslində hər iki məsələ beynəlxalq hüququn tələbidir. Birinci məsələ Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddalarından əl çəkilməsidir. Çünki beynəlxalq hüquqda suveren dövlətlərdən bir-birinin ərazi bütövlüyünə hörmət edilməsi tələb olunur. Digər bir məsələ isə Minsk Qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə birgə müraciətin olunmasıdır. "Azadlıq Radiosu"na verdiyi açıqlamada İrəvan Minsk Qrupunun ləğv olunmasını sülh müqaviləsinin imzalanması ilə bağlayır. Təbii ki, İrəvanın bu hərəkəti sülh müqaviləsini imzalamaq istəməməsindən irəli gəlir. Çünki Minsk Qrupu 28 il heç bir iş görmədi və nəticədə Azərbaycan müharibə yolu ilə öz ərazilərində suverenliyi bərpa etməyə məcbur oldu. İndi isə nə "Dağlıq Qarabağ" var, nə də ki, Qarabağda erməni. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədiklərindən ərazilərimizi tərk etdilər. Beləliklə, Minsk Qrupu lazımsız bir missiyaya çevrildi. Bundan əlavə, Minsk Qrupundakı üç dövlətin özləri bir qrupda təmsil oluna bilməzlər. Belə ki, ABŞ və Fransa Rusiya ilə düşməndir və onlar özləri bir yerdə ola bilməyəcəklərini dəfələrlə açıq şəkildə bəyan ediblər. Ermənistan və Qərbin bəzi dairələri isə ölünü qəbirdən çıxardıb yenidən can vermək istəyir. Amma elmdə elə bir texnologiya yoxdur ki, ölü yenidən qaytarıla bilinsin. Ona görə də Ermənistanın və onun arxasında dayanaraq Ermənistanı revanşizmə hazırlayanların çoxdan dəfn olunmuş Minsk Qrupuna yenidən can vermək cəhdləri, sadəcə olaraq, sülh müqaviləsinin imzalanmasından yayınmaq və regionda yenidən gərginliyi yaratmaq istəklərindən başqa bir şey hesab etmirəm. Rəsmi Bakının mövqeyi dəyişilməz qalır. Belə ki, ölkə başçımız da Minsk Qrupunun tarixin arxivinə göndərildiyini və onlar üçün görməyə bir işin qalmadığını dəfələrlə bəyan edib. Hətta İkinci Qarabağ müharibəsi başa çatandan sonra Minsk Qrupunun həmsədrləri ölkəmizə gələndə onlara sual verilərək “bundan sonra nə işlə məşğul olmaq istəyirsiniz” deyiləndə onların özləri çaşbaş qalmış və gələcəkdə nə iş görə biləcəklərini deyə bilməmişdilər. Çünki onların görəcəyi işi özümüz görmüşük. Daha onların Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında görəcəkləri heç bir iş yoxdur. Bizim kənardan ağıl verənlərə ehtiyacımız yoxdur. Çünki aramızda ikili danışıqlar platforması meydana gəlib və bu platforma effektiv fəaliyyət göstərərək pozitiv nəticələr əldə olunub. Ermənistan isə çoxdan dəfn olunmuş Minsk Qrupundan danışmaq əvəzinə Azərbaycanın tələb etdiyi iki əsas məsələni icra etməli və regiona sülhün və əməkdaşlığın gəlməsini tezləşdirməyə çalışmalıdır".

Niyameddin.jpeg (48 KB)

Niyaməddin Orduxanlı 

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Azərbaycanın Mİnsk Qrupuna heç bir ehtiyacı olmadığını qeyd etdi: “ATƏT-in Minsk Qrupu çoxdan ölüb və xalqımız onu çoxdan dəfn edib. 30 il bu qurumun işi Azərbaycan torpaqlarının erməni işğalında qalmasına xidmət edib. Minsk Qrupunun məqsədi o idi ki, Qarabağ münaqişəsi dondurulmuş vəziyyətdə qalsın və uzun illərdən sonra Azərbaycan xalqı Qarabağı unutsun. Yeni nəslimiz, ümumiyyətlə, Qarabağı tam unutsun. Bizim qətiyyən bu quruma ehtiyacımız yoxdur. Azərbaycan dövlətinin Ali Baş Komandanı İlham Əliyev xalqı bir orduya çevirərək 44 günlük Vətən müharibəsində Azərbaycanın tam ərazi bütövlüyünü təmin etməklə yanaşı, son 150 ildə Azərbaycanda özlərinə yuva qurmuş erməni separatçılarının kökünü kəsdi. Bu çox böyük bir hadisədir. Qarabağda bir erməni separatçısı yoxdur. Bütün beynəlxalq normalara uyğun addımlar atmışıq. Ermənistan və onları dəstəkləyən qüvvələr məqsədli şəkildə ATƏT Minsk Qrupunu sülh danışıqları prosesinə cəlb etməklə sülhün əldə olunmamasına çalışırlar. Məqsədləri budur. İstəmirlər ki, indiki vəziyyətdə sülh sazişi imzalansın. Vəziyyəti uzatmaqla vaxt qazanırlar. Ümid edirlər ki, Rusiyada Putin devrilə bilər və burada Qərbin adamı hakimiyyətə gətirilər. Bundan sonra Azərbaycanla növbəti müharibəyə başlasınlar. Yenidən Rusiyanın əli ilə Azərbaycan torpaqlarını işğal etsinlər. Bütün bunlar üçün bu gün onlara Minsk Qrupu lazımdır. Minsk Qrupu sülhə töhfə verməyəcək, əksinə, mane olacaq. Azərbaycan birmənalı şəkildə bu qurumu yaxına buraxmamalıdır”.

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Minsk Qrupunun saxlanılmasında Azərbaycandan başqa bu prosesdə iştirakçı olan hər bir dövlətin bu və ya digər şəkildə maraqlı olduğunu düşünür: “Minsk Qrupunun dirildilməsində Azərbaycandan başqa bu prosesdə iştirakçı olan hər bir dövlət bu və ya digər şəkildə maraqlıdır. Çünki həmin dövlətlər, yəni Amerika, Fransa və Rusiya bununla gələcəkdə Azərbaycana, eləcə də bir-birinə, həmçinin Ermənistana təsir etmə imkanını əllərində saxlamaq istəyirlər. Bilirsinizmi, qurumlar bəzən ölü ola bilər. Amma sonrakı siyasi proses onların dirilməsinə gətirib çıxara bilər. Ermənistan düşünür ki, ehtimal edilən hər hansı bir yeni münaqişə zamanı Azərbaycana qarşı ona silah verərlər, bizim, yəni Azərbaycanın müttəfiqləri, xüsusilə Türkiyə neytrallaşdırılar, bununla da ermənilər Minsk Qrupunun dirilməsinə səbəb olarlar. Rusiya düşünür ki, bu qrup ona bu dəqiqə lazım deyil. Amma o da bu "şirkət"də təmsil edilir və bu, əslində regionda gələcək manevrlər üçün lazımdır. Erməni kartının ehtiyatda saxlanılması lazımdır. Fransa düşünür ki, bölgədə geosiyasi fəaliyyət imkanları kasad olsa da Minsk Qrupu vasitəsilə danışıqlar prosesində tərəf olar. ABŞ da həmçinin bunun vasitəsilə regionda iştiraka əlavə imkan əldə edər. Minsk Qrupu heç bir halda Azərbaycana lazım deyil. Azərbaycan Allahın izni ilə qələbə qazanıb, ərazi bütövlüyünü təmin edib. Hər hansı xarici aktorların ona qarşı ehtimal edilən birlik konfiqurasiyası Azərbaycana lazım deyil. Ona görə də Azərbaycan balanslı siyasətini davam etdirməlidir. Rusiya ilə qarşılıqlı normal tərəfdaşlıq əlaqələrini davam etdirməklə onun alternativ variantlara meyl etməsinin qarşısını almalıdır. Türkiyə ilə müttəfiqlik əlaqələrinin davamlı və dayanıqlı olmasına önəm verməlidir. Çünki Türkiyə Azərbaycana lazım olduğu qədər Azərbaycan da Türkiyəyə lazımdır. Azərbaycan-Türkiyə konfiqurasiyasının milli təhlükəsizlik əhəmiyyəti çox önəmlidir. İranla münasibətlərin eyni zamanda qarşılıqlı maraqlar və hörmət əsasında davamlı və dayanıqlı olması lazımdır ki, Ermənistan İran amilinə özü üçün xilas kimi baxmasın. İranla Ermənistan arasında xeyli vaxtdır ciddi soyuma var. Bir çox analitik bunu tutmaya bilər. Amma Ermənistanın ABŞ-la hərbi əməkdaşlığını genişləndirməsi İranı narahat edir. Bu narahatlığın “dərinləşməsinə” çalışmalıyıq. Türk dövlətləri ilə yeni, əlavə, paralel və şaxəli əməkdaşlıq konfiqurasiyaları qurmaq lazımdır. Bir sözlə, ATƏT Minsk Qrupunu kimsə diriltmək istəsə də, yeriyə bilməyəcəyi bir müstəvi ilə üz-üzə qoymaq lazımdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR