İnsanlara hürriyət, millətlərə istiqlal!

Obama ABŞ universitetlərini Trampa qarşı mübarizəyə çağırdı

ABŞ-ın keçmiş prezidenti Barak Obama Donald Tramp administrasiyası ilə qarşıdurmada Harvard Universitetini dəstəkləyib.

Musavat.com xəbər verir ki, sabiq prezident X hesabından digər ali təhsil müəssisələrini Harvarddan nümunə götürməyə çağırıb: "Harvard akademik azadlığı boğmaq üçün qeyri-qanuni və absurd cəhdi rədd etməklə və bütün Harvard tələbələrinin intellektual araşdırma, ciddi müzakirə və qarşılıqlı hörmət mühitindən faydalanmasını təmin etmək üçün konkret addımlar atmaqla digər ali təhsil müəssisələri üçün nümunə oldu".

Harvard Hüquq Məktəbinin məzunu olan Obama əlavə edib: “Ümid edək ki, digər ali təhsil müəssisələri də buna əməl edəcəklər”.

Bu gün Tramp universiteti vergidən azad müəssisə statusunu ləğv etməklə hədələyib. “Harvard Universiteti siyasi təşkilat kimi vergiyə cəlb edilməlidir”, - ABŞ prezidenti Truth Social hesabında qeyd edib: "Bəlkə Harvard siyasi, ideoloji, terrorizmdən ilhamlanan və dəstəklənən "xəstəliyi" təbliğ etməyə davam edərsə, vergidən azad statusundan məhrum edilməli və siyasi təşkilat olaraq vergi ödəməyə məcbur edilməlidir"? O, həmçinin xatırladıb ki, universitetin vergidən azad olması onun ictimai maraqlara uyğun fəaliyyətindən asılıdır.

Bir gün əvvəl isə ABŞ Təhsil Nazirliyi Harvard Universitetinə ayrılan 2,2 milyard dollar qrantın dondurulduğunu elan edib. Harvard Universitetinin prezidenti Alan Qarber daha əvvəl demişdi ki, hökumətin tələbi ilə məktəb yəhudi tələbələri antisemitizmdən qorumaq üçün öz siyasətini dəyişməyəcək.

Bundan əvvəl məlumat verilmişdi ki, Amerika administrasiyası Harvard Universitetinə ayrılan qrantları və bu elit ali təhsil müəssisəsi ilə ümumi məbləği təxminən 9 milyard dollar olan müqavilələri yenidən nəzərdən keçirmək niyyətindədir. Martın ortalarında ABŞ Təhsil Nazirliyi 60 Amerika universitetinə yəhudi tələbələrin etirazlardan müdafiəsini təmin etməsələr, bunun nəticələri barədə xəbərdarlıq etmişdi. Bu bildirişlərə İvy Liqasının səkkiz universitetindən altısı daxil idi: Brown, Harvard, Yale, Columbia, Cornell və Princeton.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR