İnsanlara hürriyət, millətlərə istiqlal!

Oleq Bakinskinin Ukraynadan çıxarılmasında erməni izi, imzası –ŞOK BİLGİLƏR  

 

Xəbər verdiyimiz kimi Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivin və Ukraynada  nazir müavini postunu tutmuş Konstantin Antonoviç Kuçerin cinayət işi üzrə məhkəmə araşdırmaları keçirilir.

Müttəhimlərdən  Oleq Bakinski Rusiya Ukraynaya qarşı müharibəyə başlamazdan öncə uzun müddət Kiyevdə  yaşayıb. Uzun illər Ukraynada ən güclü diaspor təşkilatlarından olan Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri olub. Ukraynada Azərbaycanı və azərbaycanlıları cani-dildən müdafiə etməsi diqqətdən kənarda qalmayıb. Oleq Bakinski bu fəaliyyətinə görə Azərbaycanda “Dostluq” ordeni ilə təltif edilib. Qarabağ azad ediləndən sonra Şuşada təşkil olunan və dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diaspor üzvlərinin də dəvət edildiyi tədbirdə Oleq Bakinski də çağırılan qonaqlardan olub. Onun Ukraynadakı fəaliyyəti daima oradakı erməni diasporunu narahat edib. Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətinə qarşı çıxanlar arasında Oleq Bakinskinin olması qarşı tərəf üçün fürsət olub. Əvvəlcə Oleq Bakinskinin özü Ukraynadan çıxarılıb. Ardından onun oğlu Sultanbəy Krapivinə qarşı cinayət təqibi başladılıb.

İşdə maraqlı məqam odur ki, Oleq Bakinskinin Ukraynadan çıxarılması haqda sənədləri erməni əsilli Akop Arüstəmovun imzalamasıdır. Akop Arüstəmov həmin sənədləri imzalayarkən Ukrayna Dövlət Miqrasiya Xidmətinin Əcnəbilərin və Vətəndaşlığı olmayan şəxslərin işi üzrə idarənin rəisi vəzifəsini tutub.

Oleq Bakinski 2022-ci il iyunun 26-da verilən bu qərardan sonra uzun illər yaşadığı Ukraynanı tərk edib və vətənə dönüb, fəaliyyətini burada davam etdirib.

Onunla birgə mühakimə olunan Konstantin Kuçer isə vaxtilə Ukraynanın sənaye siyasəti nazirinin müavini - Müdafiə Sənaye Kompleksi Agentliyinin rəhbəri olub. Sonradan Fransaya köçüb və bir müddət əvvəl daimi yaşamaq üçün ailəsi ilə birgə Bakıya köçüb.

Oleq Bakinski ilə Konstantin Kuçerlə bağlı Azərbaycan hüquq mühafizə orqanlarına şikayət edən Valeriy Nikolayeviç Zaxarenkov isə Rusiya Müdafiə Sənaye Kompleksinin nümayəndəsi, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək çinli vəzifəlilərindədir.     

Cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır. Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kiçer isə xuliqanlıq və dələduzluqda ittiham olunur. İş üzrə zərərçəkən statusunda olan Valeriy Zaxarenkov ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapchast” ASC-nin sahibidir.

Onun rəhbərlik etdiyi ASC 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb.  Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb.

Valeriy Nikolayeviç Zaxarenkov məhkəmənin hazırlıq iclasına qatılmayıb. Onun vəkili Samir İsayev deyib ki, müvəkkili növbəti prosesdə iştirak edəcək.

İclasda Konstantin Kuçer Ukrayna dilindən tərcüməçi ilə təmin olunmasını xahiş edib, Oleq Bakinski isə ümumiyyətlə tərcüməçiyə ehtiyac duymadığını bildirib: “Mən bakılıyam, Azərbaycan dilində yazıb, oxuya bilirəm”.

İclasda Konstantin Kuçerin vəkili Elşad Əliyev müvəkkilinin absurd ittihamlarla həbsdə olduğunu bildirib və həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə dəyişdirilməsi, habelə müqavilələrdən irəli gələn öhdəliklərin başa düşülməsi üçün müstəqil auditin keçirilməsi barədə vəsatət qaldırıb. Bundan əlavə, o, iş materiallarına əlavə olunan köynəkdəki qan izlərinin müvəkkilinə məxsus olub-olmadığını müəyyən etmək üçün ekspertiza üçün bioloji nümunələrin götürülməsini tələb edib. Vəkil sübut bazasının olmamasını deyərək, məhkəmədən işin əlavə istintaqa qaytarılmasını istəyib.

Oleq Bakinskinin vəkili Xeyransa Babayeva müvəkkilinin işinin ayrıca icraata ayrılması və ona ayrıca qaydada baxılması barədə vəsatət qaldırıb. O, həmçinin Oleq Bakinski barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Oleq Bakinski vəkilinin vəsatətini dəstəkləyib. “Artıq 6 aydır ki, buradayam. Bunun səbəbini bilmək istəyirəm. Mən heç kəsi döyməmişəm, heç bir səbəb olmadan həbsdə saxlanılıram”, - deyə Oleq Bakinski bildirib.

Vəsatətlər təmin olunmayıb. Oleq Bakinskinin vəkili Xeyransa Babayeva deyib ki,  müvəkkili kimsəyə qarşı xuliqanlıq etməyib, kimsəyə xəsarət yetirməyib. Mətbuatdan da xahiş edib ki, dəqiqləşdirilməmiş məlumatları yazıb Azərbaycanı canı qədər sevən, müharibəyə qədər Ukraynada ən böyük diasporlardan olan diasporamızın ən tanınan üzvü haqda belə yanlış məlumatlar yaymasınlar. Vəkil Oleq Bakinskinin özü istəmədən bu məsələnin mərkəzinə düşmüş şəxs olduğunu diqqətə çatdırıb. Bildirib ki, Oleq Bakinskinin bu cinayət işində adının hallanması da iş üzrə adı zərərçəkən kimi keçən Valeriy Nikolayeviç Zaxarenkovun onu görüşə dəvət etməsinə görədir.

Vəkil bildirib ki, Rusiya vətəndaşı olan Valeriy Zaxarenkov 2024-cü ildə Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovla birgə Bakıya Konstantin Antonoviç Kuçerlə kommersiya məsələləri ilə bağlı danışığa gəliblər. Valeriy Nikolayeviç Zaxarenkov Bakıda öz yaxın tanışları vasitəsi ilə Oleq Krapivinlə əlaqə saxlayıb, ondan görüşdə iştirak etməsini xahiş edib:

“Oleq Krapivin həmin görüşdə Valeriy Nikolayeviç Zaxarenkovun dəvəti ilə iştirak edib. Görüşdə Valeriy Zaxarenkov xoşagəlməyən, etik normalara uyğun olmayan sözlər işlədib. Oleq Krapivin isə onu etik normalara uyğun davranışa dəvət etməklə sakitləşdirməyə çalışıb.  Valeriy Zaxarenkov xoşagəlməyən danışığını davam etdirdikdə isə Oleq Krapivin ondan üzr istəməsini istəyib. Valeriy Zaxarenkov Oleq Krapivinin bu xahişindən sonra daha da kobud danışıb və yerindən qalxaraq Oleq Krapivinin üstünə yeriyib. Həmin vaxt ayağı masaya ilişərək səndələyib, yerə yıxılıb və başından xəsarət alıb”.

Vəkil bildirib ki, növbəti gün Valeriy Zaxarenkov Sergey Vladimiroviç Styopinlə birgə hüquq-mühafizə orqanlarına Oleq Krapivindən şikayət ediblər:  “Valeriy Zaxarenkov şikayətində yazıb ki, guya Oleq Karpivin onun başına  butulka vurmaqla xəsarət yetirib. Əslində isə Oleq Krapivin Valeriy Zaxarenkova xəsarət yetirməyib, onu vurmayıb. Dünyaca məşhur idmançının butulka ilə kimisə vurması uydurmadır, nağıldır”.

Vəkil görüşdə iştirak edən Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovun işdə adı keçən “Aviazapçast” və “Promışlennıye Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə aidiyyatları olan şəxslər olduqlarını da deyib.

Mətbuat nümayəndələrindən xahiş edib ki, prosesdə iştirak etməklə həqiqəti olduğu kimi ictimaiyyətə çatdırsınlar. 2024-cü ilin iyulun sonlarında Bakıda Oleq Bakinskinin həbsi bir qədər gözlənilməz oldu. Rusiya Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən idi.  O, Kiyev Azərbyacanlıları Konqresinə rəhbərlik edirdi.

O, 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə, o, Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Elə Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. Oleq Bakinski milliyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə, Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb. “Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı” deyə müsahibələrindən birində Oleq Bakinski qeyd etmişdi. Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibə başladığı gün Oleq Krapivin həmyerlilərimizə dəstək verən tək-tük şəxslərdən biri olub. Azərbaycanın Ukraynadakı səfirinin biabırçı qaçışı fonunda Oleq Krapivin qısa müddətdə 1100 həmyerlimizi bomba yağışı altından çıxarıb Azərbaycana göndərə bilmişdi. Onun Azərbaycan adına və həmyerlilərimizə verdiyi dəstək saymaqla bitməz. 

Rusiyanın Ukraynaya təcavüzünə ən sərt reaksiya verən Oleq Krapivinin Ukraynada yaşamaq izni ermənilərin səyi nəticəsində ləğv olunub. Həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə də qadağa qoyulub!

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR