İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə əhalini panikada saxlamaq “terroru” - yalan xəbərlərin pərdəarxası...

Səfirliyimizə terror, Türkiyədə zəlzələ, Bakıda silahlı basqından sonra cəmiyyətdə gərginlik yaradan informasiyalar ötürülür; Qulu Məhərrəmli: “Cəmiyyəti təşvişə salan məlumatların yayılması informasiya savaşının bir hissəsidir”

Tehrandakı səfirliyimizə edilən terror hücumu və Türkiyədə zəlzələdən sonra Azərbaycan cəmiyyətinə sosial şəbəkələr üzərindən basqılar, əhalini qorxu altında saxlayan dezinformasiyaların artması müşahidə edildi. Paytaxtda inkasatora iki cinayətkarın basqınından sonra da ən müxtəlif yalan xəbərlər yayıldı. Şəhərin guya müxtəlif yerlərdə atışmalar olduğu haqda yalan məlumatlar ötürüldü. Son olaraq votsap üzərindən guya metroda terror olacağı haqda yalan xəbərlər yayıldı ki, bu da əhalinin müəyyən kəsimində gərginlik yaratdı. “Yeni Müsavat” yada salır ki, səs yazısında yaxın günlərdə metroda terror aktının baş verəcəyi iddia edilib və kimliyi bəlli olmayan şəxs vətəndaşları mümkün qədər metrodan istifadə etməməyə çağırıb. İnsanlar arasında təşviş yaradan səs yazısı ilə bağlı Daxili İşlər Nazirliyindən bildirib ki, sözügedən audioyazı araşdırılır.

Qeyd edək ki, indiki həssas məqamda bu formada səsyazısının yayılmasının təxribat məqsədi daşıması şübhə doğurmur. Bu gün Azərbaycana düşmən münasibət bəsləyən bəlli qüvvələr  ölkəmizə qarşı yalan, əhalini təşvişə salan dezinformasiyalar  müharibəsi aparır. Çox təəssüf ki, bəzən vətəndaşlarımız da fərqinə varmadan o xəbərlərin təsiri altına düşür. O da nəticə etibarilə bizim ümumi təhlükəsizliyimizi təhdid edir. Bəs bu kimi halların arxasında hansı təşkilatlanmış dəstələr durur? Bu cür xof yaradan xəbərləri yayan dairələrin məqsədi nədir? Cəmiyyəti panikaya salmaq, qorxutmaq səylərinin arxasında hansı məkrli planlar dayanır? Onu da demək lazımdır ki, ajiotaj yaradacaq xəbərlər daha çox sosial şəbəkələrdə yayılır.

Qulu Məhərrəmli kafedra müdiri seçildi

Qulu Məhərrəmli 

Bu mövzuda danışan professor, media mütəxəssisi Qulu Məhərrəmli “Yeni Müsavat”a qeyd etdi ki, qorxu, həyəcan yaradan xəbərlərin yayılması həmişə baş verir. Onun sözlərinə görə, bu dezinformasiyaları yayanları iki qrupda təsnifatlandırmaq olar: “Ya maraq xatirinə edən "həvəskarlar" olur, ya da müəyyən qruplar bilərəkdən belə məlumatlar yayırlar. Hər ikisi ictimai düşüncə üçün çox təhlükəlidir. Bu gün zəlzələ, terror aktı, sosial məsələlər haqda müxtəlif xəbərlər yayılır. Məncə, məqsədyönlü şəkildə yayılır. Fikrimcə, bu informasiyalar bizə dost olmayan şimal və cənub qonşulardan yayıla bilər. Sözsüz ki, bu bir ehtimaldır, amma istisna etmirəm. Çünki müharibə bitib, amma onun dalğası cəmiyyətdə özünü göstərir. Bu gün toplar susub, arada dillənsə də, indi ən çox virtual sahədə, informasiya meydanında savaş gedir".

Q.Məhərrəmli cəmiyyəti təşvişə salan məlumatların yayılmasına informasiya müharibəsinin bir hissəsi kimi baxmağı təklif edir: “Bəs bunun qarşısını necə almaq olar? İlk növbədə media, xüsusən televiziyalar davamlı materiallar verməlidir, vəzifəli və məsul şəxslər efirdə mötəbər məlumatlar yaymalıdır. Belə olmayanda şayiələr ayaq tutub yeriyəcək, bəziləri hətta inanacaqlar. Bunu qabaqlamaq üçün peşəkar yanaşma olmalıdır. Nəzərə almalıyıq ki, müasir dövrdə iki məkan var - real yaşadığımız cəmiyyət, ikincisi, virtual məkan... Hazırda virtual məkanda qopan fırtınanın real məkana köçürülmə prosesi gedir. Ona görə media savadlılığı işi yüksək səviyyədə qurulmalıdır, belə xəbərlərin qarşısının alınması üçün müasir-texnoloji üsullardan istifadə edilməlidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR