İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç şirkəti Azərbaycanın enerji sektorundan tam çıxdı – Payını SOCAR aldı  

Bu gün SOCAR prezidenti Rövşən Nəcəfin “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

SOCAR-dan Musavat.com-a verilən məlumata görə, görüşdə SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı–Tiflis–Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.

Qeyd edək ki, iştirak paylarının alqı satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7.27 faiz, BTC boru kəmərində 8,71 faiz, “Qarabağ” yatağında isə 50 faiz iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25 faiz, BTC-də 25 faiz, “Qarabağ” yatağında isə 50 faiz təşkil edib.

İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.

Görüşdə, həmçinin “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Xatırladaq ki, bu ilin avqustunda Bloomberg Agentliyi məlumatlı mənbəyə istinadən Norveç şirkətinin Azərbaycandakı bütün aktivlərini satmaq niyyətində olduğuna dair material yaymışdı. Məlumatda qeyd edilmişdi ki, bu məqsədlə Equinor Jefferies Financial Group Inc. Şirkəti ilə alıcıların aktivlərə marağının qiymətləndirilməsi üzərində işləyir: “Mənbənin sözlərinə görə, aktivlərin dəyəri 1 milyard dollar ətrafında qiymətləndirilir”.

Bloomberg “Equinor”un layihədəki payına maraq göstərənlər arasında SOCAR, ABŞ-nin ExxonMobil və Yaponiyanın Inpex şirkətlərinin adını çəkmişdi.

Qeyd edək ki, Equinor (əvvəlki adı Statoyl) Azərbaycanda 1994-cü ildən işləyirdi. Ölkənin ən böyük enerji layihəsi olan AÇG-də 7,27 faizlik paya sahibdir. Bundan başqa, şirkətin yataqdan hasil olunan nefti Türkiyənin Ceyhan limanına daşıyan Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərində 8,71 faiz payı vardı.

“Equinor” Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz” layihəsində də paya sahib idi, həmçinin layihənin maliyyə operatorluğunu həyata keçirirdi. 2014-cü ildə “Statoil” neft-qaz şirkəti “Şahdəniz” layihəsindəki 15,5 faizlik iştirak payını Malayziyanın “Petronas” şirkətinə satıb. “Statoil”un rəsmi saytında açıqlanan məlumata görə, sazişin ümumi dəyəri 2,2 milyard ABŞ dolları təşkil edib. 2021-ci ildə isə Petronas “Şahdəniz”dəki payını bp, SOCAR və Rusiyanın “Lukoyl” şirkətinə satıb.

“AÇG” və BTC layihələrindən əlavə, “Equinor” Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağı, “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv strukturlarının işlənməsi layihələrində iştirak edib. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalamışdılar. Sazişə əsasən, şirkətlər bərabər paya malikdirlər. İlkin qiymətləndirmələrə görə, “Qarabağ”da 60 milyon tondan yuxarı neft ehtiyatı var. 2020-ci ildə SOCAR və “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. Yataqdan hasilatın başlanması üçün işlərə başlanılıb.

“Equinor”un Azərbaycandakı digər aktivi “Əşrəfi-Dan Ulduzu-Aypara”perspektiv strukturlarının işlənməsi layihəsindəki 50 faizlik payıdır. 31 may 2018-ci il tarixində SOCAR ilə “Equinor” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara”perspektiv strukturların işlənməsi haqqında müqavilə imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb. Saziş iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib. 13 milyard kubmetr qaz və 17 milyon ton kondensat ehtiyatı ilə “Əşrəfi” yatağı 1999-cu ildə kəşf olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR