İnsanlara hürriyət, millətlərə istiqlal!

Novruz həftəsi başlayır - Bayrama hansı qiymətlərlə giririk?

Folklorşünas: “Novruz bayramındakı anlayışlar elə İslam dinində də var...”

Bu gündən, yəni martın 19-dan etibarən Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9  günlük tətil başlayır. Xatırladaq ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bununla əlaqədar martın 20-si bazar gününə təsadüf etdiyi üçün 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) qeyri-iş günləridir. Növbəti iş günü martın 28-dir.

Novruz bayramının fəlsəfəsi, onun dinimizə nə dərəcədə aidiyyəti olması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli ilə söhbətləşdik.

Folklor İnstitutundan maraqlı açıqlama - Novruz

Mütəxəssis  öncə bu bayramın təbii əsaslarının olduğunu dedi: “Biz bilirik ki, hər il Yerin Günəş ətrafındakı bir illik fasiləsi martın 20-də başa çatır. Həmin vaxt Günəş cənub  yarım kürəsindən şimal yarımkürəsinə keçir. Bu il bu proses martın 20-də axşam saatlarında, 19:33 dəqiqədə il təhvil  olacaq. Bütün bunlar onu göstərir ki, Novruz bayramının təbii əsasları var və hər il dialektaya, təbiətə bağlıdır. Təbii ki, təbiəti, Yeri, dünyanı idarə edən qüvvə  var yəni, olanlar özbaşına deyil ki, bu başqa bir mövzudur. Yəni hər bir şey elə hesablanıb, nizamlanıb ki, hər bir şeydə məntiq , hikmət var və bu da yaradana bağlıdır. Şübhəsiz ki, burada bəzi məqamlar var ki, sonradan bunun dini dünyagörüşü ilə əlaqəsini təzahür etdirir. Məsələn, əgər mifologiyaya baxsaq insanların  düşüncəsində ibtidai ilkin təsəvvürlərdə qış fəsli təbiətin ölməsi kimi qəbul edilirdi. Çünki qış fəslində təbiətdə yaşıllıq məhv olur, hər şey boz, qara rəngdə görünür. İnsan da təbiəti canlı hesab edirdi. Necə ki, insan ölür, amma onun ruhu daim əcdadları ilə təmasdadır, bayramlarda əcdadların yada salınması bununla bağlıdır. Hətta atəşpərəstlikdə qədim turanlılar Novruz bayramını ”əcdad bayramı" kimi qeyd edirdi. Beləliklə təbiətin  ölüb-dirilməsinin şəninə törənlər keçirilərdi - qış və yay dövründə. Bilik ki, əvvəlki təsəvvürlərdə mövsüm iki fəslə bölünürdü - 6 ay qış dövrü və 6  ay yay dövrünə. Zərdüştlükdə də belə idi.

Qeyd edim ki, Zərdüştlükdə də Novruz bayramının sistemləşdirilməsi ilə bağlı müəyyən məqamlar var. Məsələn, odla bağlı. Əlbəttə ki, od Günəşin Yerdəki elementidir və Günəşi simvolizə edirdi. Məlum olduğu kimi, yaponların bayraqlarında Günəş rəsmi var və bu da onu göstərir ki, onlar da onlar da  Günəşə tapınıblar və onu müqəddəs sayılar. Lakin  yaponlardan fərqli olaraq biz Günəşi büt kimi qəbul etmədik. Məsələn, 21 martda Yaponiyada tonqal qalanır. Lakin onlar tonqalın üzərindən atlanmırlar, çünki odu müqəddəs sayırlar və bunu Budda bayramı kimi qeyd edirlər. Eləcə də koreyalılar da ota büt kimi baxır, onu ilahi səviyyəyə qaldırıblar. Lakin biz odun üzərindən atlanmaqla sübut edirik ki, bu ənənə Zərdüştlükdən də əvvəl bizdə olub və onun tarixi daha qədimdir.

Özünü təbiətin bir parçası hesab edən insan təbiətin ağır keçdiyi dövrdə ona qarşı müqavimət, təsir göstərmək üçün hansısa bir ayini icra edirdi və inanırdı ki, bütün bunlar ona məhsuldarlıq, bolluq gətirəcək. Bu baxımdan təbiətə qurbanlar verirdi. Yəni, ayinlər keçirəndə bitki və heyvan  qurban verirdi ki, təbiət də yenidən əvvəlki yaşayışı, bitki və heyvanı ona qaytarsın. Bütün bunlar artıq ibtidai insanda dini təsəvvürün yaranmasına gətirib çıxarırdı. Və yaxud səməni oturaq əkinçiliyə keçmək, məhsuldarlıq  simvoludur. Bu onu göstərir ki, əkinçiliyə Zərdüştlük dövründə qədəm qoymuşuq. Səmənin olması, onun göyərdilməsi çox gözəldir. Buğda Allah tərəfindən insana verilmiş elə bir alternativsiz bir nemətdir ki, insan daim onu qoruyur, müqəddəs sayır və tarlanın cücərməsinin simvolu kimi onu göyərdir. Yəni, səməni yetişirsə, artıq yaz, əkin dövrü başlayır. Hətta bilirik ki, Zərdüştlükdə səmənidən xüsusi “xaoma” adlı işkilər hazırlanardı. Bu xeyirli bir içki olub və hətta bir çox bəd xəstəliklərin qarşısını alırdı.

İslam dini dövrünün gəlişi ilə bir çox qadağalar oldu, yeni ideologiyalar yeridildi. Amma insanlar gördü ki, Novruz bayramındakı anlayışlar elə İslam dinində də var. Məsələn, bayramda insanlar bir-birilərinə, böyüklərinə, xəstələrə baş çəkir, bir-biriləri ilə bölüşürlər, yəni bir harmoniya yaranır. İslam da elə bunu təlqin edir ki, insan bir birinə qardaş, yoldaşdır, ona görə də bir birinə əl tutmalı, köpmək etməlidir".

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Dini ekspert Kənan Rövşənoğlu da qeyd etdi ki, İslam dinində Novruz bayramı və onun rituallarına daxil olan bayramlar yoxdur: “Adından bəlli olduğu kimi söhbət dindən gedirsə, ancaq dini bayramlar qəsd olunur, yəni dinlə əlaqədar olan. İslam dinində isə iki əsas bayram var: Qurban və Ramazan (Fitr) bayramı. Novruz bayramı daha çox mili bayramdır. Yəni əslində millidən də çox coğrafi bir regiona aid xalq bayramıdır. Asiya coğrafiyasında əsasən də 4 fəslin qabarıq seçildiyi bizim yaşadığımız coğrafiyada xalqların qədimdən qeyd etdiyi il dəyişikliyi ya da belə desək torpağın oyanışı ilə əlaqədar bayramdır. Asiyanın şərqindən Qara dənizə qədər müxtəlif xalqlar yazın gəlişini qeyd edirlər. Hətta müsəlman olmayan xalqlarda belə qədim bayramlar var. Yəni Novruzu dində axtarmağın bir anlamı yoxdur”.

Bəs bu il bayrama hansı qiymətlərlə giririk?

Hər il olduğu kimi bu ildə Novruz bayramı ərəfəsində paytaxt Bakıda bayram yarmarkaları təşkil edilib. Bu cür bayram yarmarkalarına istənilən metrostansiyaların çıxışında rast gəlmək mümkündür.

Qeyd edək ki, bayram yarmarkalarının açılmasında məqsəd bayram öncəsi əhalini daha keyfiyyətli və ucuz məhsullarla təmin etməkdir. Amma alıcılarla apardığımız söhbətdən belə məlum olur ki, yarmarkaların bəzilərində qiymətlər artıq artırılmağa başlayıb. Məsələn, Nərminə adlı alıcı deyir ki, əgər 4 gün əvvəl qozun ləpəsi 8-15 manat idisə, bayrama 2 gün qalmış qiymətlər 10-19 manata qalxıb. Həmçinin fındıq ləpəsinin də qiyməti kəllə-çarxa qalxaraq, 12-15 manata satılır. Və yaxud bir neçə gün öncə almanın qiyməti 1 manatdan başlayırdısa, indi qiymətlər 1,50 manatdan başlayaraq satılır.

Beləliklə, apardığımız araşdırmaya görə yarmarkalarda digər məhsulların qiyməti aşağıdakı kimidir:

Badam ləpəsi 15-23 manat, qabıqlı qoz 5-6 manat, qabıqlı fındıq 6-7 manat, şabalıd 8-10 manat, iydə və innabı 4-8 manat, kişmiş 8-12 manat, armud və mandarin 2,50-3 manat, portağal 2-2,50 manat, nar 2 manat. Tərəvəzlərdən soğan 50-70 qəpik, kartof 1-1,20 qəpik, pomidor və xiyar 3-4 manat, səməni 1 manatdan başlayaraq. Ət dükanlarında isə mal ətinin qiyməti 11,50 manat, quzu əti 15 manatdır.

20220318_142820.jpg (1.90 MB)

20220318_142825.jpg (2.38 MB)

20220318_142854.jpg (2.49 MB)

20220318_143146.jpg (2.70 MB)

20220318_143737.jpg (1.87 MB)

Xalidə GƏRAY,
Fotolar müəllifindir
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR