İnsanlara hürriyət, millətlərə istiqlal!

O’Braynın Bakı səfərində ilginc detal - Zəngəzur dəhlizi...

ABŞ-ın niyə tələsdiyi bilindi; “Ağ Ev Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasında və bunun üçün də sülh sazişinin imzalanmasında maraqlıdır”

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın iyunun 28-də Azərbaycana səfəri baş tutub. Elə həmin gün dövlət başçısı İlham Əliyev Ceyms O’Braynı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Ceyms O’Brayn ABŞ Dövlət katibi Entoni Blinkenin bu yaxınlarda Prezident İlham Əliyev ilə telefon danışığını və bu əsnada aparılan müzakirələri məmnunluqla qeyd edib. O, ABŞ-ın regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayıb. Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd edib. Bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Entoni Blinkenlə telefon danışığını məmnunluqla xatırlayıb və bu telefon danışığı əsnasında əlaqələrimizin geniş spektrinin müzakirə olunduğunu bildirib. Azərbaycan ilə ABŞ arasında ölkəmizin müstəqilliyinin ilk günlərindən müxtəlif sahələrdə uğurlu əməkdaşlığın qurulduğu vurğulanıb.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq, COP çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin səmərəli və faydalı məsləhətləşmələrinin olduğu qeyd olunub. COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın öz dəstəyini bundan sonra da davam etdirəcəyi vurğulanıb.

Qeyd edək ki, Dövlət Departamenti səfər öncəsi rəsmi məlumat yaymışdı. 

“Biz regionda bir sıra həll olunmamış problemlərin həlli üçün diplomatik işimizi davam etdiririk. Artıq bir müddətdir ki, bunun üzərində işləyirik. Dövlət katibinin köməkçisi bölgəyə müntəzəm səfərlər edir”, - rəsmi açıqlamada bildirilirdi.

“ABŞ-ın məqsədi Orta Asiyadan malların ixracının Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçməsini təmin etməkdir”.

Bunu isə səfər öncəsi O’Braynın özü söyləmişdi. 

“Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri - potensial olaraq daha böyük marşrut isə Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”, - deyə o, qeyd etmişdi. 

Diplomat bildirmişdi ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və alternativ yol üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır. 

Yəni söhbət həm də Zəngəzur dəhlizinin açılması zəruriliyindən gedir. Təbii ki, Amerika Zəngəzur dəhlizinin İran variantında maraqlı deyil (Əslində Azərbaycan da İrandan çox asılı olmaq istəmir).

O’Brayn həmçinin bildirmişdi ki, Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevə sülhün vaxtının yetişdiyini deyəcək. Beləcə, Vaşinqtonun Bakı və İrəvan arasında sülh sənədinin imzalanmasında niyə tələsdiyinin mühüm səbəbi əslində bəlli olur.     

Onu da qeyd edək ki, iki həftə öncə O’Brayn İrəvana etdiyi səfər çərçivəsində “nə qədər ki, Rusiyanın başı Ukraynaya qarışıb, Azərbaycan və Ermənistan sülh sənədi imzalamağa tələsməlidir” söyləmişdi. Təəssüf ki, hər şey Bakıdan asılı deyil. Daha dəqiqi, Azərbaycandan asılı heç nə qalmayıb...

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın  qalibiyyətinin nəticəsidir - AZƏRTAC

 Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Azərbaycana səfəri yalnız ABŞ-Azərbaycan münasibətləri kontekstində şərh olunmamalıdır: “Heç şübhəsiz ki, ABŞ-ın Cənubi Qafqaz siyasətinə görə məsul şəxslərindən biri olan O’Brayn səfərində Bakı-Vaşinqton münasibətlərinin hazırkı mərhələsi gündəmdə idi, lakin indiki məqamda O’Brayenin Bakı səfərindən öncə  verdiyi açıqlamadan göründüyü kimi köklənmə daha çox geosiyasi məsələlərə, o cümlədən ABŞ-ın regionda maraqları daha sabit və daha effektiv formada təmininə yönəldiyi üçün heç şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi əsas diqqət mərkəzində olacaqdı. Bildiyiniz kimi, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasının geosiyasi əhəmiyyəti Azərbaycanın davamlı şəkildə gündəlikdə saxladığı məsələ olub, Azərbaycan Prezidenti də dəfələrlə öz çıxışlarında bəyan edib ki, regionda sülh və əməkdaşlıq mühiti bütövlükdə regionun və dünyanın geosiyasi konfiqurasiyasına təsirini göstərəcək. Lakin təəssüflər olsun ki, Qərb qütbünün Azərbaycanla Ermənistan arasında yekun sülhün əldə olunması prosesində mövqeyi birmənalı olmamış, bir çox hallarda ikili standartlara əsaslanmışdı. Xüsusən ABŞ-nin Senatı və Nümayəndələr Palatasında qəbul olunan ayrı-ayrı qətnamələr, o cümlədən verilən müxtəlif bəyanatlar fonunda, həmçinin ABŞ Dövlət Departamentinin O’Brayenin özünün timsalında ayrı-ayrı rəsmilərinin beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə zidd bəyanatları fonunda biz bu istiqamətdə ikili standartları kifayət qədər çox misallarda göstərə bilərik. Lakin O’Braynın Bakı səfəri öncəsi verdiyi bəyanatlar göstərir ki, ABŞ üçün Azərbaycanın bu regionda müəyyən etdiyi  gündəlik artıq qəbulediləndir, Vaşinqton da Azərbaycanın diqtə etdiyi gündəliyə müvafiq olaraq Azərbaycan və Ermənistan arasında sülh prosesinə yalnız iki ölkənin məsələsi yox, bütövlükdə regional təhlükəsizlik kontekstində, həmçinin dövlətlərin əməkdaşlığı  prinsipindən ümumbəşəri amil kimi yanaşmağa başlayıb. Bu proseslərin kökündə Azərbaycan Prezidentinin zamanında reallaşdırdığı  layihələr, həmçinin Vətən müharibəsi və antiterror tədbirləri ilə yaratdığı reallıq dayanır. Çoxsaylı maneələrə baxmayaraq Azərbaycanın qeyd edilən nəqliyyat, kommunikasiya layihələrini reallaşdırması ölkənin qətiyyətini göstərməklə bərabər, həm də proseslərin düzgün proqnozlaşdırıldığını bir daha sübut edir. Xüsusən Rusiya-Ukrayna münaqişəsi fonunda qütblər arası ziddiyyətin dərinləşdiyi zamanda biz Qərbin Azərbaycanın çoxsaylı maneələrə rəğmən reallaşdırdığı layihələrin önəmini daha dəqiq anladığına şahidlik etməkdəyik. Təsadüfi deyil ki, Ceyms O’Braynın Bakı səfəri öncəsi verdiyi bəyanatda da ifadə olunduğu kimi, Vaşinqton Mərkəzi Asiyanın resurslarınıt Azərbaycan marşrutu üzrə realizəsinə Rusiya və Çin vasitəsilə nəqlinin alternativi kimi baxır. Heç şübhəsiz ki, bu da Qafqazda sülh və sabitliyin Vaşinqton üçün önəmini artırır. İndiki məqamda Azərbaycan, əlbəttə, sülh arzulayır. Sülhün dayanıqlığı sülh prosesinin özü qədər önəmlidir. Lakin prosesin müsbət inkişaf tendensiyaları yekun sülh üçün unikal şans yaranması fonunda Fransa ilə Ermənistan arasında ”Caesar" özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalanması  Ermənistanın sülh prosesində səmimi olmadığı barədə düşünməyə ciddi əsas verir. Ermənistanın yenidən silahlandırılması, revanşizm naminə bu ölkəyə yeni texnologiyalar vəd edilməsi özlüyündə bölgədə heç nəyi dəyişə bilməz, əksinə Ermənistanı yenidən münaqişəyə təşviq etməklə bu ölkədə dövlət böhranının daha da dərinləşməsinə səbəb olacaq. Üstəlik, heç kim də unutmamalıdır ki, yeni dövr üzrə Azərbaycanın xarici siyasət kursunda Ermənistanla münasibətlər bizim üçün prioritet deyil. Möhtərəm Prezidentin andiçmə mərasimində dediyi kimi, “Azərbaycan artıq dünyanı narahat edən qlobal məsələlərlə məşğuldur”. Bu mənada İrəvan faydasız silahlanma, yaxud heç bir perspektivi olmayan uğursuz revanşizm niyyətlərindənsə sülhə fokuslanmalıdır. Lakin artıq uzunmüddətli səmərəsiz sülh proseslərinin uzanması dövrü deyil və biz Ermənistandan real addımlar gözləyirik. Biz çox yaxşı başa düşürük ki, konseptual əsası olmayan sülh Cənubi Qafqazda dayanıqlı ola bilməz. İndiki halda öz növbəsində ABŞ regionda sülh və əməkdaşlıq prosesinə həqiqətən töhfə vermək istəyirsə, ilk növbədə Ermənistanın dayanaqlı sülhə məcbur edilməsi prosesində öz nüfuzundan istifadə etməlidir. Əks halda Ceyms O’Braynın səfəri formal kommunikasiyalardan birinə çevriləcək və regionda nə Azərbaycan və Ermənistan arasında yekun sülhün imzalanmasına, nədə ABŞ özünün geosiyasi maraqlarına xidmət etməyəcək".

Rəşad Bayramov: “Hakimiyyət uğrunda mübarizədə məqbul hesab etdiyimiz tək  yol seçkidir”. » Ovqat.com

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Amerika rəsmisinə Bakıda müəyyən məsələlərin çatdırıldığını qeyd etdi: “ABŞ Dövlət Departamentinin yaydığı məlumat, eləcə də dövlət katibinin köməkçisi O’Braynın səfər öncəsi açıqlamaları onu deməyə əsas verir ki, Ağ Ev Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasında və bunun üçün də sülh sazişinin imzalanmasında maraqlıdır. Bu da təbiidir, çünki ABŞ-ın Cənubi Qafqaz siyasəti özündə ilk olaraq regiondan Rusiyanın sıxışıdırılıb çıxrılmasını ehtiva etsə də, digər prioritet də Rusiyadan boşalacaq yeri tutmaqla dəhlizlərə nəzarətdə pay sahibi olmaqdan ibarətdir.

Son dövrlərdə ABŞ-ın Orta Asiya ölkələri ilə aktiv şəkildə dialoqda olması və elə O’Brayenin də dediyi kimi Orta Asiya ölkələrinin təbii ehtiyatlarının dünya bazarına çıxarılmasında Rusiya və Çindən asılılığının aradan qaldırılması istiqamətində gördüyü fəaliyyət Zəngəzur dəhlizinin açılmasını vacib edir. ABŞ yaxşı başa düşür ki, Orta Asiya ölkələrinə də Rusiyanın təsir imkanlarını azaltmaq üçün onların ticarəti şaxələndirə bilməsinə və nəticə etibarilə iqtisadi müstəqilliyinə nail olmaq lazımdır.

Odur ki, Zəngəzur dəhlizinin açılması istiqamətində konkret və təxirəsalınmaz addımların atılması lazımdır. Bu isə həm də sülh sazişi üçün Azərbaycanın tələbləri sırasındadır. Məhz elə bu baxımdan da Ağ Ev Azərbaycan və Ermənistanın sülh sənədi imzalamağa tələsməli olduğuna dair ardıcıl bəyanatlar səsləndirir. ABŞ Fransadan fərqli olaraq yaxşı başa düşür ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişi olmadan, nəqliyyat xətləri blokadadan çıxarılmadan Ermənistanın Rusiyadan asılılığına son qoymaq mümkün olmayacaq. Belə olan halda isə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması problemə çevriləcək. 

Ona görə də indiki halda həm ABŞ Dövlət Departamentinin mövqeyinə, həm də O’Braynın açıqlamalarına daha çox Ermənistana verilən mesaj kimi baxmaq lazımdır. Çünki Azərbaycanın mövqeyi ortadadır. Azərbaycan haqlı olaraq bəyan edir ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının qalması, Zəngəzur dəhlizinin açılmaması sülh sazişinin imzalanmasına ən böyük maneədir. Yəni başqa sözlə desək “top Ermənistanın sahəsindədir”. 

ABŞ rəsmisinin Azərbaycanda keçirilən görüşlərində də bu mövqe bir daha onun nəzərinə çatdırıldı və nəticədə ABŞ Ermənistanı sadalanan problemlərlə bağlı konkret addımlar atmağa məcbur edə biləcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR