İnsanlara hürriyət, millətlərə istiqlal!

O avtoritet adamlar...

Nəydi onların sirləri? Ədalətli olmalarımı? Böyük-kiçik yanında sözlərinin dəyərini bilmələrimi? Haqqı demələrimi? Haram çörək yeməmələrmi?

Tanınmış YAP deputatının ötən həftə Milli Məclisdə İmişli rayon rəhbərliyinin məlum faciəvi qəzanın yaratdığı gərginlik zamanı xalqın qarşısına çıxmadığı haqda dediklərini gərək ki, başçının müavini təkzib etdi, hətta bir-iki video da paylaşdılar. Doğurdan da, həmin videolarda həm polis rəisinin, həm icra başçısının kütləni sakitləşdirməyə çalışdıqları görünürdü. Rəhbərlik bu gərginliyin hansı mərhələsində dövriyyəyə giriblər, bunu videodan aydınlaşdırmaq mümkün deyil. Əslində diqqət yetirmək istədiyim mövzu da bu məmurların davranışları, kütlənin reaksiyası deyil. Mövzu bir az başqa...

Hələ “Tik tok” üzərindən bu gərginlik videoları canlı yayımlananda şəxsən mənim qiymətləndirməm belə oldu ki, rayonlarda(kənd, qəsəbə) əvvəllər ağsaqqal adamlar, nüfuz sahibi olanlar vardı ki, bu cür hadisələrdə onlar araya girər, sakitlik yaradardılar. El ağsaqqalları, hətta qan davasını durduran adamlar haqda nə qədər olmuş hekayələr eşitmişik. İndi o adamlar ya yoxdurlar, ya da daha söz eşidən azdır. Pisi budur.

WhatsApp Image 2025-02-07 at 14.20.34 (1).jpeg (93 KB)

Bizim nəsil (70-80-ci illər) sovet hakimiyyətinin “dibini” gördü, amma həm də belə nüfuzlu adamlar haqda hekayələrlə böyüdük, qismət oldusa gördük, söz-söhbətlərini də eşitdik. Nəydi o adamların sirləri? Ədalətli olmalarımı? Böyük-kiçik yanında sözlərinin dəyərini bilmələrimi? Haqqı demələrimi? Haram çörək yeməmələrmi? Cavanlara doğru yol göstərmələrimi? Kim idi onlar- aralarında müəllimlər də vardı, hətta bir gün məktəbə belə getməyənləri də...

İndi qınamalı deyil, çox dəyərlər sıradan çıxıb, köhnəlib. Süni intellekt yaranıb, o sənə komanda, ağıl verir, yol göstərir. Ona görə “hanı o axan qanı durduran kişilər” sualı nostaljidən daha çox, köhnəlik qalığı kimi başa düşüləcək. Olsun. Hər yeni pis deyil, elə hər köhnə də...

Bu cür lokal nəzarətdən çıxan hadisələr son 30 ildə çox görmüşük. Xalq azadlıq hərəkatı meydanında elə adamların sözünü eşitdik ki, sonradan peşman da olduq. Elələrini isə fitə basdıq ki, onların da sözlərində hikmət vardı. Meydan psixologiyası belədir- iki-üç emosional adam fəallıq edir, kimlərsə qanunsuz hərəkətə təhrik olunur, kimlərsə özündən asılı olmayaraq axına qoşulur. Bu yerdə kütlənin emosiyalarını cilovlamaq çətindir, amma mümkündür. O halda ki, qarşıya çıxan şəxsin sözü eşidilsin. Belə adamlara sovet hökuməti avtoritet deyirdi. Bəlkə də qəsdən bu sözlə çağırırdılar ki, məsələn o adam(lar) milisdən, raykom katibindən çox hörmət qazanmasın. Söhbət qətiyyən kriminal əqidəli və ya həbsxana keçmişli adamlardan getmir, halbuki onlar da ən müxtəlif millətlərdə olan məsələn, 300 dustağın qiyamını yatırmaq gücündə olublar...

WhatsApp Image 2025-02-07 at 14.20.34 (2).jpeg (42 KB)

Bir dəfə Şuşada camaat bir yeniyetmənin intiharına görə milis idarəsinə basqına getmişdi, az qala qırğın olacaqdı. Amma ağıllı adamlardan kimsə gedib şəhərdə tanınmış bir din adamını maşınına mindirib gətiribmiş, camaat onu qarşısında görüb evinə dağılışdı.

Daha bir misal da deyirəm. Yaxın qohumum şimal rayonların birində prokuror işləyəndə həm də bir jurnalist kimi getdim görüm, bir rayonun prokuroru necə yaşayır, hörməti varmı, ondan qorxurlar, yoxsa sayırlar və sairə... Gördüklərim təəccübləndirdi. Birincisi, qonaq olduğum iki gündə hara getdiksə, orada imkan vermədi ki, restoran sahibi “şotu bağlasın”. İkincisi, xidməti maşınından çox piyada gəzdik, camaatın münasibətini gördüm. Üçüncüsü, gecə xidməti evində qapı-pəncərəsini bağlamadan yatdıq. Bu nədir? Demək, prokuror bu rayonda kiminsə qarşısında gözükölgəli deyildi, kiməsə qarşı insafsız və ədalətsiz olmamışdı, rayon camaatı ona güvənirdi. Bax, o da bir avtoritet idi, mənə ləzzət etdi, nümunə olaraq daima yadımda qaldı. Aydındır ki, məsələn, rəhbər şəxs işlədiyi yerdə hamıya yaxşı ola bilməz. İndi zəmanə də bir az dolaşıqdır, birinə 10 yaxşılıq elə, 11-cini etməyəndə olursan pis adam.

Ümumiyyətlə, deməyim odur ki, avtoritet adamlar hələ də varsa, onları qorumaq, onların qədrini bilmək lazımdır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR