Onlayn ictimai-siyasi qəzet
Milli Məclis Prezidentə müraciət etdi
İyunun 21-də Milli Məclisin növbədənkənar sessiyasının iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Gözlənildiyi kimi, ilk olaraq Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi müzakirəyə çıxarıldı.
Milli Məclisin sədri Sahibə Qafarova hakim Yeni Azərbaycan Partiyasının üzvü olan deputatların növbədənkənar seçkilərin elan edilməsi ilə əlaqədar Prezident İlham Əliyevə müraciət göndərilməsi barədə təşəbbüsündən bəhs etdi. Giriş nitqində bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi müasir dövrün ən dinamik inkişaf edən və beynəlxalq aləmdə xüsusi çəkisi olan dövlətlərindən birinə çevirib: “Azərbaycan dövlətinin başçısına xas olan müstəsna liderlik qabiliyyəti və yenilməz siyasi iradə, eyni zamanda, ölkədə mövcud olan güclü milli həmrəylik cəmiyyət və dövlət həyatının bütün sahələrində böyük uğurlara yol açmışdır. Xüsusən, qeyd edilməlidir ki, Azərbaycan dünya miqyaslı müxtəlif tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Paytaxt Bakı nüfuzlu beynəlxalq təşkilatların toplantılarına və digər tədbirlərə uğurla ev sahibliyi edir. Və bu tədbirlərdən biri də bildiyiniz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-dur. Bu tədbir noyabr ayında Azərbaycanda keçiriləcək. Ölkələrin təmsilçiliyi baxımından bu mötəbər beynəlxalq tədbir üçün Azərbaycanın ev sahibi seçilməsi bizim dövlətimizə növbəti dəfə göstərilən böyük etimad və hörmətin ifadəsi olmuşdur”.
S.Qafarova bildirdi ki, bununla birlikdə, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası da noyabr ayında Azərbaycanda keçiriləcək: “Bu tədbirlər ilə əlaqədar bütün dünyanın diqqəti Bakıya yönələcək və şəhər on minlərcə xarici qonağı qəbul edəcək. Qlobal əhəmiyyətli bu toplantıların Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına imkan yaradacaq”. Spiker dedi ki, 2020-ci ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib: “Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrə uyğun olaraq ötən dövrdə parlamentin qanunyaratma və qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, qanunların icrasına nəzarət və təmsilçilik funksiyalarının müasir tələblər səviyyəsində qurulması yolunda lazımi addımlar atılmışdır. Milli Məclis möhtərəm cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və əsaslı islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinə görə, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti beş ildir. Eyni zamanda, Konstitusiyanın 981-ci maddəsinin II hissəsinə əsasən növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.
S.Qafarova qeyd etdi ki, bu baxımdan parlament seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması da dövlətin əsas vəzifələrindən biridir: “Bütün bunları nəzərə alaraq, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri mənə müraciət etmişlər. Onlar Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsinə baxılmasını xahiş ediblər”.
Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli bildirdi ki, bir sıra amillər növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir. Xüsusilə də COP-29-a qədər parlamentin tam formalaşmasının zəruriliyindən bəhs etdi: “Tədbirlərin ən yüksək səviyyədə keçirilməsinin özü də Azərbaycanın beynəlxalq səviyyədə qəbul etdiyi öhdəliklərdən biridir. Məhz bu amil də növbədənkənar seçkilərin vaxtından əvvəl keçirilməsini zəruri edir”. Ə.Hüseynlinin sözlərinə görə, heç şübhəsiz ki, növbədənkənar parlament seçkiləri bu ilin fevralında keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanın bütün legitim ərazilərində keçiriləcək ikinci seçki olacaq: “Parlament seçkilərinin şəffaf keçirilməsi, seçicilərin seçkilərdə iştirakının maneəsiz iştirakının təmin edilməsi dövlətin vəzifələrindən biridir. Noyabrda bunu təmin etmək çətin ola bilər. Bu baxımdan Hüquq siyasəti və dövlət quruculuğu komitəsi olaraq Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə Prezidentə müraciət edilməsini məqsədə müvafiq hesab edirik”.
Daha sonra müraciətin müzakirəsinə başlandı. Deputat Eldar İbrahimov hakim partiyanın təşəbbüsünü müdafiə etməklə yanaşı, Azərbaycanın son illər qazandığı uğurlar, parlamentin bu prosesdə aktiv iştirakı barədə fikirlərini bölüşdü.
İnsan hüquqları komitəsinin sədri Zahid Orucun sözlərinə görə, son bir əsrdə ilk dəfədir ki, 2024-cü ildə 78 ölkədə 84 milli seçkilər keçiriləcək. Onların bir çoxu hazırki xaosdan özünü qorumağa hesablanıb. Z.Oruc dedi ki, 6-cı çağırış Milli Məclisi üzərinə düşən dövləti və milli vəzifələri uğurla, ləyaqət və fədakarlıqla yerinə yetirdi: “8 noyabr Zəfərimizi əbədiləşdirən qərar layihələri, Vətən müharibəsinin qəhrəmanlarının yüksək orden və medallarla təltifinə dair prezident təşəbbüsləri, ”Böyük qayıdış"a dair hüquqi aktlar məhz hazırki parlamentin aktivinə yazıldı. Pandemiya ilə eyni vaxtda fəaliyyətə başlayan və hazırda dünyada ölkəmiz əleyhinə siyasi epidemiyaya çevrilən qüvvələrə qarşı da məhz hazırki qanunvericilik hakimiyyəti siyasi sipərə çevrildi. Ona görə də yeni legitim qanunverici orqanın formalaşması ilk növbədə, xalqımızın yüksək gözləntilərini doğruldacaq, dövlət rəhbərinin inaqurasiya mərasimində bu salonda “bizə qarşı hücumlar güclənəcəkdir”, çağırışına cavab olacaqdır. Biz elə etməliyik ki, dövlətimizin siyasi uğurları seçkilərdə layiqli təqdim olunsun, lakin müxtəlif mənafe qrupları, reputasiyası çirkli qüvvələr prezidentin yüksək adını və etimadını seçki platformasına çevirib məkrli niyyətləri üçün istismar etməsinlər. 92 faizlə birinciliyini dünyaya nümayiş etdirən liderin siyasi komanda üzvləri də nüfuzlu və xalq arasında qəbullanan olacağına inanırıq".
Deputat Soltan Məmmədov çıxışında bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 98.1. maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilərin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur. Parlament seçkiləri ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisəılərdən biridir: “Belə bir əhəmiyyətli məsələyə hazırlıq isə olduqca ciddi yanaşma, gərgin iş və zaman tələb edir. Bu baxımdan, iki böyük miqyaslı və mühüm prosesin eyni vaxta təsadüf etməsi həm dövlət orqanlarının səmərəli fəaliyyətinə, həm də cəmiyyətin normal həyatına müəyyən təsir göstərə bilər. Düşünürəm ki, bütün bunları nəzərə alaraq biz seçkilərin vaxtının dəyişdirilməsi barədə təşəbbüsü dəstəkləməliyik”. S.Məmmədov bildirdi ki, Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların növbədənkənar seçkilərin təyin edilməsi barədə təşəbbüsü mövcud reallıqları nəzərə alan, ölkəmizin qarşısında duran vəzifələrin miqyasını düzgün qiymətləndirən yanaşmanın ifadəsidir. Deputat bildirdi ki, COP29 sessiyası çərçivəsində Parlament Konfransının təşkili də nəzərdə tutulur: “Bu barədə Milli Məclislə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb. Parlament iclası COP29-un ən mühüm tədbirlərindən biridir və bu iclasa hazırlıq üçün Milli Məclisdə deputatlardan ibarət işçi qrupları yaradılmalıdır. Bundan başqa, Parlament konfransının yekun sənədinin hazırlanması da uzun və çətin bir prosesdir. Ona görə də Azərbaycan Milli Məclisinin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox mühüm əhəmiyyət kəsb edir”.
Mədəniyyət komitəsinin sədri Fazil Mustafa YAP-çı deputatların təşəbbüsünü dəstəklədi. “Parlamentdəki müxalifət partiyalarından birinin təmsilçisi kimi siyasi və hüquqi cəhətdən əsaslandırılmış təşəbbüs kimi qiymətləndirirəm və dəstəkləyirəm”, deyən F.Mustafa bildirdi ki, parlament seçkiləri ilə bağlı iki yol qalırdı: ya seçkiləri irəli çəkmək, ya da seçkilərin vaxtını uzatmaq. Komitə rəhbəri COP29-un Azərbaycan üçün mühüm tədbir olduğunu vurğuladı: “Milli Məclisə seçkilərlə bu tədbirin eyni vaxta düşməsi seçkilərin keçirilməsini imkansız edir. Konstitusiyanın 84-cü maddəsinə görə ancaq müharibə vəziyyətində seçkiləri uzada bilərdik. Bizdə də Allaha şükür, müharibə yoxdur, torpaqlarımızı azad etmişik. Seçkilərin vaxtını uzatmaq Konstitusiya pozuntusu olardı. Bunu kimlərsə spekulyasiya edəcəklərsə, hüquqi savadsızlıqlarını ortaya qoyacaqlar”.
Komitə sədri qeyd etdi ki, Milli Məclis bu tərkibdə fəaliyyəti dövründə bir çox kataklizmləri yaşadı. O xatırlatdı ki, COVİD 19 məhz bu çağırış fəaliyyətə başladığı zamanı yayıldı. 2020-ci ildə Tovuz hadisələri baş verən zaman da parlament öz üzərinə düşənləri yüksək səviyyədə yerinə yetirdi: “Milli Məclis rəhbərliyinin dəyanətli duruşu nəticəsində bu təxribatın qarşısı alındı”. Deputat qeyd etdi ki, 2020-ci ildə Azərbaycan Prezidentinin qətiyyəti ilə torpalarımızın azad olunmasına başlanmasının ilk günündən bu günə qədər parlament üzərinə düşən vəzifələri layiqincə icra edir: “Bütün bunlar o deməkdir ki, Milli Məclis siyasi cəhətdən öz funksiyasını yüksək səviyyədə yerinə yetirib”. Deputat fevralın 9-da Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevanın, ailə üzvlərinin Xankəndidə səs verdiklərini də xatırlatdı. Bildirdi ki, sevindirici haldır, seçicilər Milli Məclisin namizədlərinə də işğaldan azad olunmuş ərazilərdə səs verəcəklər.
Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradıldı. Spiker Sahibə Qafarova dedi ki, sədr müavini Adil Əliyevin sədrliyi, Siyavuş Novruzov, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev, Tahir Rzayev, Nigar Arpadarainin üzvlüyü ilə komissiya yaradılır.
Müzakirələrdən sonra Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün yaradılan komissiya hazırladığı qərar layihəsini təqdim etdi. Qərar layihəsinin mətnini deputat Tahir Rzayev təqdim etdi. Müraciətdə hakim partiyanı təmsil edən deputatların təşəbbüsünü zəruri edən amillərdən bəhs olunub.
Daha sonra Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edildi.
Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verdi.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ