Onlayn ictimai-siyasi qəzet
Mayın 28-də Ukraynanın Odessa vilayətində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 illiyi qeyd olunub.
Musavat.com xəbər verir ki, "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının təşkilatçılığı ilə təşkil olunan tədbirdə təşkilatın idarə heyəti üzvləri, yerli qonaqlar və soydaşlarımız iştirak ediblər.
Öncə Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirilib. Sonra hər iki ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin moderatorluğunu edən Ukrayna Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Aydın Əliyev cümhuriyyət tarixinə qısa ekskursiya edib və ADR mövcud olduğu zaman insan haqlarına xüsusi önəm verildiyini, hətta 20-ci əsrin əvvəlində şərq ölkəsində qadınların seçmək və seçilmək hüququnun tanındığını xüsusi vurğulayıb.
"Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədri Cəlil Astanov bütün qonaqları salamlayıb və 107 il öncə yaranan Azərbaycan dövlətinin sükanının bu gün də prezident İlham Əliyevin timsalında əmin əllərdə olduğunu və artıq dünyada söz sahibi olduğunu qeyd edib.
Odessa İqtisad universitetinin keçmiş rektoru, professor Zveryakov Mixail İvanoviç Azərbaycan- Ukrayna dövlətlərarası münasibətlərdən, dövlətlər və xalqlar arasında dostluq əlaqələrinin tarixindən danışıb.
Natiq mərhum dövlət başçısı Heydər Əliyev dönəmində bu əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb.
Keçmiş xalq deputatı Aleksandr Semyonoviç Presman Azərbaycanın qüdrətli orduya sahib dövlət kimi Qafqazdakı hegemon rolunu xüsusi vurğulayıb və tədbir iştirakçılarını ərazi bütövlüyümüzün bərpası münasibətilə təbrik edib.
Ondan sonra çıxış edən Odessa rayon Radasının sədri Barvenenko Vitali Dmitriyeviç də cümhuriyyət bayramı münasibətilə azərbaycanlıları təbrik edib və Odessada yaranacaq Azərbaycan parkı üçün əllərindən gələn dəstəyi göstərəcəklərini nəzərə çatdırıb.
Əfqan milli-mədəni birliyinin sədri Nuri Əzim xalqlarımızın dost olduğunu və 1992-ci ildə əfqan gənclərin erməni hücumlarına məruz qalan Azərbaycanı müdafiə etmək üçün könüllü şəkildə vətənimizə yola düşdüklərini xatırladıb.
O Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən xeyli soydaşını şəxsən tanıdığını söyləyib. Ağsaqqallar şurasının sədri Hacı Namiq 28 may gününün xalqımızın müstəqillik və dövlətçilik tarixində önəmli rolunu qeyd edib və tezliklə ikinci vətənimiz Ukraynada sülh və əmin-amanlıq olması üçün dualar etdiyini vurğulayıb.
"Birlik" təşkilatının sədr müavini Anar Natiqoglu Məmməd Əmin Rəsulzadənin başçılığı ilə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ilk öncə Tiflisdə elan olunduğunu sonra isə Gəncəyə köcdüyünu xatırladıb: "Qürurverici haldır ki ilk paytaxtımız Gəncə və Odessa qardaşlaşmış şəhərlərdir.
Mən həm də ilk dövlətimizin iki naziri, Nəsib bəy Yusifbəyli və Xosrov və Sultanovun məhz Odessada indiki İ.İ.Mecnikov adına universitetdə təhsil aldıqlarını qeyd etmək istərdim".
Demək olar ki, bütün çıxışçılar sözlərinə “Slava Azerbaycanu”, “Slava Ukraine” kəlmələri ilə bitiriblər. Sonra tədbirdə iştirak edən gənclər və digər qonaqlar da təbrik və arzularını qeyd ediblər.
Musavat.com
31 May 2025
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ