İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəmizdə abortla bağlı SOS - qanunla qadağan olunmasa...

Həkimlər hesab edir ki, son dövrlər qadınlarda onkoloji xəstəliklərin sayının çoxalmasına səbəb də abortlardır

Ötən il Azərbaycanda 73 816 abort qeydə alınıb. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb. 

Sənəddə qeyd olunub ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən ötən il üzrə doğumu qeydə alınmış 112 620 nəfərdən 59 814-ü oğlan, 52 806-sı isə qızdır. Cinslər arasındakı fərq 7 008 nəfərdir. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. 2022-ci il üzrə doğumu qeydə alınmış 122 846 nəfərdən 64 940-ı oğlan, 57 906-sı isə qızdır. Cinslər arasındakı fərq 7 034 nəfər olub. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edib.

2022-ci illə müqayisədə keçən il cinslər arasındakı fərq azalıb, 7 034-dən 7008-ə düşüb.

Dünyada ən aktual problemlərdən olan abortlara münasibət müxtəlifdir. Bir qrup insanlar buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını bildirirlər. Digər qisim insanlar abortun tibbi və psixoloji cəhətdən zərərli olduğunu deyirlər. Azərbaycanda da abortlar problem olaraq qalmaqdadır.

Statistika göstərir ki, abortların sayı 2021-ci ildə 46 877, 2022-ci ildə 57 999, 2023-cü ildə isə 73 816 olub. 15-49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 27,9 olub.

Qeyd edək ki, son illər Azərbaycanda da abortların sayının artması ciddi narahatlıq doğurur. Xüsusən də selektiv abortlarla bağlı ekspertlər həyəcan təbili çalır. Azərbaycanda ailələrin maarifləndirilməsi, arzuolunmaz hamiləlikdən qorunmaqla bağlı məlumatlandırılması effektiv nəticə vermədi. Abort, sadəcə, cərrahi bir prosedur deyil. Bir insanın qəsdən başqa bir insanı öldürməsi deməkdir. Bu mövzuda prinsipial mövqe ortaya qoyub abortdan imtina edən vicdanlı həkimlər var. Lakin əksəriyyət 13-cü həftəyə qədər olan hamiləlikləri sonlandırmağın qanunla qadağa olmadığını əsas gətirərək bu prosesə razılıq verir. Deməli, selektiv abortların qarşısını almaq, ümumilikdə abort statistikasını azaltmaq üçün qanundakı müvafiq maddəyə yenidən baxılmalıdır. Abort artıq sadəcə bir ailənin seçimi deyil, bu, ölkənin demoqrafik vəziyyətinə təsir edən bir haldır. 

Onu da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda selektiv abortlar daha çox narahatlıq doğurur. Selektiv abort - dölün və ya körpənin təxmin edilən cinsinə görə hamiləliyin süni olaraq pozulmasıdır. Yəni ər və ya arvad qız övladının olmasını istəmir, müayinə zamanı ana bətnindəki dölün cinsinin qız olması güman etdikləri üçün heç bir tibbi və ya sosial göstəriş olmadan hamiləliyi sonlandırırlar. Bu, cinsə görə abort, yəni selektiv abort hesab edilir. Çin, Kosovo, Nepal və Vyetnamda cinsin seçmə abortunu qadağan edən qanunlar var. Çində cinsiyyətə görə abort qanunsuzdur, lakin doğuşdan əvvəl cinsi müəyyən etmək Çində geniş yayılmış təcrübədir. Çindən sonra Azərbaycan selektiv aborta görə ötən il ilk yerdə idi.  

Mail Yaqub Hamlet İsaxanlını darmadağın etdi: Allahsız...

Mail Yaqub

Sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, abortların sayının yüksək olması yalnız demoqrafik vəziyyətə təsir etmir: “Əhalinin sayı getdikcə azalır. Beynəlxalq təşkilat hesabat yayıb ki, 2100-cü ildə Azərbaycan əhalisi 10 milyondan 8 milyona enəcək. Bu həm də abortların sayının çox olmasının nəticəsi ola bilər. Abortların qarşısı ciddi şəkildə alınmalıdır. Həm demoqrafik vəziyyət, yəni qız-oğlan balansının qorunması üçün, həm də əhalinin sayının azalmasının qarşısının alınması üçün bu çox vacibdir. Sosioloji problemlərdə qarşımızda iki yol mövcud olur. Birincisi, hüquqi prosedurlardır ki, burada sərt qanunların qəbul edilməsi və qəbul ediləndən sonra icrasına nəzarət edilməsidir. Bəzən qanunlar olur, icrasına nəzarət olunmur. Qanunun icra mexanizmi necədir, buna diqqət etmək lazımdır. Ola bilər, parlamentdə qanunvericiliyə düzəlişlər edilsin, sərt bir cəza mexanizmi nəzərdə tutulsun, amma sonra icra olunmasın. Həkimlər bunu görməzdən gəlsin, və sairə. İkinci isə insanlar arasında təbliğat aparılmalıdır. İnsanlara bunun cinayət olduğu aşılanmalıdır. Dinimiz də abortu qadağan edir, bu, geniş şəkildə işıqlandrılmalıdır. Təəssüflər olsun ki, ölkəmizdə təbliğat işləri çox zəifdir. Təbliğat işlərini aparan insanlar da çox azdır”.  

Yeri gəlmişkən, dinimizə görə bətndəki uşaq (rüşeym) müxtəlif mərhələlərdən keçir, bir neçə aydan sonra ona ruh verilir. İslamda üstün və geniş yayılmış fikrə görə, hamiləliyin heç bir mərhələsində bunu etmək olmaz - nə ruh verilməzdən əvvəl, nə də sonra. Kimsə bu haram əməli etsə, bir insanı öldürmüş sayılar və şəriətə görə qanbahası verməlidir. Abort yalnız o zaman icazəlidir ki, uşağın bətndə inkişafı və ya doğuluşu ananın həyatı üçün ölüm təhlükəsi yaratmış olsun. Ya ananın, ya da uşağın həyatını xilas etmək seçimi yarandıqda uşağı tələf edib ananı xilas etməyə icazə verilir.

Sahib Məmmədov: "Azərbaycan polisi əsl fədakarlıq göstərdi"

 Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquq müdafiəçisi Sahib Məmmədov isə qeyd edir ki, Azərbaycanda 1950-ci illərdən başlayaraq əhalinin doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur: "Bir qadına düşən uşaqların sayı ötən əsrin 60-cı illərinin əvvəllərində 6 nəfərə yaxın (5.0748) olub. 2024-cü ildə bu göstərici 2 nəfərdən daha aşağıdır (1.6467)  son 62 ildə azalma ümumilikdə 67.55%  təşkil edir. Fikrimcə, bunun səbəbləri içərisində selektiv abort ciddi rol oynamaqdadır və yaxın gələcəkdə bu özünü daha ciddi şəkildə büruzə verəcək".

Həkimlər hesab edir ki, son dövrlər qadınlarda onkoloji xəstəliklərin sayının çoxalmasına səbəb abortlardır. Abortdan sonra qadınlarda bir sıra ağırlaşmalar, sonradan isə xəstəliklər yarana bilər. İlk olaraq qeyd edilir ki, abort olunmuş qadının hamilə qalmaq və sağlam uşaq dünyaya gətirmək ehtimalı abort olunmamış qadınlarla müqayisədə daha azdır. Abortdan sonra bir çox qadınların orqanizmində bu və ya digər pozulmalar inkişaf edir - hormonal pozulmalar, iltihablar və s. Məhz bu pozulmalar bəzən hətta sonsuzluğa səbəb olur. Belə sonsuzluq ikincili sonsuzluq adlanır. Bu sonsuzluq formasının əsas səbəbi məhz abortlardır. Əgər qadın abortdan sonra hamilə olarsa, bu zaman hamiləlik zamanı müxtəlif ağırlaşmalar mümkündür. 

Uşaqlıq boynu xərçəngi: Erkən nikah ən böyük faktordur

Təranə Həsənova

Ginekoloq Təranə Həsənova deyir ki, abort bütün hallarda qadın orqanizmində çox ciddi fəsadlar yaradır: “Bu fəsadların bir qismi dərhal, bir qismi isə sonra baş verir. Dərhal baş verən fəsadlar ondan ibarətdir ki, abort zamanı uşaqlıq deşilə bilər. Abortdan sonra iltihab əmələ gələ bilər. Qadın bundan çox ciddi əziyyət çəkə bilər. Bu, müalicə ilə keçmir və endometrik xəstəliyə çevrilir. Endometrik xəstəlik isə o deməkdir ki, qadın həmişəlik ağrılarla yaşamağa məhkumdur. Abort çox zaman sonsuzluğa yol açır. Düzgün əməliyyat edilməyən qadın uşağa sahib ola bilməyəcək”. Ginekoloq abortun yaratdığı ağır fəsadlardan da danışıb: “Bəzi hallarda abort zamanı uşaqlıq boynu müxtəlif yolla genəldilir. Bu da uşaqlıq boynuna mexaniki təsir göstərir. Belə halla rastlaşan qadınlarda 40 yaşdan sonra uşaqlıq boynunun xərçəngi yaranır. Qadınlarda yumurtalıqların xərçənginin bir səbəbi də məhz abort olaraq göstərilir. Erkən yaşda abort olunmaq isə bu təhlükələri iki dəfə artırır”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR