İnsanlara hürriyət, millətlərə istiqlal!

Nonses: Xəzərin o tayından balıq alacağıq

Azərbaycanda balıqçılığın problemləri nə zaman həll olunacaq?

Balıq delikateslərinin, o cümlədən qara kürü və nərə balığının istehsalı və satışı ilə məşğul olan Həştərxan şirkətləri ilk dəfə olaraq öz məhsullarını Azərbaycana tədarük etməyə başlayıblar. Bu barədə “Kasprıba” Balıqçılıq və Balıq Emalı Müəssisələri İttifaqının rəhbəri Andrey Markin TASS-a bildirib. O qeyd edib ki, balıq və balıq delikatesləri Həştərxan vilayətinin brendi olaraq qalır, xaricdəki tərəfdaşlar arasında böyük tələbat var:  “Biz ilk dəfə olaraq Azərbaycana balıq məhsullarının, əsasən çiy balıqların tədarükünə başlamışıq ki, bu da orada fəal şəkildə emal olunur. Həştərxan balığından yerli milli xörəklərin hazırlanmasında istifadə olunur”.

Bu informasiya Azərbaycanda olan acı reallığın ifadəsidir: dəniz sahilində yerləşən ölkə elə həmin dənizin sahilindəki digər ölkədən balıq və balıq məhsulları alır. Ölkədə balıqçılıq bir sahə kimi ağır tənəzzül dövrünü yaşayır. Bunun bir əsas səbəbi kimi Xəzər dənizində balıq ehtiyatlarının azalması göstərilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov bildirir ki, onlar hər il Xəzər dənizinin Azərbaycan sektorunda tədqiqatlar apararaq, dəniz canlılarının, o cümlədən balıq ehtiyatlarının vəziyyətini qiymətləndirirlər: “Son 15 ilə yaxın dövrdə iqlim dəyişikliklərinin təsiri ilə balıq ehtiyatlarında kəskin azalma var. Azalmanı təxminən 10 dəfəyə yaxın qiymətləndirmək olar. Xəzər dənizində iki cür balıqlar var: keçidli balıqlar, dəniz balıqları. Azalma daha çox keçidli balıqlardadır. Belə balıqlar - nərə, farel və sair Azərbaycanda 50-60 km Kür çayına keçib, orada kürü qoyurdular. Son illərdə Kür çayında su o qədər azalıb ki, hətta dəniz çaya qarışır. Biz hətta məcbur olub bəndlər tikmişik ki, dəniz suyu çaya axmasın. Nəticədə keçidli balıqların sayı dəfələrlə azalıb. Balıq su tapmır ki, gedib kürü qoysun.

Kürdə suyun azalması Mingəçevir su anbarından sonrakı ərazilərdə sudan ifrat dərəcədə israfla istifadə olunmasının nəticəsidir. Anbardan saniyədə 100 kubmetr su buraxılırsa, Salyan-Neftçalaya bunun 5 kumbetri ancaq çatır. Kürboyu ərazilərdə yaradılan böyük aqrar təsərrüfatlar sudan son dərəcə səmərəsiz istifadə edirlər. Əlbəttə, aqrar sektorun inkişafı prioritetdir, lakin sudan səmərəli, qənaətlə istifadə olunmaqla. Çünki bildiyiniz kimi, Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ərazilərə daxildir. Su ehtiyatlarımız məhduddur, getdikcə azalır. Bu şəraitdə sudan qənaətlə, səmərəli istifadə olunması son dərəcə vacibdir.

Kifal, siyənəklər, kilkə və sair dəniz balıqlarıdır. Onlarda azalma keçidli balıqlardakı qədər deyil. Xüsusilə kilkənin azalması digər bütün balıqlar üçün göstərci hesab olunur. Çünki kilkə digər bütün balıqlar üçün əsas qida mənbəyidir. Müsbət hal odur ki, son 3 ildə kilkənin sayı artmağa başlayıb. Bu isə yaxın 2-3 ildə onunla qidalanan digər balıqlarda da artımın olacağı deməkdir. Biz hətta kilkənin ov kvotasını artırmışıq - 2 min tondan 5 min tona qədər. Lakin son vaxtlar illik ovlanma həcmi kvotadan aşağı olur.

Bu, bütün Xəzəryanı ölkələrdə müşahidə olunan prosesdir. Məsələn, Rusiyada Volqa hövzəsində balıq ehtiyatları 34 faiz azalıb. 

M.Axundovun fikrincə, Azərbaycanda balıqçılıq sahəsində tənzimləmə ilə məşğul olan xüsusi qurum yaradılmasına ehtiyac var: “Bizdə balıqçılığın beynəlxalq normalara uğun olan idarəetmə sistemi qurulmalıdır. Xüsusi dövlət qurumu yaradılmalıdır. Daha məqsədəuyğun olardı ki, bu qurum Kənd Təsərrüfatı Nazirliyinin tərkibində yaradılsın, çünki balıqçılıq aqrar sektorun bir sahəsidir, onunla sıx bağlıdır”.

Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası İctimai Birliyinin sədri Zaur Salmanlının sözlərinə görə, balıqçılıq sahəsində pərakəndəlik hökm sürür: “Bu sahəni tənzimləyən konkret qurum yoxdur. Hərə necə bacarır, elə işləyir. Problemlərin kökündə dayanan əsas məsələ budur ki, bütün dünyadan fərqli olaraq Azərbaycanda balıqçılıq kənd təsərrüfatı sahəsi kimi təsnif olunmur. Bu gün yaxın qonşularımız olan Gürcüstan, Rusiya, hətta Ermənistanda da balıqçılıq kənd təsərrüfatı sahəsi kimi təsnif olunmaqla, dövlət tərəfindən subsidiyalaşdırılır. Azərbaycanda fındıq, nar, pambıq, inək, qoyun, arı yetişdirən aqrar sahənin təmsilçisi hesab olunur, onlara subsidiya verilir. Amma balıq yetişdirən belə güzəştlərdən, imtiyazlardan tam məhrumdur. Dövlətin dəstəyi olmadan yetişdirilən balığın maya dəyəri yüksək olduğuna görə ucuz idxal məhsulları ilə rəqabət apara bilmir. Məhsulu gəlir gətirməyən hansı sahənin inkişafı mümkündür? Əlbəttə, heç bir sahənin”.

 

Ekspert bildirir ki, Azərbaycanda balıqçılıq üçün dövlət dəstəyi mexanizmini Türkiyə təcrübəsi əsasında yaratmaq olar: “Burada hansısa Amerika kəşf etməyə ehtiyac yoxdur. Qardaş Türkiyədə təkmil mexanizmlər var, onları dərindən öyrənməklə Azərbaycanda da tətbiq etmək olar. Elə kənd təsərrüfatı sahəsi kimi təsnif edilib, vergilərdən azad olunsa, istehsal edilən balığa görə subsidiya müəyyən edilsə, yetər. Necə ki, arı ailəsinə görə, yaxud təhvil verilən pambığın, baramanın hər kiloqramına görə subsidiya verilir, balıqçılıqla məşğul olanlara da eyni qaydada dəstək vermək lazımdır”.

Z.Salmanlının sözlərinə görə, dövlət subsidiyalaşması balıqçılıq sahəsində şəffaflığın yaranmasına gətirib çıxaracaq: “Bu gün hətta mən - 20 ildir bu sahədə çalışan adam belə Azərbaycanda nə qədər balıq ovlandığını, istehsal olunduğunu deyə bilmərəm. Çünki sahə tam kölgədədir. Subsidiyalaşma olarsa, bütün təsərrüfatlar qeydiyyata düşəcəklər, məhsul subsidiyası olsa, heç kim məhsulunu qara bazarda qeydiyyatsız satmaqda maraqlı olmayacaq”. 

Ekspert Azərbaycanda balıqçılıqla bağlı qanunvericilikdə də ciddi boşluqların olduğunu deyir: “Bu gün qəfəs balıqçılığı ilə məşğul olmaq istəyən sahibkarlar üçün Azərbaycan qanunvericiliyində müddəa yoxdur. Su səthini icarəyə götürmək qanuni yolla mümkün deyil. Doğrudur, bu işi görənlərə bir söz demirlər. Lakin məsələ hüquqi yolla tənzimlənməli, qanunvericilik vəziyyətə uyğunlaşdırılmalıdır. Azərbaycanda istənilən sahəninin inkişafı üçün təməl baza sənədi lazımdır. Bizdə isə balıqçılığın inkişaf strategiyası yoxdur. Eyni zamanda balıqçılıq ayrıca bir sahə kimi aidiyyəti qurum tərəfindən idarə olunmalıdır. Belə bir qurum yaradılmalı, proses vahid mərkəzdən idarə olunmalıdır”.

Azərbaycanın rəsmi ərzaq balansında qeyd edilir ki, balıq və balıq məhsulları ilə özünütəminat səviyyəmiz 2018-ci ildəki 83,1 faizdən 2022-ci ildə 76,7 faizə düşüb. 2022-ci ildə Azərbaycanda 82 121 ton balıq və balıq məhsulları ehtiyatları olub. Bunun 59 903 tonunu yerli istehsal, 18 889 tonunu idxal, qalanını əvvəlki ildən qalıq təşkil edib. Ümumi həcmin 76 471 tonunu əhali istehlak edib, 1402 tonu qeyri-qida məhsullarının istehsalına sərf olunub, 716 tonu ixrac edilib, 169 ton itkiyə gedib, 3 363 tonu isə 2023-cü ilə qalıq olaraq keçib.

Rəsmi statistikaya inansaq, 2022-ci ildə  Azərbaycanda adambaşına balıq və balıq məhsulları istehlakı 7,6 kq təşkil edib. Bu, Nazirlər Kabineti tərəfindən 2014-cü ildə təsdiqlənmiş ölkə üzrə minimum istehlak səbətinin tərkibinə daxil edilən adambaşına 7,7 kq-dan da aşağı göstəricidir. Bu, dünya üzrə adambaşına orta illik istehlak göstəricisindən - 20,2 kiloqramdan 2,5 dəfə, Ümumdünya Səhiyyə Təşkilatının sağlam insan üçün müəyyənləşdirdiyi illik 28 kq-dan isə 3,5 dəfədən çox aşağıdır. 

Rəsmi statistika onu da deyir ki, Azərbaycanda ovlanan balığın həcmi 2001-ci ildən 2019-cu ilədək artaraq həmin il 63 min 84 tona çatıb. Ondan sonra azalma başlayıb və 2022-ci ildə 59 min 903 tona düşüb. Bu rəqəmlərin real vəziyyəti əks etdirib-etdirmədiyi ciddi sual altındadır, çünki rəsmi statistikada ovlanan balığın, məsələn, 2022-ci ildə 57 min 647 tonunun fiziki şəxslər tərəfindən ovlandığı qeyd olunur. Bu göstəricinin isə ev təsərrüfatlarının tədqiqatı nəticəsində əldə olunduğu bildirilir. 

Ölkədə göl və nohur balıqçılığı ilə məşğul olan hüquqi və fiziki şəxslərin sayı 2020-ci ildəki 139-dan 2022-ci ildə 108-ə düşüb. Amma balıq yetişdirilən göl və nöhurların sahəsi 1024 hektardan 1393 hektara qədər artıb.

Balıqartırma müəssisələrinin sayı 2018-ci ildən bəri 12-dən 7-yə düşüb. Balıqların artırılması və mühafizəsinə dövlət tərəfindən çəkilən xərc isə çox cüzi bir məbləği ifadə edir və onda da kəskin azalma var. Belə ki, bu xərclərin məbləği son 5 ildə 2,9 milyon manatdan 1 milyon 40 min manata qədər azalıb. 

Beləliklə, Azərbaycan əhalisi Xəzər dənizinin sahilində yaşasa da, balıq təamlarından doyunca dadmaq imkanından məhrumdur. Son 2 ildə balığın qiymətində 3 dəfəyə yaxın bahalaşma baş verib və artıq orta statistik azərbaycanlı ailəsinin belə ayda 1 dəfə də olsa təzə balıqla qidalanması müşkülə çevrilib...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR