İnsanlara hürriyət, millətlərə istiqlal!

“O kənd bizim kəndimizdir” - səbrimiz bitir, ya savaş...

Nikol Paşinyan Tavuş sakinləri ilə görüşdə “kəndləri qaytarmasaq, savaş başlayacaq” dedi; Ermənistanın artıq geriyə yolu yoxdur, Azərbaycana məxsus kəndlər ya xoşluqla azad olunmalıdır, ya da...

Ermənistanda Azərbaycanın tarixi ərazilərinin bir qisminin, 90-cı illərdən bəri işğal altında saxlanılan Qazağın 7, Sədərəyin Kərki kəndinin qaytarılacağından dolayı müzakirələr, həm də panik ovqat davam edir.

Ermənistanın işğalında olan 8 kəndin geri verilməsi məsələsi yeni deyil. 9 noyabr 2020-ci il üçtərəfli bəyannaməsi imzalanarkən bu kəndlərin geri qaytarılması müzakirə predmeti olub, amma sənədə daxil edilməyib. Çünki bu kəndlərin Azərbaycanın olması barədə heç bir şübhə olmayıb. Azərbaycan sərhədlərin müəyyənləşməsi prosesində həmin kəndlərin qaytarılmasında bir problem görməyib. Lakin Ermənistanın guya Azərbaycan tərəfindən onun suveren ərazisinə daxil olması kimi sərsəm bəyanatlarından və Avropa İttifaqının müşahidəçilərinin gətirib sərhədə toplanmasından sonra sülh prosesinə gedən yolda Ermənistanın cığal ritorikasına cavab olaraq bu kəndlərin bir an öncə təhvil verilməsini tələb edib. Burada müzakirəlik bir şey yoxdur. Məlum olduğu kimi, Qazax rayonunun bu kəndlərinin hamısı anklav deyil, 3 kənd Azərbaycan torpaqlarına eksklavdır. Onların ilkin etapda geri qaytarılmasında elə bir problem olmamalıdır. Paşinyan parlamentdə mətbuata açıq olmayan toplantıda bunlardan bəhs etdiyi və bu kəndlərin geri verilməsini dediyi ehtimalı üzərində duran erməni politoloqların bəziləri aprel ayının əvvəlində 4 kəndin - Naxçıvanın Kərki kəndi daxil - boşaldılacağını iddia edirlər. Mətbuat konfransında Paşinyan bu adda kəndlərin SSRİ dövründə Ermənistanın xəritəsində yer almadığını deyərkən bu kəndlərin Azərbaycana aid olduğunu qəbul etmiş olur, amma bu kəndlərin verilməsini öz cəmiyyətinə necə yedizdirəcəyini düşünməkdədir. Onun bu kəndlərə gəlib əhali ilə görüşməsi də bu məqsədlə edilmişdi. Ermənistan mətbuatı yazır ki, Paşinyan burada xoş qarşılanmayıb. Ermənilər bu kəndlərin geri verilməsini Paşinyanın növbəti xəyanəti adlandırmağa başlayıblar və əgər bu, gerçəkləşərsə, bu ərazidə Azərbaycan üçün əhəmiyyətli strateji mövqe oluşacağı fikrindədirlər. Ermənistana gələn qaz xətti, Gürcüstana gedən magistral yol buradan keçdiyindən Ermənistan Azərbaycandan asılı vəziyyətə düşəcək. Digər anklavların alınmasından sonra Azərbaycan meşə zolağı ilə Vanadzora qədər maneəsiz hərbi-strateji xətt əldə edə bilər. Kəndlərimizi könüllü surətdə qaytarmadığı təqdirdə Ermənistan Azərbaycanı onu güc yolu ilə etməyə zorlayır. Varujan Geğamyan adlı analitik deyir ki, Paşinyan daxili təpkiləri nəzərə alaraq savaş yolu ilə bu problemi həll eləyəcək. Azərbaycanı təhrik edəcək və sonucda kəndlər veriləcək və Paşinyan günahkar olmayacaq. Amma bu variantın sülh prosesinə nə dərəcədə zərərini hesablamaq mümkün deyil.

Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə səsləndirdiyi fikirlərlə bağlı yeni təfərrüatlar yayılmaqdadır. Erməni mətbuatının yazdığına görə, Paşinyan deyib ki, İrəvan sərhəd kəndləri məsələsində Bakı ilə güzəştə getməsə, bir həftə sonra müharibə başlaya bilər. (Publika.az) Görüşün detallarını hökumətin mətbuat xidməti yayıb. N.Paşinyan əlavə edib ki, İrəvan sərhədyanı kəndlərlə bağlı Bakı ilə razılaşmasa, hadisələrin bu cür inkişafı mümkündür: “Gedək (Azərbaycana - red.) deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu, o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq. Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm”. Paşinyan izah edib ki, silahlı münaqişədən sonra yerli sakinlər ondan hərbi əməliyyatlar təhlükəsi barədə məlumatı olub, onları niyə əvvəlcədən xəbərdar etmədiyini soruşacaqlar. Göründüyü kimi, baş nazir çıxılmazda olduğunu anlayır və bunu yerli əhaliyə də başa salmağa cəhd göstərir. Paşinyan yaxşı bilir ki, Ermənistanın artıq geriyə yolu yoxdur, Azərbaycana məxsus kəndlər azad olunmalıdır. Ekspertlərimizin mövzu ilə bağlı maraqlı yanaşmaları var.

Qafar Çaxmaqlı: “Yurd həsrəti ilə yaşayan insanlar 7 fevral seçkisinə  taleyüklü hadisə kimi baxırlar”

Qafar Çaxmaqlı 

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Yeni Müsavat”a mövzu ilə bağlı bunları söylədi: “Paşinyana yaxın olan bəzi siyasilər haqlıdırlar ki, kəndlərin qaytarılması məsələsi bəhanədir. Azərbaycanın məqsədi Zəngəzurdakı kommunikasiya xəttini əldə etməkdir. İndi erməni elit politikasında Ermənistanın mövqeyinin dəyişdirilməsi və müxtəlif variantların tətbiqi üçün yumşaldıcı addımların atılması müzakirə olunur. Kalininqrad variantı bunlardan biridir. Antalya Diplomatiya Forumunda Türkiyə tərəfindən təklifin detalları məlum olmasa da, yenə müzakirə edilir. Guya Türkiyə Ermənistanın da suveren hüquqlarını nəzərə alan təklif irəli sürüb... Ermənistan İran və Gürcüstan faktorunu da nəzərə alaraq Qərbin də dəstəklədiyi yolla gedərsə, ən azından sülh əldə edə bilər”. Q.Çaxmaqlı erməni baş nazirin son görüşünə diqqət çəkdi: “Paşinyan Əskiparada yenə vurğulayıb ki, sülhün əldə olunması Ermənistanın gələcəyi üçün önəmlidir. Ermənistanın silahlanması və Fransa kimi dövlətlər tərəfin qızışdırılması onun özünə zərər verə bilər. Yenidən müharibə olarsa, məğlub olacağını yaxşı bilən Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa yolu yoxdur”.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov bu məsələdə Azərbaycanın əlini gücləndirən amillərə diqqət çəkdi: “Birincisi, həm Brüssel bəyanatlarında, həm də Rusiya görüşlərinin yekununda delimitasiya komissiyalarının çevik işləməsi ilə bağlı qərarlar var. İkincisi, Şarl Mişel də daxil olmaqla, Avropa İttifaqının bir çox siyasətçisi delimitasiya olunmadan əlaqələrin normallaşmasını mümkünsüz hesab edirlər. Üçüncüsü, Rusiya da regional kommunikasiyaların fəaliyyətə başlaması üçün delimitasiyanı vacib hesab etmişdi. Amma Ermənistan tərəfindən sistematik formada Azərbaycan ərazilərinin qəsbindən əl çəkməmək taktikası var. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın görüşləri müstəsna əhəmiyyətə malikdir”. T.İsmayılov qeyd etdi ki, burada yalnız Ermənistanın deyil, onun havadarı olan ölkələrin də çox böyük günahı var: “Çünki onlar sülh məsələsinin həll olunmamasına çalışırlar. Buna görə də delimitasiya prosesinin geçikməsi üçün addımlar atırlar. Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsinə imkan vermirlər. Ciddi bir irəliləyiş üçün delimitasiya komissiyasının işlərində də irəliləyiş olmalıdır. Azərbaycan hərbi əməliyyatlarda əsla maraqlı deyil, amma Ermənistan bir çox hallarda əlavə imkanları bloklayır”.

Rusiya Avropa İttifaqının Azərbaycana qarşı təzadlı siyasətindən  faydalanır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün daha da əlverişli bir mühit formalaşıb: “Təbii ki, bunu Azərbaycan tərəfi formalaşdirib. Azərbaycan eskalasiyada maraqlı deyil və çalışır ki, digər problem danışıqlarla həll edilsin. Cənab Prezident İlham Əliyev bu siyasəti uğurla aparır. Ermənistan Azərbaycanın 8 kəndini anklav və anklav olmayan kəndləri işğalda saxlayır. Rəsmi İrəvan hesab edirdi ki, Azərbaycana şərtlər irəli sürəcək və ondan sonra kəndlər Ermənistanın şərtləri ilə geri veriləcək. Amma Azərbaycan prinsipial mövqeyi və beynəlxalq hüquqa söykənən mövqeyi Ermənistanı çətin vəziyyətə saldı”. M.Əsədullazadə əmindir ki, artıq Ermənistan Azərbaycanın şərtlərini qəbul edib: “Düşünürəm ki, ikitərəfli aparılan danışıqlar və Türkiyə ilə ABŞ arasında birgə vasitəçilik Nikol Paşinyanın geri addım atmasına gətirib çıxardı. Dörd kənd Azərbaycana qaytarılacaq. Paşinyan da məhz Tavuşda keçirdiyi görüşlərdə buna əsaslanır. Ermənistan dörd kəndi qaytararsa, sülh müqaviləsi payız aylarına kimi bağlana bilər, Qərb də buna çalışır”. Ekspertin sözlərinə görə, NATO Baş katibinin regiona səfəri əsasən dörd kənd qaytarılması və sülh üçün real imkanlara töhfə verəcək: “Ciddi danışıqlar gedir. Burada Fransa pozucu rol oynayır, Ermənistanı silahlandırır. Ermənistan kəndləri qaytarmasa, son anda geri çəkilsə, arxayın olub alınan silahlardan istifadə etsə, bu, Ermənistan üçün dağıdıcı nəticələrə səbəb olacaq. Ermənistan 30 il ərzində silahlandı, ancaq aqibəti acınacaqlı oldu. Hazırda da bu durumu yaşaya bilər. Nikol Paşinyan praqmatik mövqeyini davam etdirsə, eskalasiyadan çəkinsə, kəndləri qaytarsa, hərbi münaqişəyə ehtiyac qalmayacaq və tezliklə sülh olacaq. Ermənistanın bir neçə artilleriya batareyası və raket almaqla hərbi balansı öz xeyrinə dəyişməsi mümkün deyil. Azərbaycan güclənir və yeni silahlar alır. Canlı qüvvə baxımından da Ermənistanı üstələyir. Düşünürəm ki, dörd kənd qaytarılacaq və hərbi əməliyyata ehtiyac qalmayacaq”.

Beləliklə, kəndlərimizin azadlıq tarixini yazmağa çox yaxınıq. Dövlətimizə güvənirik!

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR