Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusunun çavuşu sayəsində sovet kəşfiyyatı altı ay ərzində yalnız ABŞ prezidentinə və NATO blokunun yüksək səviyyəli rəsmilərinə məxsus sənədləri ələ keçirib. 1962-ci ildə təhvil verilən sənədə baxış keçirən kəşfiyyat rəhbərinin müavini Vitali Pavlov şoka düşüb. Masanın üstündə NATO və Pentaqonun məxfi sənədlərinin surətləri olub. Xəritədə blokun dünyanın müxtəlif regionlarına nüvə zərbələri üçün hədəflər göstərilib.
Sənəddə Sovet İttifaqının və Avropanın sosialist ölkələrinin bütün böyük şəhərləri hədəf kimi qeyd olunub. Sovet ərazisindəki hədəflər ABŞ, Böyük Britaniya və Fransa arasında paylanıb. Lakin maraqlı nüans o olub ki, SSRİ “sıradan çıxdıqdan” sonra Vaşinqton Avropadakı öz müttəfiqlərinin ərazisinə qabaqlayıcı zərbələr endirəcəkmiş.
“Karfagen” əməliyyatı
1953-cü ilin əvvəlində Qərbi Almaniyada ABŞ qoşunlarında xidmət edən amerikalı serjant Robert Li Conson ADR-dəki sovet hakimiyyəti ilə əlaqə saxlayıb. O, bilavasitə rəhbərlərindən çox incidiyini və SSRİ-dən siyasi sığınacaq istədiyini bildirib. Amerikalı hərbçi ilə danışan sovet xarici kəşfiyyatının nümayəndəsi əmin edib ki, o, ABŞ ordusunda xidmət etməklə SSRİ-yə sülh uğrunda mübarizədə daha çox kömək edə bilər.
Bununla da “Karfagen” əməliyyatı başlayıb. 1959-cu ildən Conson Fransanın Orlean şəhərindəki Amerika bazasına göndərilib və hazırlanan plan sayəsində 1961-ci ildə Orli hava limanı yaxınlığındakı Amerikanın çox məxfi hərbi kuryer rabitə mərkəzində işə düzəlib. Həftədə bir dəfə hava limanından bura silahlı mühafizəçilərlə iri bağlamalarda olan gizli məlumatlar gətirilib. Hətta ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən tərtib edilmiş şifrələmə maşınlarının açarları və digər çox məxfi məlumatlar da burada saxlanılıb.
Robert sovet kəşfiyyatının köməkliyi ilə sənədlərin saxlandığı seyfin açarını və təhlükəsizlik kodunu öyrənə bilib. 30 noyabr 1962-ci ildə Conson seyfi ilk dəfə tək açıb. Kəşfiyyat rəsmiləri amerikalıları narahat etməmək üçün hətta ona bir paket götürməyi qəti şəkildə qadağan ediblər.
İdeal plan, satqın həyat yoldaşı, qatil oğul
Tezliklə Parisdəki SSRİ səfirliyinə “mədəniyyət heyəti” gəlib. Əslində onlar DTK-nın yüksək səviyyəli mütəxəssisləri olub. Consondan seyfi açması, bağlamaları rabitə mərkəzindən çıxarıb sovet rezidenturasının əməkdaşına təhvil verməsi tələb olunub. Agentlərə sənədləri səfirliyə çatdırmaq, orada mütəxəssislər tərəfindən zərflərin açılması, sənədlərin şəklini çəkmək və möhürləri “yerinə qoymaq” üçün bir saat vaxt verilib.
Baş verən hər hansı qəza diplomatik qalmaqala, amerikalı zabitin həbsinə səbəb ola bilərdi. Sənədləri uğurla yerinə qaytardıqdan sonra Robert 1964-cü ilin mayında Pentaqonun kuryer xidmətinə köçürülüb. Sovet kəşfiyyatı onun əməkdaşlığı davam etdirəcəyini düşünsə də, əksi baş verib.
Conson pulu hesabdan çıxararaq ordudan qaçıb və noyabrın 25-də etirafçı olmaq üçün Renoda polis bölməsinə gedib. Bir müddətdən sonra təkcə fərarinin deyil, sovet casusunun tutulduğu açıqlanıb. Rəsmi versiyaya görə, onu polisə ruhi xəstəlikdən əziyyət çəkən həyat yoldaşı satıb.
Digər versiyaya görə, Conson 1964-cü ilin fevralında amerikalıların tərəfinə keçən DTK polkovnik-leytenantı Yuri Nosenko tərəfindən satılıb. Həmin vaxt 300-ə yaxın kəşfiyyatçı SSRİ-yə geri çağırılıb. Qeyd olunub ki, Amerika rezidentliyi Consona vaxtında xəbərdarlıq etsəydi, onun qaçmağa vaxtı olardı.
ABŞ Müdafiə Nazirliyi onun vurduğu ziyanı böyük adlandırıb. ABŞ-nin müttəfiqlərini bombalamağı planlaşdırdığını sübut edən sənədlər Avropa mətbuatına sızıb və bu əsl “informasiya bombasına” çevrilib.
Robert Li Conson 25 il müddətinə azadlıqdan məhrum edilib. 1972-ci ilin may ayında Vyetnam müharibəsindən qayıdan oğlu həbsxanaya Consonu ziyarətə gəlib. Conson görüş zamanı onu qucaqlamaq istəyəndə oğul atasını sinəsindən bıçaqlayaraq qətlə yetirib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ