İnsanlara hürriyət, millətlərə istiqlal!

“O əjdahadan” Azərbaycanda hələ yoxdur

COVİD-19-un yeni ştammı sürətlə yayılmaqdadır; rəsmilər deyir ki... 

COVİD-19-un ABŞ-də qeydə alınan yeni ştammının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

İnfeksionist yeni ştamla bağlı bildirib ki, yeni “JN1" ştammı omikronun altnövüdür: "Sələfi olan “Pirola” ştammından yalnız yoluxuculuq sürətinə görə fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatı hələlik bu altnövü maraq kəsb edən variant kimi dəyərləndirir. Onun daha ağır xəstəlik halları törədəcəyi təsdiq olunmur. Əksinə, son zamanlar bəzi ölkələrdə yoluxma hallarının sayında artımların olmasına baxmayaraq, ölüm hallarında azalma müşahidə edilir. Virusun bu altnövünün Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur".

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində ortaya çıxdıqdan sonra bütün dünyaya yayılan və milyonlarla insanın ölümünə səbəb olan COVİD -19 pandemiyası insanları indi də “JN.1" variantı ilə təşvişə salıb.

Yeni variantla bağlı dünyanı xəbərdar edən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda “kəşf edilən” və əslində COVİD-19-un “yeni” virus variantı olan "JN.1"in sürətlə yayıldığını açıqlayıb.

 İndiyədək Fransa, ABŞ, Çin, Sinqapur, Kanada, İngiltərə və İsveçdə yoluxmaların sayının sürətlə artdığı, “JN.1" variantının bu ölkələrlə yanaşı 41 ölkədə aşkarlandığı qeyd edilib. Digər tərəfdən, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri rəsmi olaraq elan etdi ki, ABŞ-da mövcud halların 44 faizindən çoxu "JN.1" variantıdır.

Oxu.az - ABŞ-də COVID-19-un yeni ştammına yoluxma halları artır

 ÜST-nin məlumatında bildirilib ki, ABŞ-da COVİD-19-un "JN.1" variantına yoluxma son iki həftədə iki dəfə artıb, ölkədə virus infeksiyasına yoluxanların 44 faizində məhz bu ştamm aşkarlanıb, xəstəxanada müalicəyə götürülənlərin sayında 10,4 faizlik artım var. Əsas səbəb kimi də amerikalılarda vaksinasiya prosesində aktivliyin azalması göstərilir. Qeyd edilib ki, hazırkı COVİD-19 peyvəndləri "JN.1" və SARS-CoV-2-nin digər dövriyyədə olan variantlarından ciddi xəstəlik və ölümdən qorumağa davam edir.

 Açıqlamada infeksiyalara və ciddi xəstəliklərə qarşı tədbir görülməsinə çağırış edilib və ehtiyat tədbirləri arasında insanların sıx olduğu, qapalı və ya zəif havalandırılan yerlərdə maska taxmaq, mümkün qədər təhlükəsiz məsafə saxlamaq, əlləri mütəmadi olaraq yumaq, yeniliklərdən xəbərdar olmaq daxildir. Ağır xəstəlik riski yüksək olanlar üçün COVİD-19 və qripə qarşı peyvəndlər. Xəstəliyin simptomları olanlar üçün testlər də daxil edilib. "JN.1" əvvəllər BA.2.86 alt törəmə variantlardan biri kimi öyrənilib.

Virusun sürətlə yayılmasına gəldikdə, “Financial Times” (FT) yazır ki, yeni COVİD-19 “JN.1" variantının yayılması amerikalıların peyvənd olunmağa maraq göstərməmələridir. Qəzet ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (XNQAM) hesablamalarına istinadən qeyd edir ki, "omikron" ştammının alt variantı hazırda ölkədə koronavirus infeksiyası hallarının 44 faizdən çoxunun səbəbidir. Həmçinin məlumatda qeyd olunur ki, dekabrın 22-nə olan statistikaya görə, ABŞ-da böyüklərin təxminən 18 faizinə yenilənmiş COVİD-19 peyvəndi vurulub. 

“JN.1"də də tənəffüs yolları xəstəliklərinin simptomları, yüngül qızdırma, burun tutulması və boğaz ağrısı kimi əlamətlər müşahidə olunduğu açıqlanıb. ÜST-nin açıqlamalarına görə, bu günə qədər yoluxan şəxslərdə vaxtilə müşahidə edilən ciddi təngnəfəslik və çox ciddi tənəffüs çatışmazlığı hallarına rast gəlinməyib.

Doğrudur, koronavirusun bu yeni ştammı Azərbaycanda aşkarlanmayıb. Lakin ölkəmizdə də aşkarlanması qaçılmaz ola bilər. 

ÜST rəsmisindən QORXUNC PROQNOZ - Təfərrüatlar BƏLLİ OLDU

Mərdan Əliyev

Mövzu ilə bağlı tanınmış infeksionist Mərdan Əliyev “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi, yeni ştamm ABŞ-da, Çində, Hindistanda və Avropanın bəzi ölkələrində yayılıb və sürətli yoluxma qabiliyyətinə malikdir. Zatən bu ştamm ilk aşkarlanan dövrdə Bu ÜST onun yoluxdurucu qabiliyyətinin yüksək olduğunu və buna  görə də ehtiyatlı olmaqla bağlı bir xəbərdarlıq etmişdi. Sonrada da gördük ki, bu ştamm həqiqətən də bir neçə ölkədə sürətlə yayıldı. "JN.1" patogenliyi aşağı olan, simptomları qripə bənzəyən ştamdır. Yəni ən azından belə olduğu güman edilir. Çünki onun xüsusiyyətləri hələ öyrənilməyib. Beləliklə, patogenliyinin aşağı olması onu deməyə əsas verir ki, yoluxma zamanı xəstəlik yüngül keçəcək. Bu baxımdan hesab edirəm ki, bu virusla bağlı təşvişə ehtiyac yoxdur və əgər virus ölkəmizdə də aşkarlanarsa, xəstəxanaların yüklənməsinə səbəb olmayacaq".

İnfeksionist qış mövsümündə qrip və koronavirus xəstəliklərindən qorunmağın yolu haqda da danışıb: “Hələ ki, koronovirusun "JN.1" ştammı Azərbaycanda və yaxud bizə qonşu ölkələrdə, o cümlədən Türkiyədə, Rusiyada və digər ölkələrdə aşkarlanmayıb. Əgər virus ölkəmizə də gələrsə, bu yaz mövsümünə təsadüf edə bilər və həmin dövrdə də problem olacağını düşünmürəm. Çünki orqanizmimi bu virusu artıq tanıyır, ölkədə artıq kollektiv  immunitet formalaşıb. Ona görə də bir problem olmayacağını düşünürəm. Bununla belə, hər zaman virusdan qorunmaq üçün tədbirlər görməliyik. Məlum olduğu kimi, hazırda COVİD-19-la yanaşı qrip, qızılca xəstəliyi də var. COVİD-19 və qrip xəstəliyi ilə bağlı qorunmaq üsulları eynidir - maskalardan istifadə olunmalı, sosial məsafə saxlamalı, əl gigiyenasına əməl olunmasına diqqət edilməlidir. Xüsusən marşrut avtobuslarında, xəstəxanalarda olarkən maskalardan istifadə etmək lazımdır. Bu bizi xəstəliklərdən qoruyur. Risk qrupuna daxil olan şəxslər üçün bu tövsiyələr xüsusi olaraq vacibdir. Qeyd edim ki, risk qrupuna daxil olan şəxslər könüllü şəkildə həm koronavirus, həm də qripə qarşı peyvənd oluna bilərlər. Bildiyiniz kimi, ölkədə artıq qripə qarşı da peyvənd olunur. Qidalanma məsələsinə gəldikdə isə təbii qidalanma, meyvə-tərəvəz, bitki tərkibli qidalanmaya daha çox üstünlük verilməsi, mümkün qədər şirniyyatlardan, uzaq olmaq tövsiyə olunur. Həmçinin zərərli vərdişlərdən qaçmaq lazımdır. Sağlam həyat, sağlam qidalanma orqanizmdə immunitet yaradır ki, bu da bizi xəstəliklərdən qoruyur və yaxud xəstəliyə yoluxarıqsa, onu yüngül keçirməyimizə səbəb olur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR