Deputat Sahib Alıyev Azərbaycan və Çin arasında vizaların qarşılıqlı azad olunması barədə çıxış edib.
Musavat.com bildirib ki, deputat hərtərəfli strateji tərəfdaşımız olan Çin xalq Respublikası ilə hər iki ölkənin vətəndaşlarının vizadan qarşılıqlı azad edilməsi haqda sazişi bir çox baxımdan yüksək qiymətləndirdiyini söyləyib:
“Birinci, burada söhbət komitə sədri hörmətli Səməd Seyidovun da vurğuladığı kimi dünya siyasətində oynadığı rol getdikcə iqtisadi potensialı ilə tam uyğunlaşmağa başlayan nəhəng bir dövlətdən gedir. İkincisi, Çin orta təbəqənin sürətlə formalaşdığı 1,5 milyard əhalisi ilə dünyada ən böyük turist potensialı olan ölkədir. Həm də elə bir ölkə ki, iqtisadiyyatı da, əhalisinin rifahı da təbii sərvət deyil, milli sərvət, yəni zəhmətkeşlikləri, yüksək əmək intizamları və intellektləri səbəbinə durmadan artdığından orada turizmə sadəcə əyləncə kimi yanaşmırlar.
Hazırda dünyada turizm sektorunun transformasiyasına ən böyük təsir göstərən çinli turistlər ekoturizmə və mədəni baxımdan zənginləşdirən səfərlərə üstünlük verirlər. Texnoloji innovasiya üzrə lider ölkə olaraq Çin qlobal turizm landşaftını əhəmiyyətli dərəcədə dəyişdirir. Çinli turistlər qabaqcıl rəqəmsal alətlərlə işləyir, süni intellekt bazasında onlardan köməkçi olaraq faydalanır, gedəcəkləri yerə virtual şəkildə öncədən baş çəkməyə üstünlük verirlər. Beləliklə, biz görürük ki, Çin turistlərini cəlb etmək üçün uyğun sektorlarda çalışanlardan yüksək mədəni həssaslıq və rəqəmsal hazırlıq tələb olunur.
Bu həftə cənab Prezidentin Laçında açılışını etdiyi beynəlxalq hava limanı, istirahət kompleksi, təməlini qoyduğu kanat yolu kimi faktlardan da görününür ki, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işləri təkcə soydaşlarımızın yurdlarına qayıdışının təmininə yox, həm də Azərbaycanın turizm potensialının daha da artmasına, çoxlu sayda turistlərin cəlb edilməsinə yönəlib. Və ancaq yaşıl enerjidən istifadə də o yerlərin turizm baxımından cəlbediciliklərini artırır. Dövlət başçımızın bu yaxınlarda haqqında danışdığı, iki şəhəri bir-birinə birləşdirəcək Xankəndi-Şuşa kanat xətti isə əgər səhv etmirəmsə, dünyada ikinci belə bir nadir qurğu olacaq ki, elə təkcə onun özünü görmək üçün ölkəmizə hər il on minlərlə, hətta bəlkə, yüz minlərlə turistin gəlməsi ehtimalı var.
Bir sözlə, dövlətimiz ən yüksək standartlara cavab verən turizm infrastrukturu yaradır. Qalır o sektorda çalışacaq kadrların da eyni standartlara cavab vermələri məsələsi- uyğun qurumlar, xidmət sektorundakılar bu haqda düşünsələr pis olmazdı. Çünki turistlərin sayı təkcə yerin gözəlliyinə, orada yüksək tələblərə cavab verən xidmət və istirahət obyektlərinin sayına deyil, həm də bütün zəncir boyu göstərilən xidmət mədəniyyətinə bağlı məsələdir. Turistlərə qaz vurub qazan doldurmaq fəlsəfəsi ilə yanaşılmamalı, öz kisəsindən yeyən, amma əziz qonaq kimi baxılmalıdır”.
S.Alıyev bildirib ki, burada ikinci önəmli məsələ bu anlaşmanı hər iki tərəf imzaladıqdan sonra Azərbaycan vətəndaşlarının vizasız gedib-gələ biləcəyi ölkələrin sayının artıq 72-ə çatmasıdır:
“Xatırladım ki, biz "Henley Passport İndex"-də bu baxımdan 68-ci yerdəyik, beş il bundan öncə isə 76-cı yerdəydik. Beləliklə, hazırda Azərbaycan pasportu türk dövlətləri arasında bu reytinq cədvəlində Türkiyə və Qazaxıstanınkından sonra üçüncüdür, Güney Qafqazda isə ikinci. Yəni Gürcüstan bizdən qabaqdadır, həm də çox. Və Gürcüstan vətəndaşlarına viza qadağasını qaldıran ölkələrin sayına diqqət yetirsək, görəcəyik ki, burada təkcə qonşumuzla Avropa Birliyi arasında vizasız gediş-gəliş haqda anlaşma yox, çox ehtimal ki, turizm, xidmət sektorundakı vəziyyət və digər faktorlar da təsirsiz ötüşməyib.
Orasını da qeyd edim ki, pasportların reytinqini tərtib edən, baş qərargahı ABŞ-nin Virciniya şatatında yerləşən Henley & Partners beynəlxlaq konsaltinq şirkətin o indeks cədvəlində ölkəmizlə bağlı yerləşdirdiyi məlumatda xeyli qərəzli məqamlar var ki, bununla bağlı müəyyən tədbirlərin görülməsinə ehtiyac var.
Amma istənilən halda biz həmən reytinq cədvəlində pasportumuzun yerini daha da ucalara qaldıra, yəni onu daşıyanların vizasız gedib-gələ biləcəkləri ölkələrin sayını xeyli artıra bilərik və bunun üçün potensial yetərincədir. Burada yəqin parlamentlərarası əməkdaşlıq üzrə işçi qruplarını da bu prosesə qoşmaqla parlament diplomatiyası müəyyən rol oynaya bilər”.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ