Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqına üzvlüyə hazırlaşan Ermənistan yenidən üzünü Kremlə sarı çevirib; Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan son üç ildə ilk dəfə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin iclasında iştirak edəcək - parlament seçkiləri öncəsi nələr baş verir?
Noyabrın 5-də Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin görüşü olacaq. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan son üç ildə ilk dəfə MDB üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin iclasında iştirak edəcək. Müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb. Bu, Armen Qriqoryanın 2022-ci ildən bəri ilk səfəri olacaq.
A.Qriqoryanla bağlı qərar bəzi haqlı suallar doğurub. Bildirilir ki, MDB-nin mühüm hesab edilən əməkdaşlıq formatına Qriqoryan səviyyəsində qatılmaq qərarından sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantılarına qayıda bilər. Yada salaq ki, rəsmi İrəvan həm KTMT, həm MDB iclaslarını boykot qərarını “Qarabağ problemi” ilə izah edirdilər. Məsələn, elə Qriqoryan 2021-2022-ci il MDB təhlükəsizlik şurası katiblərinin iclaslarında Azərbaycanın əleyhinə danışıb. KTMT-nin iclaslarının boykot edilməsinin də səbəblərini Paşinyan dəfələrlə izah edib, Rusiyanı 44 günlük müharibədə öhdəliklərini yerinə yetirməməkdə suçlayıb. Rəsmi Moskva bu müddət ərzində İrəvanın boykot qərarına sərt mövqe bildirməyiblər. Rusiyalı ekspertlər isə Ermənistan rəsmilərinin boykotunu birmənalı olaraq Moskvaya qarşı demarş kimi qiymətləndiriblər. Ermənistan rəhbərliyinin Rusiyaya qarşı sərt mövqeyini yumşaltması diqqət çəkir. Əlbəttə ki, rəsmi İrəvan KTMT buxovundan xilas olsa, ordusunu NATO standartlarına uyğunlaşdırmaq yoluna çıxmasını asanlaşdıra bilər. Rusiyanın Cənubi Qafqaza KTMT adı ilə müdaxilə imkanları da aradan qalxar. Amma Paşinyan KTMT ətrafında manevrləri davam etdirir və qəti qərar vermir.
Bu arada Ararat Mirzoyanın da Rusiya ilə bağlı xoş fikirlər söyləməsi Paşinyan komandasının geri dönüşü barədə rəy yaradır. Axı bunlar Aİ üzvlüyünə hazırlaşırdılar? Nə baş verdi? Seçküöncəsi manevr, yoxsa Kremlə qayıdış?
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Qriqoryanın MDB Təhlükəsizlik Şuraları katiblərinin görüşünə qatılması rəsmi Moskva ilə ortaq dil tapma cəhdinin göstəricisidir.

Arzu Nağıyev
A.Nağıyev digər məqama diqqət çəkdi: “Bildiyiniz kimi, Ermənistan 2026-cı ildə parlament seçkilərinə hazırlaşır. Bu vəziyyətdə Paşinyan hakimiyyəti yalnız daxili siyasətdə deyil, xarici siyasətdə də təmkinli davranmalıdır. Ermənistanda kilsə ilə hökümət arasındakı qarşıdurmanın və son zamanlar baş verən iğtişaşların pərdəarxası gerçəkləri Paşinyan hakimiyyəti üçün real təhlükədir. Bu şərtlərdə Paşinyan hakimiyyəti rəsmi Moskva ilə arasındakı soyuqluğu risk olaraq qəbul edir. Qərbmeyilli Paşinyan hakimiyyətini qorumaq üçün Rusiya ilə münasibətləri ilıq saxlamaq məcburiyyətindədir. Ararat Mirzoyanın Rusiya haqqında xoş fikirlər səsləndirməsi də bu münasibətləri yumşaltmağa xidmət edir”.
Milli Məclisin komitə sədri qeyd etdi ki, KTMT Rusiyanın postsovet məkanında yaratdığı hərbi-siyasi proyektdir: “Rəsmi İrəvanın hərbi baxımdan Qərbdən istədiyi dəstəyi ala bilmədiyi üçün Rusiyadan tamamilə qopmağı hazırki şərtlər üçün mümkünsüz görünür. Geosiyasi reallıq onu göstəriri ki, Rusiya regionun əsas aktorudur. Ermənistanın NATO-ya inteqrasiyası isə hələ ki sadəcə bir xülyadır. Bu şərtlərdə Paşinyan hakimiyyəti xülyaya qapılmaqdansa reallığı qəbul edib ona uyğun addım atmağı üstün tutur. Görünən odur ki, rəsmi İrəvan Qərblə Rusiya ararsında balanslı siyasət yürüdərək nə şişi, nə də kababı yandırmaq niyyətindədir”.
A.Nağıyev yekun olaraq qeyd etdi ki, Qərbin verdiyi sözlər, xüsusilə Aİ-ə üzvlük və NATO-ya qəbul edilmə uzaq görünən və reallaşması sual altında olan gerçəklər olduğu üçün Ermənistan Rusiya ilə olan münasibətlərini tamamilə sonlandıra bilmir: “Bu vəziyyətdə rəsmi İrəvan beynəlxalq sferada balanslı xarici siyasət yürütmək məcburiyyətindədir”.

Qafar Çaxmaqlı
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı isə bildirdi ki, 2020-ci ildən bəri Ermənistan rəhbərliyi MDB ilə bağlı narazılıqlarını dəfələrlə dilə gətirib: “İrəvan xüsusən KTMT-ni Ermənistanla bağlı öhdəliklərini yerinə yerirməməkdə ittiham edib. Hətta iş o yerə çatmışdı ki, Ermənistanın bu qurumdan çıxması məsələsi gündəmə gətirilmişdi, amma heç vaxt qərarlı addım atılmayıb. Əsas bəhanə də o idi ki, guya Ermənistan 2022-ci ildə KTMT-yə müraciətinə lazımi cavab verilməyib. Xatırladım ki, o zaman Cermuk istiqamətində Azərbaycan Ordusunun əməliyyatlarının dayandırılması üçün yardımla bağlı Ermənistan KTMT-yə müraciət etmişdi və təşkilatdan cavab bu olmuşdu ki, Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşdirilmədiyindən KTMT kimin aqressor olduğunu təyin edə bilməz, bundan sonra Ermənistanın müraciəti rədd edilmişdi. Sonrakı dönəmdə Ermənistanın bu təşkilatda fəaliyyətini dayandırmaq kimi fikirlər var idi və Ermənistan bu qurumun heç bir tədbirinə qatılmırdı. Eyni zamanda rəsmi İrəvan KTMT-dən çıxmaqla bağlı cəsarətli addım da atmırdı. Baş nazir Paşinyan deyirdi ki, biz KTMT-də fəaliyyətimizi "dondurmuşuq". Bunun nə demək olduğu isə bu günə qədər anlaşılmır". Q.Çaxmaqlının sözlərinə görə, Ermənistanın Qərbə meyllənməsi fonunda bunun siyasi bir manevr olduğunu başa düşmək olardı: “İndi Ermənistan fikrini dəyişib, ona görə ki, meylləndiyi NATO-dan səs çıxmır və gələcəkdə təhlükəsizliklə bağlı qayğılar fikir dəyişikliyinə səbəb olmaqdadır. Paşinyanın Moskvaya səfərləri zamanı da KTMT-yə üzvlüklə bağlı müzakirələrin olduğu istisna edilmir. Ermənistanın Rusiyanın başını çəkdiyi bir sistemə geri dönüşündən başqa yolu olmadığı ortadadır. Rusiyanın da Ermənistanı öz təsir dairəsindən uzaqlaşdırmaq fikri yoxdur və son vaxtlar yumşalma bununla əlaqədardır. Avropa İttifaqı ilə bağlı atılan addımların Ermənistana heç nə verməyəcəyi də bəllidir. Avropa İttifaqına Ermənistan bu şəkildə lazım deyil. Bir zamanlar rus mediası Ermənistanın hərəkətləri ilə bağlı belə bir ifadə işlətmişdi: "Keçmiş ərindən boşanmadan yeni ər axtarmaq". İndi Ermənistan keçmiş ərinə qayıdış seçənəyini dəyərləndirir. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu səfəri elə o deməkdir".

Məhəmməd Əsədullazadə
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə hesab edir ki, Qriqoryanın iclasa qatılmaq qərarı Paşinyanın Rusiyaya reverans mənzərəsi yaratmaq üçündür: “Nəzərə almalıyıq ki, seçki öncəsi Paşinyan Rusiya ilə açıq qarşıdurmaya getmir. Amma o, daxildə Rusiyaya bağlı qüvvələri sıradan çıxarır. Apostol Kilsəsinin baş katibi İkinci Qareginin istefaya məcbur edilməsi, müxalifətə qarşı təzyiqləri buna aid edə bilərik. Düşünürəm ki, Paşinyan Rusiya ilə seçkiyə kimi normal münasibətlər saxlayacaq. Seçkidən sonra isə Ermənistan KTMT-dən çıxacaq”. Ekspert hesab edir ki, hətta parlament seçkilərində qələbəsini təmin edəndən sonra Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının çıxarılmasını da tələb edə bilər: “Paşinyanın əsas strateji siyasəti Avrointeqrasiyadır. Ona görə də onun Rusiya ilə bağlı hazırkı addımları manipulyasiyadan ibarətdir. İki stulda oturmağa Qərb ona icazə verməyəcək. Azərbaycanla yekun sülhdən sonra isə Ermənistan Rusiya ilə bağlı daha radikal qərarlar qəbul edəcək. Paşinyan bilir ki, KTMT-də real iştirak onun Avropa İttifaqı ilə bağlı siyasətinə mane olacaq”.
E.PAŞASOY,
“Yeni Müsavat”
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ