İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç Neft Fondu bərpa olunan enerji mənbələri sahəsinə investisiyalarından 18 faizə yaxın zərər görüb

Dünyanın ən böyük suveren sərvət fondu olan Norveçin Dövlət Pensiya Fondu (digər adı ilə Neft Fondu) ilin birinci yarısında 1,478 milyard kron (138 milyon dollar) mənfəət əldə edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Fondun hesabatında əksini tapıb.

Fondun hesabatında qeyd olunur ki, 6 ayda investisiya gəlirləri 8,6 faiz təşkil edib. Buna milli valyutanın məzənnəsinin zəifləməsi, səhmlərin, o cümlədən texnologiya və maliyyə şirkətlərinin səhmlərinin bahalaşması şərait yaradıb.

Səhmlərə investisiyadan əldə edilən gəlir 12,5 faiz, daşınmaz əmlaka 1,5 faiz təşkil edib. Bununla yanaşı, fond sabit gəlirli alətlərə investisiyalar üzrə 0,6 faiz, bərpa olunan enerji mənbələri (RES) sahəsində aktivlər üzrə isə 17,7 faiz itirib.

İyunun 30-na fondun aktivlərinin həcmi 17,745 trilyon kron olub ki, bu da 2023-cü ilin sonundakı göstəricidən 1,98 milyard kron çoxdur. İlin birinci yarısında investisiya portfelinin 72 faizini səhmlərə, 26,1 faizini istiqrazlara, 1,7 faizini daşınmaz əmlaka, 0,1 faizini bərpa olunan enerji mənbələrinə yönəldib.

Norveç Dövlət Pensiya Fondu 1990-cı ildə yaradılıb. Fondun idarə edilməsinə cavabdeh olan Norges Bank Investment Management, Norveç mərkəzi bankının bölməsidir.

Hazırda fond dünyanın bütün səhmlərinin təxminən 1,5 faizinə, 66 ölkədən təxminən 8,76 min şirkətin səhmlərinə sahibdir. Səhm portfelinin ən böyük payını Microsoft, Apple, Nvidia, Alphabet (Google holdinqi) və Amazon.com şirkətlərinin səhmləri tutur. Dövlət qiymətli kağızları portfelində ən mühüm payı ABŞ istiqrazları (1,5 trilyon krondan çox), eləcə də daha az dərəcədə Yaponiya, Almaniya və Böyük Britaniya tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR